Zəlzələ nəticəsində həlak olan 4 Azərbaycan vətəndaşından üçünün nəşinin Bakıya göndərilməsi ilə bağlı "müvafiq tədbirlər görülür", Azərbaycanın Xarici İşlər Nazirliyi cümə axşamı yaydığı bəyanatında bildirib.
Nazirliyin verdiyi məlumata görə, zəlzələ nəticəsində həyatını itirən Azərbaycan vətəndaşlarından biri ailəsi tərəfindən Türkiyədə dəfn ediləcək.
Qurumun açıqlamasında bildirilib ki, fevralın 8-də "190 Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları" da avtobuslarla Azərbaycana yola salınıb.
"Zəlzələ baş verən gündən etibarən indiyə qədər ümumilikdə 9 avtobusla 395 nəfər Azərbaycana yola salınıb. Bunlardan 183 nəfər artıq Azərbaycan ərazisindədir", - XİN-in bəyanatında bildirilir.
Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Aygün Qocayeva çərşənbə axşamı BBC Azərbaycancaya bildirib ki, sosial mediada fotoları yayılan 4 azərbaycanlı tələbə ilə bağlı səfirlikdə heç bir məlumat yoxdur.
“Xəstəxana da daxil heç bir siyahıda onların adı yoxdur”, -deyə qurumun birinci katibi deyib.
Həmin tələbələrdən biri, Hümam İsmayıllının atası Fəxri İsmayıllı BBC News Azərbaycancaya bildirmişdi ki, oğlunun dağıntılar altından çıxarıldığı xəbərini alsa da, onunla heç cür əlaqə yarada bilməyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?