“Bank of Azerbaijan”da yaranmış maliyyə problemi getdikcə daha da dərinləşir. Hazırda bankla müştərilər arasında qarşıdurma səviyyəsində gərginlik yaşanır. Məlumata görə, depozitləri geri almağa çalışan müştərilərə müxtəlif bəhanələr göstərildiyindən vəziyyət daha da dramatik şəkil alıb. Bank faktiki olaraq depozitləri ödəyə bilmir. Bankın sahibi Hafiz Məmmədovun öz müsahibəsində depozitlər məsələsinə toxunaraq “İndi deyirsiniz ki, bir dostum çıxıb bu pulları ödəməyəcək?” şəklində reaksiya verməsi, vəziyyətin ağır olduğunun göstəricisi kimi qiymətləndirildi. Hər halda bank sahibinin pulları dost yardımları ilə ödəməyi planlaşdırması müştərilərdə bank barədə formalaşmış qeyri-ciddi imicin bir qədər dərinləşməsinə səbəb olub. “Gündəm xəbər” “Bank of Azerbaijan”da hazırda hansı vəziyyətin hökm sürdüyü barədə yeni məlumat əldə edib. Bankdakı mənbədən ötürülən məlumata görə, artıq 5-ci gündür ki, bankın bütün əməliyyatlarına “Bank Texnik” nəzarət edir, hətta kassaya mədaxilləri belə “Bank Texnik”in inkasatorları aparır: “Ümumiyyətlə, belə söhbətlər gəzir ki, “Bank of Azerbaijan” hansısa başqa bankın himayəsi və nəzarəti altna keçir. Hələlik ortada rəsmi bir şey olmasa da, ötən həftədən etibarən biz “Bank Texnik”ə hesabat verməli oluruq. Bankın düşdüyü vəziyyətlə əlaqədar müştəriləri itiririk. Kassaya mədaxillər də ciddi şəkildə azalıb. Bu, təkcə bizim şöbədə deyil və söhbət təkcə Bakıdakı şöbələrdən getmir. Bizdə məlumat var ki, əyalət şöbələrində də gün ərzində kassaya yığılan vəsait “Bank Texnik”ə təhvil verilir. Nə baş verdiyini aydınlaşdıra bilmirik. Kassaya medaxil olan kimi “Bank Texnik” aparır. Hətta imkan verilmir ki, depozitləri müştərilərə qaytaraq. Bizə ancaq vaxt uzatmaq tapşırığı verilir və biz də hər gün yalan danışırıq”. Mənbə ehtimal edir ki, “Bank of Azerbaijan”ın ölkədəki banklardan birinin nəzarəti altına keçəcəyi barədə söhbətlər artıq reallaşmaq üzrədir. KƏRİM
Sorğu
Yeni dizaynımız necədir?