Nyu-York məhkəməsində andlılar heyəti ABŞ-ın keçmiş prezidenti Donald Trampın porno aktrisa Stormi Danielsə 130 min dollar ödənilməsində iştirakı ilə bağlı ittiham aktı çıxarıb. Andlıların yekun rəyinə əsasən, o, 30 bənd üzrə biznes sahəsində dələduzluqda ittiham olunur.
GUNDEMXEBER.AZ xəbər verir ki, bu barədə CNN və "The New York Times" (NYT) mənbələrə istinadən məlumat yayıb.
Bu, ABŞ tarixində ilk dəfədir ki, bir ölkənin vəzifədə olan və ya keçmiş prezidenti cinayət məsuliyyətinə cəlb olunacaq.
NYT-nin məlumatına görə, yaxın günlərdə ittiham aktı rəsmən açıqlanmalıdır. O vaxta qədər prokurorların Trampdan təslim olmasını və mühakimə edilməsini xahiş edəcəyi gözlənilir.
İstintaqın versiyasına görə, Stormi Daniels siyasətçilə iddia edilən əlaqəsilə bağlı "susmaq" üçün pul alıb. Manhetten prokuroru Elvin Breqq ödənişlərin 2016-cı il prezident seçkiləri kampaniyasından əldə edilən vəsaitlə edildiyindən şübhələnir. Aparılan cinayət işinə baxmayaraq, rəy sorğularına görə, ABŞ-ın keçmiş prezidentinin respublikaçılar arasında populyarlığı artmaqda davam edir. Xüsusilə, Nümayəndələr Palatasının spikeri Kevin Makkarti iddia edir ki, eks-prezident ödənişlər üçün şəxsi puldan istifadə edib, ona görə də iş "hüquqi cəhətdən heç nədir”.
Tramp ona qarşı ittihamları siyasi təqiB adlandırıb.
"Bu, tarixin ən yüksək səviyyədə siyasi təqib və seçki müdaxiləsidir. İnanıram ki, bu cadugər ovu Co Baydenə ağır zərbə vuracaq”, deyə Tramp bildirib. O qeyd edib ki, özünü "tamamilə günahsız” hesab edir.
Onun vəkili Alina Xabba əmindir ki, keçmiş prezident "Amerika ədliyyə sisteminin korrupsioner və təhrif edilmiş versiyasının qurbanı olub”. AP xəbər verir ki, o, Trampın bəraət alacağını gözləyir.
Siyasətçinin digər vəkili Co Takopina CNN-ə bildirib ki, Donald Tramp gələn həftənin əvvəlində məhkəmə qarşısına çıxarıa bilər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?