Ukrayna prezidenti Volodimir Zelenski Qərb jurnalistləri ilə söhbətində bildirib ki, insanlar müharibə hadisələrini kino kimi qəbul edirlər, baxmayaraq ki, söhbət həyatlardan gedir və bu, o qədər də tez bitməyəcək.
Gundemxeber.az xəbər verir ki, bu barədə bazar ertəsi, noyabrın 20-də Ukrayna Prezident Ofisi məlumat yayıb.
Zelenski Kiyevdə "Fox Corporation”in baş direktoru Laklan Merdok, "Fox News”un jurnalisti Benjamin Holl və "The Sun”un jurnalisti Jerom Starki ilə görüşüb
O, Rusiyanın başladığı müharibədə ukraynalıların mübarizəsini işıqlandırdıqları üçün bütün jurnalistlərə təşəkkür edib, dünyanın diqqətinin hadisələrə yönəldilməsinin vacibliyini vurğulayıb.
"İnsanlar nədənsə buna kino kimi yanaşır və hadisələrdə uzun fasilələrin olmayacağını, gözlərinin qarşısındakı mənzərənin daim dəyişəcəyini, hər gün sürprizlərin olacağını gözləyirlər. Amma bizim üçün, döyüşçülərimiz üçün bu kino deyil. Bunlar bizim həyatımızdır. Hər gün ağır işdir. Və hər şey istədiyimiz kimi tez bitməyəcək, amma bizim təslim olmağa haqqımız yoxdur və bunu etməyəcəyik”, deyə Ukrayna lideri döyüş meydanındakı vəziyyətdən danışıb.
Zelenski müharibədə həlak olan media işçilərini, xüsusən də 2022-ci ildə Kiyev vilayətində atəşə tutulan "FoxNews"un operatoru Pyer Zakrjevski və ukraynalı fiksator Aleksandra Kuvşinovanı da xatırlayıb. O, daha sonra yaralanmış jurnalist Benjamin Hollu "dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsində və Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünün dəstəklənməsində müstəsna şəxsi töhfəsinə görə” III dərəcəli "Xidmətə görə” ordeni ilə təltif edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?