"Türkiyənin təklif etdiyi sülh platforması ilə Volodimir Zelenskinin sülh platforması arasında böyük fərqlər və ziddiyyətlər mövcuddur".
Gundemxeber.az bildirir ki, bunu politoloq Natiq Miri Ukrayna prezidenti Volodimir Zelenskinin Türkiyə səfərinin nəticələrini şərh edərkən deyib.
"Zelenski-Ərdoğan görüşündə əsas iki prioritet istiqamət var idi. Birincisi, Türkiyənin təklif etdiyi sülh sammitidir. Bu da 2022-ci ildə başladılan sülh prosesinin davamı kimi dəyərləndirilməlidir. O zaman Kiyevlə Moskva Ankaranın vasitəçiliyilə atəşkəsin əldə olunması və sülhə yaxın idilər. Ancaq ABŞ-la Böyük Britaniyanın Kiyevə təsiri ilə bu, baş tutmadı. Bu dəfə Türkiyə təkcə Ukrayna və Rusiya deyil, prosesdə iştirak edən digər qlobal güclərin iştirakı ilə də sülh sammiti təşkil etmək istəyir. Ancaq Zelenski hələlik Rusiyanın prosesdə iştirakını qəbul etmir və sülh sammitinin İsveçrədə keçiriləcəyini bildirib. Moskvanın iştirak etmədiyi istənilən sülh forumunda qəbul olunacaq qərarların sülh prosesinə başlamaq üçün nə qədər yetərli olacağı isə sual altındadır. Bu günə qədər bir sıra ölkələr, o cümlədən Səudiyyə Ərəbistanında da sülh sammiti keçirilib. Amma nəticə yoxdur. Zelenski özünün təklif etdiyi sülh formuluna Rusiyada razılaşacaq hansısa nümayəndələrin ola biləcəyindən danışır. Bu isə o deməkdir ki, Zelenskinin istəyi Putindən sonrakı dönəmi özündə ehtiva edir", deyə Natiq Miri vurğulayıb.
Həmsöhbətimiz qeyd edib ki, Zelenski ilə Ərdoğanın müzakirə etdiyi ikinci məsələ Qara dənizdən taxılın daşınması üçün təhlükəsizlik dəhlizi sazişinin davam etdirilməsidir:
"Bu məsələdə də hələlik konkret razılığın olduğunu görmürük. Zelenski bu planın əleyhinə deyil, ancaq Putin də onunla razılaşmalıdır. Onsuz da Ukrayna öz taxılını Bolqarıstan, Rumıniya vasitəsilə Avropaya çıxara bilir. Rusiyanın Qara dəniz donanmasına Ukrayna ciddi zərbələr vurub. Nəticədə rus gəmiləri raketlərin çata bilməyəcəyi uzaq mövqelərə çəkilməli olub. Ona görə də Kiyev limanları vasitəsilə taxılı rahat şəkildə daşıyır".
Ekspertin fikrincə, Zelenskinin Türkiyə səfəri hansısa ciddi hərbi siyasi nəticələr doğurmayıb:
"Bu növbəti bir sülh təşəbbüsü idi. İndilikdə Zelenski İstanbulda Putinlə görüşməyəcək. Zelenski həm də Türkiyə ilə hərbi sahədə birgə istehsalda maraqlıdır. Lakin bu yöndə də konkret anlaşmanın olduğunu demək olmaz"./Qaynarinfo/
Sorğu
Yeni dizaynımız necədir?