Fərrux Məmmədov: “Bu, Ukrayna üçün tarixi bir zamandır”
“Uels sammiti NATO üçün digər sammitlərdən fərqlidir. Çünki artıq İkinci Dünya Müharibəsindən sonra demokratik Avropa ölkələrinin təhlükəsizliyini bu qədər təhdid edən bir tarixi proses olmamışdı”.
NATO əməkdaşlıq institutunun rəhbəri Fərrux Məmmədov musavat.com-a açıqlamasında sentyabrın 4-5-də Uelsdə (Böyük Britaniya) keçiriləcək NATO sammitindən gözləntilərini bölüşərkən belə deyib. Onun fikrincə, Rusiyanın aqressiyası və açıq şəkildə təhdid halına çevrilməsi bu sammitdə çox mövzunun bağlı qapılar arxasında müzakirəyə çıxarılması zərurətini yaradacaq: “Təbii ki, əsas müzakirə olunan məsələlər NATO ölkələrinin və tərəfdaş dövlətlərin təhlükəsizliyi olacaq. Onları Rusiya aqressiyasından qorumaq, Əfqanıstan məsələsi, terrorizmlə mübarizə, NATO-nun Şərqə doğru genişlənməsi, tərəfdaş ölkələrin NATO-ya inteqrasiyası və yeni üzvlər haqda müzakirələr gedəcək”.
F.Məmmədov hesab edir ki, hal-hazırda NATO üçün ən önəmli olan Avropanın təhlükəsizliyi və tərəfdaş ölkələrin təhlükəsizliyidir: “Düşünürəm ki, Avropada yeni NATO hərbi bazalarının yaradılması qəbul olunacaq qərarlar sırasında ola bilər. Əgər rus təhlükəsi sovuşmasa, NATO Ukraynaya açıq şəkildə hərbi yardım edə bilər. Bu da müzakirə olunacaq məsələlər sırasındadır. Bu gün İraqda baş verən hadisələrə müdaxilə oluna bilər. Təbii ki, əgər İraq dövləti bunu rəsmi şəkildə istərsə. Lakin güman edirəm əsas məsələ təhlükələrdən qorunmaq üçün qəbul olunacaq yeni strategiya olacaq”.
Ekspert güman edir ki, NATO sammitində həmçinin Rusiyanı bütün sahələr üzrə təcrid edilməsi də müzakirə olunacaq: “Məsələn, Avstraliyanın baş naziri təklif göndərib ki, Rusiya G 20-dən çıxarılsın. Sammitdə 50-dən artıq dövlət rəhbəri və rəsmilər olacaq. Onlar da Rusiyanın Ukraynaya təcavüz siyasətini dəstəkləmirlər. NATO demokratik prinsiplər üzrə qurulan Alyansdır. O, Rusiya kimi istədiyi yerə, istədiyi vaxt hücum edə bilməz. Rusiyadan fərqli olaraq NATO-nu şəxslər deyil, mövcud sistem idarə edir. Bu da Alyansın nə qədər güclü olmasını göstərir. Əgər Ukrayna bu sammitə rəsmi olaraq NATO-ya müraciət ünvanlayarsa, rəsmi Kiyev Alyansın yolunu seçdiyi üçün NATO rus təhlükəsinə qarşı onu tam qoruyacaq. Başqa halda bu, açıq şəkildə mümkün deyil. Çünki bildiyim qədər keçmiş prezident Yanukoviç prezidentlik dönəmində NATO ilə əməkdaşlığı durdurmuşdu. Lakin bu, Ukrayna üçün tarixi bir zamandır. Əgər rəsmi olaraq NATO ilə də saziş imzalarsa, o zaman artıq rus təhlükəsindən qorxmaq lazım gəlməyəcək”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?