Avqustun 6-na keçən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın dörd vilayətində olan hərbi obyektlərə zərbələr endirib.
Gundemxeber.Az xarici mediaya istinadən xəbər verir ki, Rusiya ordusunun hücumuna Zaporojye, Odessa, Sumı və Xarkov vilayətləri məruz qalıblar.
Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın 45 PUA-dan və müxtəlif aldadıcı dronlardan istifadə etdiyini açıqlayıb.
Xüsusən Rusiya PUA-larının Ukrayna və Rumıniya sərhədində yerləşən qaz nəqli infrastrukturuna zərbə endirməsi rezonans doğurub.
Belə ki, gecə saatlarında "Geran" kamikadze pilotsuz təyyarələri Odessa vilayətindəki "Orlovka" qaz-kompressor stansiyasını vurub.
"Bu, Rumıniya, Bolqarıstan və Türkiyəyə nəqli nəzərdə tutulan qazın təzyiqini artıran magistral qaz kəməri infrastrukturunun bir hissəsidir. Zərbələrdən sonra stansiyanın ərazisində irimiqyaslı yanğın başlayıb", - "Mash" "Telegram" kanalı yazır.
Şahidlər "Orlovka" qazölçmə məntəqəsinə 15-dən çox zərbə endirildiyini qeyd ediblər. Zərbələrin baş verdiyi yerdəki yanğının işığı Dunay çayının Rumıniya sahilindən müşahidə edilib
İnformasiyanı Ukraynanın "Legitimnı" "Telegram" kanalı da təsdiq edib. Məlumatda qeyd olunur ki, İzmail rayonunun (Odessa vilayəti - red.) Orlovka kəndi yaxınlığında qazpaylayıcı stansiyaya zərbələr endirilib. Bildirilir ki, təmir çox vaxt aparacaq və baha başa gələcək.
"Bu qaz qurğusu ona görə əhəmiyyətlidir ki, Yunanıstandan bizə qaz onun vasitəsilə verilirdi. Orada Rumıniyadan, Türkiyədən gələn qazın saxlanıldığı terminallar var. Moldovaya da qismən qaz buradan gedir", - deyə məlumatda qeyd olunur.
Öz növbəsində Ukraynanın yerli hakimiyyət orqanları da hücumu təsdiqləyiblər. Belə ki, Rusiya ordusunun zərbəsi nəticəsində qazötürücü xətt zədələnib, Odessa vilayətində 2.5 mindən çox abonent qazsız qalıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?