Əfqanıstanın Taliban liderləri çərşənbə axşamı növbəti qərara qədər qadın tələbələrin ölkədəki dövlət və özəl universitetlərə girişinin dərhal qadağan edilməsini əmr edib.
Ali Təhsil Nazirliyinin sözçüsü Hafiz Ziya Haşami deyib ki, qərar Taliban kabinetinin verdiyi qərara uyğun, rəsmi olaraq bütün universitetlərə çatdırılıb.
Bu addım 16 ay əvvəl hakimiyyəti ələ keçirdikdən sonra Talibanın əfqan qadınlarının ictimai həyata və təhsil imkanları qarşısında qoyduğu bir sıra məhdudiyyətlərdən sonuncusudur.
"Milyonlarla qızın orta məktəblərə və indi isə universitetlərə getmələrinə qadağa qoyulması həqiqətən kədərlidir və ürək ağrıdır" - deyə, Əfqanıstan üzrə təhlilçi Möhsin Amin Twitter hesabında yazıb.
Birləşmiş Ştatlar bu qərarı qəti şəkildə pisləyərək, bunu "tamamilə müdafiə olunmayan mövqe" adlandırıb.
"Taliban bütün əfqanların hüquqlarına, xüsusən də qadın və qızların insan haqlarına, fundamental azadlıqlarına hörmət etməyənə qədər beynəlxalq ictimaiyyətin legitim üzvü olacağını gözləyə bilməz. Biz bu məsələ ilə bağlı yekdilliklə çıxış etmək üçün Şura ilə işləməyə davam edəcəyik," ABŞ-ın BMT-dəki səfirinin müavini Robert Vud deyib.
Human Rights Watch insan hüquqlarını müdafiə təşkilatı da qadağanı dərhal pisləyib.
"Bu, Əfqanıstanda qadın və qızların təhsil hüququnu pozan biabırçı qərardır" - deyə, Human Rights Watch Twitter hesabında yazıb.
"Taliban əfqanların, xüsusilə də qadınların fundamental hüquqlarına hörmət etmədiyini hər gün açıq şəkildə bəyan edir" - deyə, Human Rights Watch təəssüflə bildirib.
Beynəlxalq ictimaiyyət Taliban rəhbərliyini əfqan qadınlarına qarşı rəftarına və ümumilikdə insan haqlarını pozduğuna görə rəsmi olaraq tanımayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?