Rusiya ordusu Ukrayna qoşunlarının hücumunu dəf etmək üçün “Belqorod”, “Bryansk” və “Kursk” qoşun birləşmələrini yaradıb.
Gundemxeber.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Andrey Belousov bildirib.
O qeyd edib ki, hazırda Müdafiə Nazirliyinin mərkəzi aparatının məsul rəhbərləri ilə rayon administrasiyaları arasında gecə-gündüz birgə iş qurulub.
Nazirin sözlərinə görə, hərbi-texniki təminat, o cümlədən silah və hərbi texnika ilə bağlı məsələlərə Rusiya müdafiə nazirinin müavini, general-leytenant Andrey Bulıqa rəhbərlik edir. Müdafiə nazirinin müavini Pavel Fradkov mühəndislik və tikintiyə, nazirliyin rəis müavini və Aparat rəhbəri Oleq Savelyev isə idarələrarası qarşılıqlı fəaliyyət və koordinasiyaya cavabdehdir. Tibbi təminat məsələləri ilə Rusiya Müdafiə Nazirliyinin Baş Hərbi Tibb İdarəsinin rəisi Dmitri Trişkin məşğul olacaq.
Bundan əlavə, general-polkovnik Yunus-Bek Yevkurov koordinasiya şurasının rəis müavini təyin edilib.
Sərhədyanı ərazilərin pilotsuz uçuş aparatlarından və digər düşmən silahlarından qorunmasına isə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi və Belqorod, Kursk və Bryansk qruplarının komandirləri cavabdeh olacaq.
Belousov vurğulayıb ki, bu hərbçilər sərhədyanı rayonların rəhbərliyi ilə daim əlaqə saxlamalıdırlar. Nazir bildirib ki, xüsusi əməliyyat qrupu yaradılıb. Qrup bütün məsələləri toplamalı, təhlil etməli və regionlardan məsul şəxslərə yönləndirməli və onların həllinə nəzarət etməlidir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?