Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlama verib.
O, bildirib ki, Vaşinqton razılaşmaları Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini sürətləndirib.
“Vaşinqtonda Bakı ilə İrəvan arasında əldə olunan razılaşmalar münasibətlərin normallaşmasını xeyli sürətləndirdi. Azərbaycan və Ermənistan sülh yolunda qarşılaşdıqları əngəlləri böyük ölçüdə aradan qaldırıb. Mən Azərbaycan prezidenti İlham Əliyevlə, sonra Ermənistanın baş naziri Nikol Paşinyanla ətraflı danışıqlar apardım. Hər iki liderin mövqeyi eynidir. Sərhəd keçidlərinin açılması, nəqliyyat marşrutlarının işə düşməsi və ticarətin canlanması ilə bölgəyə ciddi müsbət təkan veriləcək. Yeni əməkdaşlıq imkanlarından regionun digər ölkələri də yararlana biləcək. Əminəm ki, gələcəkdə həm Rusiya, həm də İran bu qorxuların əsassız olduğunu anlayacaqlar”, - Ərdoğan bildirib.
Türkiyə lideri həmçinin Zəngəzur dəhlizi ilə bağlı heç bir problem və ya fikir ayrılığı olmadığını vurğulayıb:
“Zəngəzur dəhlizinin açılması ilə bölgədə əmin-amanlıq və sabitlik təmin olunacaq, quru və dəmir yolu marşrutları işə düşəcək, sərhəd keçidləri açılacaq. Bu, bir çox sahələrə, ilk növbədə ticarətə müsbət təsir göstərəcək”, - Ərdoğan əlavə edib./musavat.com/
Sorğu
Yeni dizaynımız necədir?