Azərbaycan xarici İşlər Naziri Elmar Məmmədyarov YUNESKO-nun baş direktoru Odre Azule ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə 2013-ci ildə Azərbaycan ilə YUNESKO arasında imzalanmış Çərçivə Sazişi və onun əsasında yaradılmış beş milyon ABŞ dolları məbləğində Etimad Fondunun əhəmiyyətinə toxunulub. Bu saziş çərçivəsində Azərbaycanın YUNESKO-nun prioritet sahə kimi qəbul etdiyi Afrikada qızların təhsili üzrə, eləcə də digər ölkələrdə qeyri-maddi mədəni irsin qorunması, elm və texnologiyalar sahəsində maliyyələşdirdiyi layihələr müəyyən edilib.
Məmmədyarov Azərbaycan və YUNESKO arasında mədəniyyətlərarası dialoq sahəsində çox uğurlu əməkdaşlığın olduğunu bildirib.
Odre Azule mədəniyyətlərarası dialoq sahəsində YUNESKO-nun Azərbaycan ilə əməkdaşlığını vacib və təqdirəlayiq hesab etdiyini bildirib və bu sahədə birgə fəaliyyətin gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd edib.
Görüş əsnasında nazir Azərbaycan Xarici İşlər Nazirliyi nəzdində Beynəlxalq İnkişaf Agentliyi (AİDA) tərəfindən Qoşulmama Hərəkatı ölkələrində həyata keçirilən humanitar layihələr haqda məlumat verərək ölkəsinin Qoşulmama Hərəkatının üzv ölkələri, xüsusilə də Afrika dövlətlərinə dəstək layihələrində YUNESKO ilə əməkdaşlığa hazır olduğunu bildirib.
YUNESKO-nun baş direktoru bu kimi əməkdaşlığı alqışladığını bildirib və hazırda təşkilat üçün önəmli sahələrdən birinin də Yaxın Şərqdə mədəni irsin bərpası olduğunu qeyd edib.
Nazir ölkəsinin mədəni irsin qorunması mövzusuna həssas yanaşdığını bildirib və Ermənistanın nəzarətində olan Azərbaycan ərazilərində mədəniyyət abidələrinin məqsədyönlü şəkildə dağıdıldığını və məhv edildiyini vurğulayıb.
O, ATƏT monitorinq missiyasının da bu faktları təsdiqlədiyini deyərək, YUNESKO-nu gələcəkdə bu monitorinq prosesinə qoşulmağa dəvət edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?