Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçiriləcək. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin Modern.az-a verdiyi məlumata görə, saat 16:00-a başlayacaq iclasda prezidentliyə namizədliyi irəli sürülmüş iki nəfər - REAL hərəkatının rəhbəri İlqar Məmmədov və ADP sədri Sərdar Cəlaloğlunun qeydə alınıb-alınmaması haqda son qərar veriləcək.
Bununla da 9 oktyabr 2013-cü il tarixində Azərbaycanda keçiriləcək prezident seçkilərində namizədlərin sayı bəlli olacaq.
Qeyd edək ki, indiyədək 9 nəfərin namizədliyi MSK tərəfindən rəsmən qeydə alınıb. Prezidentliyə iddialı olan 7 namizəd imza vərəqlərini təqdim etmədiyi üçün prosesdən kənarlaşdırılıb, 3 namizədin isə imza vərəqləri qanunvericiliyin tələbinə müvafiq olmadığı üçün qeydə alınmayıb.
MSK bundan öncə hakim Yeni Azərbaycan Partiyasının sədri, hazırki prezident İlham Əliyevin, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadənin, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş deputat Zahid Orucun, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, depuat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyevin, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılovun və Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin prezidentliyə namizədliyini qeydə alıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?