Komitə sədrinin fəaliyyəti paytaxtda yeni etiraz ocağını alovlandırır
Bakıda 20-yə yaxın məcburi köçkün zirzəmilərdə boğulur. Bu barədə Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində yanmış 9 mərtəbəli yaşayış binanın sakinləri müraciətlərində deyiblər. Sakinlərin dediyinə görə, binada baş verən yanğından sonra sakinlər zirzəmiyə, yaşaması mümkün olmayan bir yerə köçürülüblər: “2012-ci il iyunun 13-də 9 mikrorayon Həmzə Babaşov küçəsində, Təcili Yardımın 9 mərtəbəli yarımçıq binasında baş vermiş güclü yanğın zamanı 20-yə yaxın ev tamamilə yanaraq kül oldu, 10-15 evə də qismən ziyan dəydi. Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi yanğın adı ilə binanın 6-cı mərtəbəsindən yuxarını tamamilə ləğv edərək 50-dən çox ailəni Mehdiabad qəsəbəsində salınmış Yeni Yaşayış Massivində, (Binəqədi Gənclər Şəhərciyi), binaların zirzəmisində yerləşdirdi. Həmin vaxt yanğından gələnlərin hamısını zirzəmilərə yığdılar. Hamının orderində 6 mərtəbəli bina, binanın №-si və mənzilin №-si, 1a, 2a, 3a, 4a və s. yazılmışdı. Narazılıq edənlərə də söz verdilər ki, sizi bura müvəqqəti yığırıq, sizi yuxarı mərtəbələrdə qanuni evlərlə təmin edəcəyik. Amma, bu günə kimi heç bir tədbir görülməyib. Bu binalar orderlərdə 6 mərtəbə kimi gedir, lakin faktiki olaraq bu binaların zirzəmilərini də ev kimi düzəldiblər və 7 mərtəbəlidir”. Sakinlər bildirilər ki, binanın zirzəmisində yaşamaq qeyri-mümkündür. Amma, “Qaçqınkom” həmin ailələri aldadaraq zirzəmiyə yerləşdirib: “Zirzəmilərdə yerləşdirilmiş evlərin divarlarına, altdan yuxarı su çıxır, divarlar, tavan uçub tökülür, evlər tamamilə rütubət, nəmişlik içərisindədir, havasızlıqdır, pəncərəni açmaq olmur, it, pişik, toz-torpaq evə dolur, eyvan yoxdur ki, çıxıb hava alasan. Oradan gələndən uşaqlar tez-tez xəstələnir. Kanalizasiya xətləri partlayıb evlərə dolur. Bütün kanalizasiya xətləri dəhlizdə başımızın üstündədir. Tez-tez partlayıb dəhlizə tökülür. Yuxarı qanuni birinci mərtəbənin dəhlizində belə bir şeylər yoxdur. Bizim “mərtəbənin” zirzəminin adına da 1a yazıblar”. Sakinlər deyirlər ki, binanın bütün xətlərinin son dayanacağı onların sığındıqları həmin zirzəmidir: “Belə bir evlərdə yaşamaq nəinki bizim, hətta bizim gələcəyimiz, övladlarımız üçün böyük bir təhlükədir. Düzdür, bu “evləri” yanğın adı ilə gələn 50-dən çox ailənin yarısı bəyənir. Onun da səbəbi odur ki, bu yanğın olmasa idi, o ailələrin heç biri qanunla ev almayacaqdı. Yəni hamısının başqa-başqa, (sənəd, başqa yerdə ev və s.) problemləri var idi. İndi bu yanğın bizim kimilərə güclü bir zərbə, elələrinə isə göydəndüşmə oldu”. Sakinlər deyirlər ki, onlar bu barədə dəfələrlə aidiyyəti qurumlara müraciətlər ediblər. Lakin müraciətlərinə normal cavab ala bilməyiblər. Heç bir qurum evsiz qalan məcburi köçkünlərin problemləri barədə fikirləşmək istəmir: “Bu barədə biz, 20 ailə aidiyyəti orqanlara dəfələrlə müraciət etmişik, məktublarımıza cavab gəlir ki, sizə ev püşkatma yolu ilə verilib və ömrünüzün axırına kimi orada qalacaqsınız. Niyə yuxarı mərtəbələrdə yetərincə ev olduğu halda bizlərə ancaq taxtapuşdan və zirzəmidən verilir. Bizim də hüquqlarımız orta mərtəbələrdə yaşayanların hüquqları ilə eyni səviyyədə deyilmi?”
Sorğu
Yeni dizaynımız necədir?