Monopoliyaya alınan, çökdürülən və kriminallaşan bank sektoru
gundemxeber.az Azərbaycan rəsmiləri yeri düşdükcə ölkənin bank sektorundakı inkişafdan danışırlar. Amma elə bankların özlərinin açıqladığı rəqəmlər göstərir ki, ölkənin hətta ən nəhəng iki bankında - Beynəlxalq bank və Kapitalbankda vəziyyət təqdim olunan kimi deyil. Məsələn, Beynəlxalq Bank üç hesabat dövründə gəlirsiz işləyib. Kapitalbankın isə mənfəəti ötən illə müqayisədə bu il 76 faiz azalıb. Bu bankın illik gəliri il ərzində 2 milyon manatdan da az olub. Belə olan halda, bu sektorda hansı inkişafdan söhbət gedə bilər? Əslində ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi bank sektoru da inhisarlaşıb və hər bir bank konkret olaraq hansısa məmura aiddir. Azərbaycan banklarının durumu və bu sahədə baş verənlərlə bağlı araşdırmamızı da elə burdan başlayacağıq:
Hansı bank hansı oliqarxındır?
Ölkənin ən iri iki bankı «Kapitalbank» və Beynəlxalq bank birbaşa hakim ailəyə məksusdur. Özü də bu sahiblik tam deyil, yarımgizli şəkildə həyata keçirilir. Məsələn, «Kapitalbank»ın səhmlərinin 97.5 faizi hakim ailənin sahib olduğu «Paşa Holdinq»ə məxsusdur. Yalnız 2.5 faiz miqdarında səhm kollektivin nəzarəti altındadır. Statistika üçün bildirək ki, ölkədə ümumilikdə 47 bank fəaliyyət göstərir. Bu bankların 11-i birbaşa iri oliqarxlara və dövlət məmurlarına məxsusdur. Son məlumatlara görə həmin bankların nizamnamə kapitalı ümumilikdə 520 mln. manat və ya 47 ölkə bankının nizamnamə kapitalının 40%-ni təşkil edib. Tək elə bu fakt bank sektorundakı monopoliyanı açıq şəkildə ortaya qoyur. Konkret misallara gəldikdə isə hakim ailənin özünə və ya yaxın qohumlarına məxsus olan 4 bank ən çox kapitallaşmış banklar sayılır. Belə ki, «Pasha Bank» ASC-nin elan edilmiş nizamnamə kapitalı ilin əvvəlindən 115,4 mln manat, «Xalq Bank» ASC-nin kapitalı 72,8 mln. manat, «Expressbank» ASC-nin kapitalı 41 mln. manat və «Kapital Bank» ASC-nin kapitalı 30 mln. manat təşkil edib. Bundan başqa, hakim ailəyə yaxın şəxslərə «Bank Silk Way» ASC və «Texnikabank» ASC-də kapital payı da məxsusdur. Bu il kapital payı 25 mln. manat olan «Bank of Azerbaijan» ASC-nin əsas səhmdarı nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur. Fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus «Gilan» MMC-yə aid «AFB Bank»-ın nizamnamə kapitalı 51,5 mln. manatdır. Sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin ailəsinə məxsus (Babayev tək-tük nazirlərdəndir ki, vəzifədən getdikdən sonra da sahib olduqlarının böyük bir hissəsini əlində saxlaya bilib) «Bank Standard» QTSC-nin nizamnamə kapitalı 74,96 mln. manatdır. Vergilər naziri Fazil Məmmədovun nəzarət etdiyi «AtaBank» ASC-nin nizamnamə kapitalı 15 mln. manatdır. Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun qohumlarının səhmdarı olduğu Naxçıvanbankın nizamnamə fondu 10 mln. manat təşkil edir. Nizamnamə kapitalı 12 mln. manat olan «Bank BTB» ASC-nin üç səhmdarından biri Mehdiyeva Nigar İsmayıl qızıdır.
Beynəlxalq bankın hegemonluğu
Yuxarıda sadalananlardan da aydın görünür ki, ölkənin bank sistemində əsas pul kütləsini əlində saxlayan bankların hər biri məmurların nəzarəti altındadır. Sadalanan nizamnamə kapitalları bütün respublika üzrə əsas pul kütləsinin təxminən 90 faizini özündə saxlayır qalan banklar cəmi 10 faiz paya malikdir. Maraqlı məqamlardan biri də hakim komanda üzvlərinin əllərində saxladığı banklar arasında Beynəlxalq bankın xüsusi çəkiyə və statusa malik olmasıdır. Belə ki, bu bank Azərbaycanın bank sisteminin yarısını təşkil edir. Depozitlərin, aktivlərin həcminə, həmçinin kreditləşmə səviyyəsinə görə bu bank monopoliyaya malikdir. Eyni status «Kapitalbank»a da verilib. Hakim ailəyə məxsus olan ölkənin sözügedən iki nəhəng bankının əsas gəlirləri dövlət sifarişlərindən gəlir. Bu bankların əsas gəlirləri kredit qoyuluşundan yox, daha çox dövlət sifarişlərinin yerinə yetirilməsindən əldə olunur. Məsələn, pensiyaları, maaşları verəndə buradan gəlir götürürlər. Bu zaman banklar arasında ayrı-seçkilik salınır. Maraqlıdır, nəyə görə 47 bank arasında dövlət sifarişlərini məhz bu banklar həyata keçirməlidir? Bu, açıqdan-açığa rəqabət mühitini pozulması və banqk sektorunda maliyyə monopoliyasının yaradılmasıdır. Bir müddət öncə, Mərkəzi Bank Dövlət Neft Şirkətinə 750 milyon manat pul ayırdı və bunu Beynəlxalq bank vasitəsilə həyata keçirdi. Nəyə görə məhz bu bank? Onsuz da, Beynəlxalq bankın istər kapital portfelinin həcmi, istər aktivləri milyardlarla ölçülür. Bu cür yanaşma və ayrı-seçkilik ona gətirib çıxarır ki, Azərbaycanın bank sistemi rəqabət mühitindən kənarda qalır. Amma bütün bunlar heç də o demək deyil ki, məmur oliqarxlar öz vəsaitlərini tam şəkildə ölkə banklarında saxlayır.
Xaricdə batan pullar
Azərbaycanlı oliqarxlar əmanətlərini əsasən xarici banklarda saxlayırlar. Özü də bu zaman elə banklar seçilir ki, dövlət bu hesablara nəzarət edə bilməsin. Azərbaycanın elan olunmamış milyonçuları bankları etibarlılıq deyil, onun «kölgəlili»yi əsasında seçir. Çünki etibarlı banklar şəffaflığı tələb edir. Bu tip banklar həmin vəsaitin hansı mənbədən qazanıldığını ciddi şəkildə maraqlanır. Məsələn, dünyanın ən neytral bankları İsveçrədə yerləşir. Amma bu ölkədə də deklorasiyası olmayan pulu qəbul etmirlər. Ona görə də azərbaycanlı oliqarxlar bu tip banklara birbaşa deyil, dolayısı yolla yəni digər banklara pul yatırmaqla yol tapırlar. Bu isə heç də həmişə uğur gətirmir. Dünyada baş verən iqtisadi böhran bank sektoruna ciddi təsir göstərir və bu zaman ilk olaraq məhz çirkli pulların yuyulma məkanı kimi tanınan banklar müflis olur. Maliyyə böhranı zamanı ilk olaraq «kölgəli» banklar müflisləşir. Əslində, bu da bir siyasi oyundur. Bir növ dünyada dövr edən çirkli pulların vahid mərkəz tərəfindən tam nəzarətə götürülməsi məqsədi güdür. Ona görə də qlobal böhranda ilk müflisləşən də həmin etibarsız banklar olur. Artıq xarici banklarda böyük hesablar yatıran azərbaycanlı oliqarxların da milyonları təhlükə altına düşüb. Bir neçə ay öncə 4 azərbaycanlı oliqarxın Avstriyadakı «Bank Medici»yə yatırdığı 6,42 milyon dolların batmışdı. Adıçəkilən bankın «Madoff İnternational Securities» Fondu ilə qurduğu invesitisya əməkdaşlığı heç də ona uğur gətirməmişdi və bank müflisləşdiyini elan etdi.
Aşağı faizlərə qadağa
Azərbaycanın bank sektoru elə də qəliz deyil. 40-dan artıq bankın fəaliyyəti sayəsində formalaşmış bu sektorda olanların hamısı ailə bankları kimi diqqəti çəkir. Son iki-üç il ərzində cəmiyyətə açılan və bununla da fəaliyyət göstərdikləri banklarımz hələ də tam açılmış vəziyyətdə deyil. Çünki onlar yalnız konkret tapşırıq əsasında fəaliyyət göstərirlər. Qeyd edək ki, Azərbaycanda bankların verdiyi kreditlər üzrə faiz dərəcələri 26 faizdən az deyil. Amma burada tərs mütənasib olan bir məqam var ki, bankların qəbul etdiyi ən yüksək əmanət 20 faizdən çox deyil. Halbuki ölkə bankirləri istəsələr, bu dərəcələri də artıra bilərlər. Ancaq istəmirlər. Ona görə ki, əhali varlana bilər. Azərbaycanda kreditlərin aşağı faizlə verilməsi mümkündür. Lakin qəti bir tapşırıq mövcuddur ki, bu rəqəm 20 faizə enməməlidir. Bunun hansı səbəbdən edildiyi dəqiq deyil. Təbii ki, banklar bu göstərişləri əsaslandırmaq zorundadırlar. Amma onların əsaslandırmaları heç də reallığı əks etdirmir. Belə ki, banklar bildirir ki, son dövrlər ölkədə infliyasiyanın yüksək olması, daxili bazarın oturuşmuş vəziyyətə gəlməsi nizamnamə kapitalını artırmaq üçün geniş imkanlar açmır. Ona görə də, həmin kapitalı artırmaq məqsədi ilə kreditlərin verilməsi zamanı yüksək faizlər tətbiq olunur. Əslində, bu ağılsız bir arqumentdir və heç bir əsası yoxdur. O zaman Qərb və ya Türkiyə bankları gərək çoxdan iflasa uğrayadılar. Digər bir arqument isə ondan ibarətdir ki, belə kreditlər verilən zaman risq dərəcəyi yüksək olur və ona görə də, faiz dərəcələri artırılır ki, bununla dəyə biləcək zərərin qarşısı alınsın. Yəni, hər nə olursa olsun, təki banka ziyan gəlməsin. Və ya dəyən ziyan əhalinin boğazından çıxarılsın. Amma Azərbaycanda aşağı faizlə kredit vermək istəyən banklar da fəaliyyət göstərmək istəyiblər. Bizdə olan məlumatlara görə, ərəb varlıları ölkəmizdə fəaliyyət göstərməyə çalışıblar. İslami qaydalarla idarə olunacaq həmin bankın əsas niyyəti ölkəmizdə əhaliyə 7 faizlə kredit verilməsini təmin etmək və bununla da böyük müştəri kontingenti toplayaraq, onların əliylə varlanmaq olub. Hətta bankın açılması istiqamətində Milli Bankla belə danışıqlar aparılıb. İş kredit faizinə gəlib çatdıqda danışıqlar dayandırılıb. Çünki Milli Bankın əsas tələbi həmin faiz dərəcələrinin ən azı 20 faiz olmasından ibarət olub ki, ərəb varlıları da bununla razılaşmayıblar.
Deputatlara özəl kredit
Bankların kredit faizi ilə bağlı xüsusilə maraq doğuran məqam aşağı faizlə kredit götürmək qadağasının ancaq sıravi vətəndaşlara aid edilməsidir. Belə ki, deputatlar və güclü nazirlərin başçılıq etdiyi qurumların işçiləri belə şansdan yararlana bilər. Apardığımız araşdırma nəticəsində məlum olub ki, Azərbaycanda deputatlara illik 7 faiz olmaq şərti ilə 5 milyon dollara qədər kredit verilir. Həmin kredit seçdirilmiş deputatların maddi rifahının yaxşılaşdırılması məqsədi ilə verilir. Araşdırma nəticəsində o da məlum olub ki, bu pulların hesabı yuxarılar tərəfindən vaxtında aparılır. Yəni, deputatlar xərclədiyi hər qəpiyin sonda hesabatını verməlidirlər. Bu araşdırmamız zamanı onu da öyrəndik ki, son üç il ərzində əksər deputatlara illik 7 faiz olmaqla kreditlər verilib. Amma onların bəziləri bu pullardan biznes sahəsində istifadə etməkdən qorxaraq, onu başqa bir banka yatıraraq, illik faizlərini almaqla qazanc əldə edə bilirlər. Daha geniş izah versək belə alınar ki, bacarıqsız deputat bir bankdan aldığı pulu başqa banka əmanət kimi yatırır və oradan gələn faizlər sayəsində güzaran qurmağa çalışır. Bu da təqribən hər il 700 min dollar deməkdir ki, 5 il ərzində də həmin rəqəm 3,5 milyon dollara çatır. Deputatlardan başqa ayrı-ayrı nazirliklərdə çalışan işçilər də güzəştli kredit ala bilərlər. Bu zaman onların işlədiyi nazirliyin rəhbərinin şəxsi göstərişi olmalıdır ki, bunu da hər işçi əldə edə bilmir. Amma bütün bunlara rəğmən, onlar üçün nəzərdə tutulmuş limit 80 min manatdır. İllik faiz dərəcəsi isə bu adamlar üçün 12 faiz nəzərdə tutulub. Qeyd edək ki, Azərbaycanda belə kreditlərin verilməsi ilə əsasən bir-neçə bank məşğul olur. Daha doğrusu, proses yalnız onlara həvalə olunub. Bu sırada «Texnika Bank», «Azərdəmiryol» Bank və «Azəriqaz» Bank var. Digər banklar isə istisna hallarda belə proseslərə qatılır. Həmin istisna hal isə kredit istəyənlərin sayının çoxluğu yarananda mümkünləşir. Bankların yeni fırıldaq sistemi
Azərbaycan banklarında baş verən fırıldaqlar bununla yekunlaşmır. Belə ki, banklar son dövrlər öz sərvətlərini talamaqla məşğul olurlar desək yanılmarıq. Başqa yolla pul qazana bilməyən belə banklar daha optimal yollar tapırlar ki, bunu da dünyada müşahidə etmək ümumiyyətlə mümkün deyil. Apardığımız araşdırma nəticəsində məlum olub ki, bir çox banklar öz pullarını ümumi dövriyyədən çıxarmaq üçün yeni üsullara əl atmağa başlayıblar. Onlardan biri əmlakın girov qoyulması yolu ilə kreditlərin verilməsindən ibarətdir. Məsələn, bankın işçisi əmlakın girov qoymaq istəyən şəxslə anlaşaraq, onun əmlakını qiymətləndirən zaman real dəyərindən 30 faiz baha qiymətləndirir. Tutaq ki, mənzil, maşın və ya zinyət əşyasının qiyməti 1 milyon dollardır. Bankın eksperti bu qiymətləndirmə zamanı dəyəri 1,3 milyon dollar göstərir. Əvəzində isə müştəridən həmin 30 faizi alaraq cibinə qoyur. Kredit verildikdən sonra əmlakının tam dəyəri məbləğində pul almış şəxs isə sonradan həmin pulu qaytara bilmədiyini banka çatdırır. Nəticədə, bankın nümayəndələri krediti ödəyə bilməyən şəxsin əmlakını müsadirə edir. Heç nə itirməyən müştəri isə bundan sonra oyundan çıxmış olur. Beləliklə, bank 1,3 milyon dollarını itirməklə əlinə yalnız 1 milyon dollarlıq əmlak keçirir. Amma bu heç də o demək deyil ki, bu əmlak nəzərdə tutulan qiymətə satıla bilər. İlkin alqı-satqı zamanı birjada evə qiymət 1,3 milyon dollar qoyulsa da, onun alıcısı olmur. Növbəti hərracda isə qiymət 30 faiz aşağı salınır. Amma alıcı yenə də əmlakı almır və üçüncü hərracda qiymət daha 10-20 faiz aşağı salınır ki, bu da qiymətin təqribən 40 faiz düşməsinə gətirib çıxarır. Nəticədə, uduzan bank, qazanan isə müştəri ilə bank işçisi olur. Bu əsnada əlimizə maraqlı bir məlumat keçib. Həmin məlumata əsasən Gəncədə fəaliyyət göstərən banklardan birinin filialında, daha doğrusu, Bank Respublikanın Gəncə filialında inanılmaz bir qiymətləndirmə prosesi reallaşdırılıb. Zərgərlərdən biri özünə məxsus qızılı banka qoyaraq, əvəzində kredit almaq istədiyini bildirib. Təqdim etdiyi qızılların üzərindəki qaşların qiymətli daş olduğunu bildirən müştəri sonradan bankın eksperti ilə anlaşaraq, istədiyi 850 min dollarlıq krediti almağa nail olur. Əslində isə onun qoyduğu qızılın ümumi qiyməti 120 min dollar olur. Bu azmış kimi, qızıl əşyalarının üzərindəki «qiymətli daş»ların da adi şüşə olduğu sonradan müəyyənləşir. Krediti alan zərgər isə pulu da götürüb, aradan çıxır. Elə bankın eksperti də onun kimi hərəkət edərək, ortadan sivişir. Ortada isə filalın rəhbəri qalır ki, onun da bir dəfə intihara cəhd etdiyi barədə məlumat var.
10 faizə 100 faiz
Banklardan kredit almağın heç də sadə olmadığı aydındır. Amma önəmli olan orada tanış tapa bilməyindir. Tanış yoxdursa, deməli sən heç vaxt pul ala bilməyəcəksən. Hər dəfə də o qədər süründürməçilik edəcəklər ki, sonda müştəri bezib bir daha kredit adı tutmayacaq. Bazarlarda və ticarət sistemində olduğu kimi, bank işində də maklerlər var. Onların əsas vəzifələri müştəri ilə bankın vasitəçiliyini etməklə, həm özləri, həm də müştərinin kredit almasını təmin etməkdir. Belə hallar bütün banklarda mövcuddur. Ancaq son dövrlər banklarda çalışanlar da bu sahədə ixtisaslaşıblar. İndi onlar başqalarının vasitəçi olmasını istəmir və özləri maklerlik edirlər. Belə ki, bankdan tutaq ki, 3000 manat istehlak krediti almaq istəyən vətəndaş bununla bağlı adıkeçən quruma müraciət edir. Ardından bankın işçisi araya girərək, onunla sövdələşməyə başlayır. Müştəriyə təklif olunur ki, əgər istədiyi məbləği almaq istəyirsə onun 10 faizini gərək rüşvət olaraq həmin şəxsə versin. Bununla razılaşan müştərinin günlərlə çəkdiyi əziyyətə son qoyulur. Ən çoxu 4 saat ərzində həmin vətəndaş istədiyi məbləği alaraq, bankdan uzaqlaşır. Bəzi banklar isə 10 faizə sahib durmurlar. Onlar 20-30 faizlik rüşvət tələb edirlər ki, bunun da adını soyğunçuluq qoysaq daha doğru olardı. Amma elə banklar da var ki, onlar aşkar şəkildə soyğunçuluqla məşğul olurlar. Məsələn, Accses Bank adını üzərinə götürən Mikromaliyyələşdirmə Bankı bu tip banklardandır. Belə ki, AB verdiyi kreditlərə görə, rüşvət istəməsə də, sonradan elə bir hoqqa çıxarır ki, müştəri bir daha onlara üz tutmağa cəsarət eləmir. Prosedur belədir ki, müştəri bankdan götürdüyü 2000 dolları aybaay vaxtında ödəyir. Əgər Allah eləməmiş o, qəfildən xəstələnsə, başına bir iş gəlsə və s. hər gün gecikmə üçün 20 dollar ödəməli olur. Azərbaycanda hələ elə ürəkli bank yoxdur ki, bu qədər cərimə tətbiq etsin. Heç Milli Bankın əsasnaməsində də elə bir müddəa yoxdur ki, orada bir günlük gecikmə üçün bu qədər cərimə nəzərdə tutulsun. Amma Accses Banka bunun qəti aidiyyatı yoxdur. Bu məsələnin bir tərəfi. Digər bir tərəfi də var ki, sözügedən bank qoyulan girovu çox maraqlı şəkildə qiymətləndirir. Məsələn, əgər şəhərin mərkəzində iki otaqlı mənzilin qiyməti 500 min dollardırsa, bank onu ən yaxşı haldı 150 min dollar dəyərində qiymətləndirir. Bunun müqabilində isə verəcəyi kredit 80 min dollardan çox olmur. Bir sözlə, rəsmən soyğunçuluq.
Xaricə pul köçürmədə «evrika»
Nəzərinizə çatdıraq ki, Azərbaycandan xaricə pul köçürülməsi üçün bir sıra xidmətlərdən istifadə olunur. Banklar xüsusi ilə bu funksiyanı həyata keçirirlər. Lakin son dövrlər bu məsələyə də əl qoyulub. Özü də maraqlı bir şəkildə. Bunu pul köçürmədə «evrika»da adlandırmaq olar. Belə ki, xaricə pul köçürmək istəyən şəxs banka müraciət etdikdə, həmin pulun qarşı tərəfə çatdırılması üçün elə də problem yaradılmır. Sadəcə, müştərinin verdiyi pul bankın hesabına salınmır. Telefonla göndəriləcək ölkədəki adama xəbər verilir ki, filan nömrəli abonentə zəng edib ondan pulu ala bilər. Bu köçürmənin müqabilində isə tutlan bank faizi müəssisəyə gəlir kimi deyil, bank işçisinin cibinə daxil olur. Bildirək ki, bəzi hallarda belə köçürmələrdən istifadə zamanı yanlışlıqlar və ya bağışlanmayan hallar meydana çıxır. Məsələn, ötən ilin yayında «Röyal Bank of Baku»nun Nəsimi filalının rəhbəri Cahanbəxş adlı Iran vətəndaşı tanıdığı adamların əli ilə naməlum pul köçürmələri etmişdi. Bu barədə mətbuatda verilən məlumatda qeyd olunur ki, həmin pulun bir qismi Özbəkistana, bir qismi İrana, digər qismi isə Türkiyəyə göndərilib. Hətta bu zaman belə bir iddia meydana çıxmışdı ki, göndərilən pullar ayrı-ayrı terror təşkilatlarının adamlarına çatdırılıb və bu köçürmə məqsədli şəkildə həyata keçirilib. Köçürmə zamanı əldə olunmuş gəlir isə banka deyil, məhz Cahanbəxş adlı şəxsə çatıb ki, bunun da adını tapmaq mümkün deyil.
Bank sistemi kriminallaşır
Məhz bu əməllərin və banklarda olan oliqarx maraqlarının nəticəsidir ki, Azərbaycan bank sektoru sözün həqiqi mənasında kriminal şəbəkə məskəninə çevrilib. Əgər xarici ölkələrdə banklardan iri qarət əməliyyatlarını mütəşəkkil cinayətkar dəstələr həyata keçirirsə bizim ölkədə bu funksiyanı istər özəl, istərsə də dövlət banklarının əməkdaşları, özü də yüksək vəzifəli şəxsləri üzərinə götürüb. Son illərin statistikasına nəzər salsaq, bir çox bank filialının rəhbərlərinin, bankların mərkəzi aparatının işçilərinin həbs olunmasının şahidi olarıq. Sson vaxtlar ölkənin bank sistemi üçün bu cür xəbərlər bir xeyli dərəcədə adiləşib. Az qala hər ay hansısa bankın bu və ya digər vəzifəli şəxsinin oxşar ittihamlar üzərindən həbs edilməsinə yönəlik məlumatlar yayılır. Adamda belə təəssürat yaranır ki, Azərbaycanda bank sistemi tədricən kriminallaşmış struktura çevrilir və burada istənilən cinayətin baş verməsi üçün istənilən münbit şərait var. Son bir ildə baş verən bank cinayətlərinin bir neçəsinə diqqət yetirək: - «Royal Bank» ASC-nin «Paytaxt» filialının müdiri işləmiş Anar Həşimovun qulluq mövqeyindən istifadə etmə və vəzifə saxtakarlığı yolu ilə etibar edilmiş özgə əmlakını külli miqdarda-50 min 259 manat əmanət və faiz pulunu mənimsəyib; - «Azərdəmiryolbank» ASC-nin «Gəncə-2» filialında plastik kart vasitəsilə kreditlərin verilməsi prosesində, biznes və digər məqsədlər, eləcə də avtomobil almaq üçün kreditlərin verilməsi zamanı külli miqdarda pul vəsaitinin talanması faktları aşkar edilib; - «Azərdəmiryolbank» ASC-nin «Gəncə-2» filialının müdiri vəzifəsində işləyən Fərid Qurbanov vətəndaşların qanuni şəkildə götürdüyü kredit hesabına apardıqları ödəmə pullarını uçotdan gizlədərək ələ keçirib və bununla da «Azərdəmiryolbank» ASC-yə məxsus 1 milyon 678 min 255 manat məbləğində külli miqdarda nağd pul vəsaitini talayıb; - «Kapital Bank»ın Qobustan rayon filialının müdiri vəzifəsində işləyən Pərvin Kazımov qulluq mövqeyindən sui-istifadə etməklə bankın Kredit Komitəsindən müvafiq qaydada icazə almadan, bankın digər müştəriləri qarşısında olan öhdəliklərinin təmin edilməsi üçün nəzərdə tutulan və bu məqsədlə filiala göndərilmiş puldan 65 000 manatı mənimsəyib; - «Azərdəmiryolbank»ın Şamaxı filialının direktoru 388.796 manat və 30.478 ABŞ dolları məbləğində pul vəsaitinin, həmçinin bir bağlama girov qızıl əşyalarının filialın xəzinəsindən götürərək mənimsəmişdir; Bank sisteminin ən skandalı cinayətlərindən biri isə ölkənin Mərkəzi Bankından külli miqdarda pulun yoxa çıxmasının aşkarlanması olmuşdu. Həmin vaxt bu cinayətin törədilməsində Mərkəzi Bankın ən yüksək vəzifəli şəxslərinin iştirakı bildirilsə də, sonradan cinayət Bankın mənsəbcə ən sonuncu dərəcəli əməkdaşlarının üzərinə qoyulmuşdu. Bir sözlə, mövcud mənzərə Azərbaycan bank sisteminin kriminal yuvasına çevrilmək üzrə olduğuna dair təəssüratlar yaradır. İstər-istəməz şübhələnir adam: axı nə baş verir bank sektorunda? Bu qədər həbslərin aparıldığı sistemin etibarlılığına, güvənliyinə kim inana bilər?..
***
Bütün bunlar Azərbaycan bank sektoru ilə bağlı adi jurnalist araşdırması zamanı ortaya çıxardığımız faktlardır. O faktlar ki, onları gizlətmək mümkün deyil. Bank adı altında gizli baş verənlər - oliqarxların bank fırıldaqlarının miqyası isə bundan da artıqdır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?