İyunun 28-də NATO liderləri Rusiyanın Ukraynaya əsassız müdaxiləsi fonunda son illərin ən mühüm sammiti üçün Madriddə toplaşır.
Alyansın baş katibi Yans Stoltenberq iyunun 27-də bildirib ki, üç günlük sammit zamanı Ukraynaya "təhlükəsiz rabitə, dron əleyhinə sistemlər və yanacaq" kimi sahələrdə yeni yardım paketinin ayrılması razılaşdırılacaq.
Ukrayna prezidenti Volodimir Zelenskinin sammit zamanı videobağlantı vasitəsilə NATO liderləri və müttəfiqlərinə müraciət etməsi gözlənilir.
Sammit zamanı diqqət, həmçinin Türkiyənin üzərində olacaq. Belə ki, Türkiyənin Finlandiya və İsveçin ittifaqa qoşulma təkliflərinə qarşı çıxması da gündəm mövzularından biridir. Stoltenberq sammit ərəfəsində üç ölkənin liderləri ilə danışıqlara qatılacaq.
Bu sammit zamanı NATO-nun elan etdiyi birlik sınaqdan keçirilir. Belə ki, alyansda ABŞ-dan sonra ikinci ən böyük orduya sahib olan Türkiyə terrorçu hesab etdiyi kürd qrupları ilə bağlı Finlandiya və İsveçdən zəmanət tələb edir.
Budəfəki sammit NATO-nun Rusiyanı strateji tərəfdaş kimi görməsi ilə bağlı tonunu dəyişəcək. Bu ton 2010-cu ildən qalmaqdadır.
Məsələ ilə əlaqədar açıqlama verən baş katib bildirib ki, "Madriddə razılaşacağımız strateji konsepsiyada bu artıq belə olmayacaq. Mən gözləyirəm ki, müttəfiqlər Rusiyanın təhlükəsizliyimizə, dəyərlərimizə, qaydalara əsaslanan beynəlxalq nizama birbaşa təhdid olduğunu açıq şəkildə bəyan edəcəklər".
Stoltenberq iyunun 27-də bəyan edib ki, NATO Rusiyanın Ukraynadakı müharibəsinə cavab olaraq yüksək hazırlıq vəziyyətinə gətirdiyi qüvvələrin sayını "300 mindən çox" artıracaq. Hazırda bu qüvvələrin sayı 40 minə yaxındır.
İyunun 28-də liderlərin şam yeməsinə toplaşması ilə başlayacaq sammitdə Koreya və Yaponiya kimi üzv olmayan ölkələrin nümayəndələrinin müşahidəçi qismində iştirak edəcəyi bildirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?