Aprelin 11-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri üzrə Bakı vaxtı ilə saat 8-də səsvermə başlayıb.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün bildirib ki, seçkilərə hazırlıq yüksək səviyyədədir, bütün məntəqələr səsvermə üçün açıqdır.
Seçkilərdə 8 namizəd – hazırkı prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş, Milli Məclisin deputatı Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin deputatı Fərəc Quliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, "Cəbhəçilərin təşəbbüs qrupu" adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu iştirak edir.
Azərbaycanda 5 milyon 309 min 434 seçici var. Səsvermə 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçirilir.
Ölkənin 32 ölkədə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarında 41 məntəqədə seçki məntəqəsi yaradılıb.
Səsvermə saat 19.00-da başa çatacaq.
Seçkiləri izləmək üçün 894 beynəlxalq, 58 min 175 yerli müşahidəçi akkreditə olunub.
Sorğu
Yeni dizaynımız necədir?