Realliq.info saytının redaktoru, həbsdə olan İkram Rəhimov 10 saylı koloniyada hüquqlarının pozulmasından şikayət edib. Bu barədə Turan-a onun yaxınları bildiriblər.
Mənbənin məlumatına görə, 6 saylı koloniyadan 10 saylı penitensiar müəssisəyə köçürülməsinə etiraz olaraq dekabrın 28-də aclıq aksiyasına başlayan İ.Rəhimov səhhətinin kəskin pisləşməsi səbəbindən on gün sonra alcığı dayandırıb.
“İkrama təzyiqlər davam edir. Son həftə ərzində evə telefon etməyə icazə verilməyib, halbuki, qanunla həftədə iki dəfə 15 dəqiqə telefonla danışmaq hüququ var. Bundan əlavə, son həftə ərzində ziyarətçilərlə görüşdən iki dəfə imtina edilib. Bu gün həmkarları onun yanına gediblər, lakin görüşə buraxmayıblar. Biz bundan narahatıq, bəlkə İkrama da təzyiq göstərirlər”, - jurnalistin yaxınları bildiriblər.
Penitensiar Xidmətdən şərh almaq hələ ki mümkün olmayıb.
İkram Rəhimov 2018-ci il oktyabrında dövlət başçısının o zamankı köməkçisi Əli Həsənovun ünvanına açıq tənqidi məktubun dərcindən sonra həbs edilib.
2018-ci il iyunun 12-də 5,5 il müddətinə azadlıqdan məhrum edilib. Buna etiraz olaraq aclığa başlayıb və 30 sutka sonra, sentyabrın 5-də aclığı dayandırıb.
Sentyabrın 18-də Apellyasiya Məhkəməsi İ.Rəhimovun hədə yolu ilə pul almaqda günahını təsdiqləyib, lakin CM-in 62-ci maddəsini (qanunla nəzərdə tutulduğundan az müddətli cəza) tətbiq edərək həbs cəzasını 3 ilədək azaldıb.
Bir sıra beynəlxalq jurnalist təşkilatları İ.Rəhimovun barəsində hökmü pisləyiblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?