Azərbaycan 2019-cu ildə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi edəcək.
Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 4-dən iyulun 4-dək Bəhreyn Krallığının Manama şəhərində YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 42-ci sessiyası keçirilib.
İclasda Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi altında Xarici İşlər və Mədəniyyət nazirliklərinin əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edib.
İclas çərçivəsində YUNESKO-nun Ümumdünya mədəni və təbii irsin qorunması haqqında Konvensiyasına aid məsələlər müzakirə edilib, eyni zamanda müxtəlif ölkələrin maddi irs nümunələri Ümumdünya İrs Siyahısına daxil edilib. Komitə iclasının sonunda növbəti il üçün Komitənin sədri və 43-cü sessiyaya ev sahibliyi edəcək ölkə ilə bağlı müzakirələr aparılıb.
Yekun qərara əsasən mədəniyyət naziri Əbülfəs Qarayev Komitəyə sədr seçilib. Beləliklə, 2019-cu ildə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına Azərbaycan ev sahibliyi edəcəkdir. Tədbirdə dünyanın 180-dan artıq ölkəsindən 2000-dən nəfərdən çox nümayəndənin iştirakı gözlənilir.
Ümumdünya İrs Komitəsinin sessiyası dünya mədəni irsinə töhfə verən ən nüfuzlu tədbirlərindən biri hesab olunur. Ümumdünya İrs Komitəsi dünya xalqlarının kimliyini və tarixi yaddaşını ifadə edən maddi və təbii irs nümunələrinə, ən dəyərli abidələrə dair qərarlar qəbul edir. Bu tədbirə ev sahibliyi etmək və eyni zamanda Komitəyə sədrlik etməklə Azərbaycan Respublikası dünya xalqlarının mədəniyyət tarixində öz müsbət izini qoyacaqdır.
Ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul olunması Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi altında yürüdülən uğurlu xarici siyasət, Birinci vitse-prezident, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi və qayğısı, Azərbaycan Respublikası Xarici İşlər və Mədəniyyət nazirliklərinin birgə fəaliyyəti nəticəsində ölkəmizin YUNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.
Sorğu
Yeni dizaynımız necədir?