Cümə axşamı günü Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında deyib ki, Azərbaycan hakimiyyəti ilə "Dağlıq Qarabağ" arasında 2022-ci ilin avqustunda əldə edilmiş razılaşma nəticəsində yeni yolun istifadəyə verilməsi ilə Laçın dəhlizinin marşrutu dəyişdirilib.
“Lakin Laçın dəhlizini Ermənistanla birləşdirən yol tam hazır olmadığına görə, müvəqqəti marşrut açılmışdı, hansı ki Kornidzor körpüsü (Syunik vilayəti) üzərindən Ermənistan ərazisinə daxil olurdu, oradan yenidən Azərbaycan ərazisinə, sonra isə yenə də Ermənistan ərazisinə”, - Paşinyan deyib.
Paşinyanın sözlərinə görə, razılaşmaya əsasən, bu marşrut 2023-cü il aprelin 1-nə kimi işləməliydi.
“Dünən biz Azərbaycan tərəfinə bildirmişik ki, razılaşmaya əsasən, Kornidzor körpüsündən sonrakı yol yalnız Ermənistan ərazisindən davam edəcək və bu sahədə dövlət sərhədini Ermənistanın sərhəd qoşunları qoruyacaq”, - Paşinyan bildirib.
Onun sözlərinə görə, sərhəd qoşunları Ermənistanın dövlət sərhədində, indiyədək Müdafiə Nazirliyi bölmələrinin yerləşdirildiyi mövqelərdə yerləşdiriləcək.
Paşinyan deyib ki, bunu bəzi Azərbaycan mediası “növbəti blokbaster kimi təqdim edib”.
“Bu yanaşma ən azı qeyri-konstruktivdir. Bir də deyirəm, bütün bunların nəticəsində Ermənistanın mövqelərində hər hansı dəyişiklik baş verməyib, bir ondan başqa ki, biz mübahisəli hissəni sərhəd qoşunları vasitəsilə qorumaq niyyətindəyik, yəni Müdafiə Nazirliyinin bölmələri oradan çıxarılacaq, onların yerinə dövlət sərhədi boyunca sərhəd qoşunlarının bölmələri yerləşdiriləcək. Biz Azərbaycana da öz tərəfində bunu etməyi təklif etmişik və bu prosesin təxribatsız keçəcəyinə ümid edirik”, - Nikol Paşinyan bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə deyib ki, Azərbaycan ordusunun dövlət sərhədində yüksəkliklər və yolları nəzarətə götürülməsi barədə məlumatların “Ermənistan tərəfindən gərginliklə qarşılanması və Baş nazirin bu məlumatı çıxışı zamanı şərh etməsi anlaşılan deyil”.
Bundan öncə isə martın 25-də Azərbaycan Qarabağda yüksəkliklər ələ keçirdiyi barədə məlumat yayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?