Bakıda valyutadəyişmə məntələqələrinin uzun müddətdir ki, açılmamasının səbəbi məlum olub. Öncə yada salaq ki, 2015-ci ilin dekabrında baş verən manatın ikinci devalvasiyasından sonra ölkədə əhali arasında dollar ajiotajı daha da gücləndi. İnsanlar kütləvi şəkildə valyutadəyişmə məntəqələrinə üz tutaraq dollar almağa çalışdılar.
Nəticədə manata olan tələbat bir qədər də azaldı və yerli valyutanın ucuzlaşması üçün şərait yarandı. Belə olan təqdirdə çıxış yolu kimi ölkədə valyutadəyişmə məntəqələrinin lisenziyaları ləğv edildi və həmin ilin yanvar ayından etibarən bu məntəqələrin fəaliyyəti rəsmən dayandırıldı.
Valyutadəyişmə məntəqələri bağlandıqdan sonra “qara bazar”lar aktivləşdi. Daha sonra hökumət “qara bazar”larla mübarizəyə başladı. 2017-ci ildə manatın sabitləşməsindən və ölkəyə turist axınının başlamasından sonra valyutadəyişmə məntəqələrinin açılması məsələsi də gündəmə gəldi. Ötən ilin aprel ayında Milli Məclisin plenar iclasında “Valyuta tənzimi haqqında” Qanun müzakirə edilərək, qəbul olundu. Deputatlar bildirdilər ki, valyutadəyişmə məntəqələrinin açılması vacibdir. Qanunun qəbulu ilə bu məntəqələrə nəzarət əvvəllər olduğu kimi Mərkəzi Banka deyil, Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırıldı. Daha sonra isə məntəqələrin açılması prosesi müəmmalı şəkildə uzadıldı.
Martın 13-də Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev modern.az saytına bildirib ki, Azərbaycanda “Valyuta tənzimi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə layihə hazırlanıb. Təklif edilən dəyişikliklər nəticəsində valyuta mübadiləsi əməliyyatlarının aparılması qaydaları, o cümlədən təşkilati, texniki təchizat, təhlükəsizliyə dair tələblər, uçotun, hesabatın, sənədləşmənin vahid formaları, onların müddəti, habelə həmin fəaliyyəti göstərəcək obyektlərin yerləşəcəyi ərazilər maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən ediləcək.
Qurum rəsmisi deyib ki, valyuta mübadiləsi məntəqələri açmaq üçün tələblər 21 dekabr 2017-ci il tarixdə Palata tərəfindən təsdiq edilmiş “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası” ilə müəyyən edilib.
“Yeni Müsavat”a danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, bu vaxta qədər valyutadəyişmə məntəqələrinin bərpa edilməməsinə səbəb qaydaların müəyyənləşdirilməməsi olub: “Qaydalar müəyyənləşdikdən sonra güman edilirdi ki, bu məntəqələr tez bir zamanda bərpa ediləcək. Lakin bu, reallaşmadı. Yubanmaya səbəb ilk olaraq budur ki, məntəqələrin formalaşması üçün tələb olunan depozitin miqdarı böyükdür. Depozitin həcminin yüksək olması valyutadəyişmə məntəqələrinə marağın azalmasına səbəb olur. Əslində depozitin məbləği əvvəlcədən müzakirə edilən məsələlərdən idi. Həmçinin depozitə ehtiyacın olub-olmaması da müzakirə mövzusu idi. Bu məsələlər hətta parlamentdə də müzakirəyə çıxarıldı. Orada əvvəlcə depozit kimi 5 min manatın olması da təklif edilirdi. Təəssüf ki, sonda depozit məbləği kifayət qədər yüksək nəzərdə tutuldu. Belə ki, bu rəqəm 50 min manat və ya 50 min dollar müəyyənləşdi. Nəticədə məntəqələrin açılması yubandı. Digər tərəfdən isə valyutadəyişmə məntəqələrinin fəaliyyəti üçün təklif edilən yerlər də sahibkarlar üçün heç də münasib olmadı. Nəzərə alaq ki, hansı yerdə bu məntəqələrin açılması ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının xüsusi qaydaları var. Bu qaydalar çərçivəsində məntəqələrin formalaşması nəzərdə tutulub. Lakin burada da tələblər kifayət qədər ağır olduğu üçün sahibkarlar tərəfindən bəzi hallarda belə yerlərin tapılması ilə bağlı çətinliklər yaranır. Bu da təbii ki, valyutadəyişmə məntəqələrinin açılmasını uzadır”.
Ekspert bildirib ki, məntəqələrin açılmasını gecikdirən digər əhəmiyyətli məqam valyuta bazarında aktivliyin aşağı olmasıdır: “Rüsum, lisenziyanın verilməsi, depozitlə bağlı qaydalar müəyyənləşsə də çox təəssüf ki, aktivlik müşahidə olunmur. Bu, həm qeyd etdiyimiz səbəblərdən sahibkarların aktivliyinin aşağı olması, həm də bütövlükdə valyuta bazarında əvvəlki dövrdən fərqli olaraq məzənnənin demək olar ki, dəyişməməsidir. Bu hal isə valyutadəyişməsi ilə məşğul olanlar üçün rentabelliyi azaldıb. 2015-2016-cı illərdə alış və satış kursu arasında fərq böyük idi. Bu isə rentabelliyə təsir göstərirdi, məzənnə daha tez-tez dəyişirdi. İndi isə belə deyil. Ona görə də sahibkarlar bu işə maraqlı görünmür. Lakin bütün hallarda valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpasına ehtiyac var. Bu məntəqələrin bərpa edilməsi valyuta bazarında rəqabətin formalaşması üçün vacibdir. Eyni zamanda məntəqələrin fəaliyyətinin bərpası şənbə-bazar, bayram günlərində yerli və xarici qonaqların valyuta dəyişmək imkanlarının yaranması baxımından da önəmlidir. Valyutadəyişmə məntəqələrinin fəaliyyəti bərpa edilərsə, alış-satış kursu arasındakı fərq daha da azalar. Bütün bu səbəblərdən məntəqələrin fəaliyyətinin bərpası vacibdir. Ancaq hələ ki yubanma davam edir”.
Sorğu
Yeni dizaynımız necədir?