Dekabrın 9-da ABŞ Dövlət Departamentində Dövlət Katibi Antoni Bilenkenin iştirakı ilə Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Gününə həsr olunmuş mükafatlandırma mərasimi olub.
Departamentin məlumatına görə Birləşmiş Ştatlar korrupsiyaya qarşı mübarizədə əlamətdar addımlar atmış şəxsləri tanımaq və ABŞ-ın bu qəhrəman tərəfdaşlarla həmrəyliyini nümayiş etdirmək üçün 2021-ci ildə Korrupsiyaya Qarşı Mübarizə Çempionları Mükafatını təqdim edib.
“Bu gün Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Günündə biz həmvətənləri üçün daha ədalətli və şəffaf dünya gətirən islahatlara və araşdırmalara rəhbərlik etmiş və ya müdafiə etmiş 10 Korrupsiyaya Qarşı Mübarizə Çempionunu tanıdırıq. Biz hesabatlılıq, qanunun aliliyi, şəffaflıq və mətbuat azadlığı uğrunda mübarizə aparanların hamısını alqışlayırıq.”
Builki mükafatçılar kolumbiyalı Xorxe Mora Kortes, nepallı Matrika Dahal, albaniyalı Altin Dumani, ermənistanlı Srbuhi Qalyan, livanlı Karl İrani, qambiyalı Marr Nyanq, panamalı Xavyer Enrike Karaballo Salazar, qazaxıstanlı Didar Smaqulov, Cimmidir. Uqandalı Ssentonqo və Azərbaycandan Sevinc Vaqifqızıdır.
“Korrupsiyaya qalib gəlmək üçün bu kimi çempionlarla birlikdə çalışmaqdan şərəf duyuruq. Biz Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya Qarşı Konvensiyası (UNCAC) və digər beynəlxalq antikorrupsiya və yaxşı idarəetmə çərçivələrinin vizyonunu yerinə yetirmək üçün tərəfdaşlarla işləməyə davam edəcəyik” məlumatda deyilir.
Sevinc Vaqifqızı "Abzas Media" nın baş redaktoru olub. Bu saytın direktoru Ülvi Həsənli ötən ilin noyabrın 20-də həbs olunub.
Daha sonra özü, direktor müavini Məhəmməd Kekalov, jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.
Mayın 30-da isə "Abzas Media" işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb.
Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu ilin avqust ayında isə "Abzas Media işi" üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb.
Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.
Sentyabrın 9-da "Abzas Media işi" üzrə həbsdə olan şəxslərin ibtidai istintaqının yekunlaşdırıldığı bildirilib.
Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.
Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.
Azərbaycan hakimiyyəti ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və fundamental hüquqların təmin edildiyini bildirir.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb./amerikaninsesi.org/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?