İsveçin baş naziri Ulf Kristersson hökumətin işində "fərqli fikirlər" əldə etmək üçün tez-tez süni intellektə müraciət etdiyini etiraf etdikdən sonra tənqid atəşinə tutulub...
Gundemxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, Dagens Industri-yə müsahibəsində siyasətçi ChatGPT və LeChat-ın ona alternativ baxışlarla kömək etdiyini bildirib: "Mən bu xidmətlərdən tez-tez istifadə edirəm - hətta sadəcə fərqli rəy eşitmək üçün. Başqalarının nə etdiyini və fərqli düşünməli olduğumuzu görmək üçün".
Bu bəyanat mediada və ekspertlər arasında tənqid dalğasına səbəb olub. Aftonbladet qəzeti redaksiya məqaləsində baş naziri tənqid edərək, onu oliqarxların süni intellekt psixozunun tələsinə düşməkdə ittiham edib.
Karlstad Universitetinin kibertəhlükəsizlik üzrə tədqiqatçısı Simon Fişer-Hübner xəbərdarlıq edib ki, süni intellektdən hətta sadə, lakin potensial olaraq həssas məlumatları emal etmək üçün istifadə etmək risklidir. Kristerssonun sözçüsü Tom Samuelsson baş nazirin sistemlərə heç bir kritik məlumat ötürmədiyini söyləyərək cavab verib: "Bu, təhlükəsizlik məlumatlarına aid deyil. Söhbət daha çox oriyentasiya alətindən gedir - bu, ümumi ideyadır".
Bununla belə, digər ekspertlər buna şübhə ilə yanaşırlar. Umea Universitetinin süni intellektdən məsul istifadə üzrə professoru Virciniya Diqnum vurğulayıb ki, bu cür sistemlərin öz fikirləri yoxdur, yalnız öz tərtibatçılarının vizyonunu təkrarlayır:
"Siyasətçi sadə tapşırıqları yerinə yetirmək üçün nə qədər tez-tez süni intellektə güvənirsə, onun etibarlılığını həddən artıq qiymətləndirməyə başlama ehtimalı bir o qədər yüksəkdir. Bu, təhlükəli tendensiyadır. Biz ChatGPT-yə səs verməmişik. Və biz bu cür sistemlərin etibarlılığına zəmanət tələb etməliyik".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?