Milli Şuranın prezidentliyə namizədi professor Cəmil Həsənli sentyabrın 2-də “Media forum” saytının suallarını cavablandırıb.
- Sizin prezidentliyə namizədliyinizin qeydiyyata alınması üçün imzaları AXCP və Müsavat Partiyası toplayır. Digər qurumlar kənarda qalıb. Bu da Milli Şurada narazılıqların olması haqda məlumatların yayılmasına səbəb olub. Şurada narazılıqların səbəbi nədir?
- Milli Şurada təmsil olunan bütün partiyalar, ictimai təşkilatlar, hərəkatlar, müstəqil şəxslər seçki qərargahının sentyabrın 2-də keçirilən toplantısında iştirak edirdilər. Hətta Milli Şuranın üzvü olmayan nüfuzlu şəxslər də toplantıya qatılmışdılar. Müsavat, Xalq Cəbhəsi, Klassik Xalq Cəbhəsi, Liberal, Açıq Cəmiyyət partiyalarının, EL hərəkatının rəhbərləri, Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin sədri iclasda iştirak edirdilər. Milli Şurada heç bir narazılıq yoxdur. Bütün partiya, hərəkat liderlərinin toplantıya qatılması elə bir narazılığın olmadığının göstəricisidir. Müəyyən fikir müxtəlifliyi vardı, onu da normal qarşılamaq lazımdır. Fikir müxtəlifliyinə əsaslanıb Milli Şuranın kiməsə ikili münasibət bəsləməsi fikri ilə razılaşmaq olmaz.
- Sizin seçki kampaniyasına Milli Şurada olmayan tanınmış ziyalıların, ictimai xadimlərin də qoşulması mümkündürmü?
- Bəli, var və bununla bağlı müzakirələr gedir. Xeyli ziyalımız öz yardımını təklif edib. Biz prezidentliyə namizədin vəkillər korpusunu formalaşdıranda, seçki kampaniyasını aparanda həmin ziyalıların təkliflərini nəzərə alacağıq, onların köməyindən yararlanacağıq. Hamının vəkil olması şərt deyil. Bu işdə ürəyi bizimlə olan, bizə rəğbəti olan ziyalı dostlarımız öz işlərini görürlər.
- Həmin ziyalılar kimlərdir?
- İndi ad çəkmək istəmirəm.
- Əgər seçkinin nəticələri sizin xeyrinizə olsa, baş nazir, Prezident Administrasiyasının rəhbəri, xarici işlər naziri, hüquq mühafizə orqanlarına rəhbər vəzifələrə kimləri təyin edəcəyinizi dəqiqləşdirmisinizmi? Milli Şurada bununla bağlı müzakirələr varmı?
- Hazırda bundan daha vacib məsələlər var. Hazırda seçkilərin çox mühüm mərhələsi olan imza kampaniyası gedir. Milli Şuranın rəhbərliyi, seçki qərargahı bütövlükdə bu məsələlərə məşğuldur. Bizi indi seçki məsələləri düşündürür. Səsvermədən sonrakı məsələlərlə bağlı fikir mübadiləsi aparmamışıq.
- Milli Şuranın kölgə kabineti yaradıla və cəmiyyətə açıqlana bilərmi? Sizcə, bu, Milli Şura təmsilçilərini və tərəfdarlarını daha da səfərbər edə bilərmi?
- Ümumiyyətlə, mən adamın, ölkənin, təşkilatın real olmasına, özünə daha çox üstünlük verirəm, nəinki kölgəsinə. Kölgə ideyasını hər hansı formada qəbul etmirəm. Kölgəni salan varlığın özü olmalıdır. Elə olmalıdır ki, onun kölgəsi düşsün. Amma kölgə ilə hərəkət etməyin elə bir mənası yoxdur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?