Birləşmiş Ştatlar Qəzza zolağı ilə Misir arasındakı sərhəd-keçid məntəqəsinin yenidən açılacağını bildirsə də, Birləşmiş Millətlər Təşkilatının Qəzzada ağır humanitar vəziyyət, İsrailin isə hərbi əməliyyata başlamazdan anklavın şimal hissəsində yaşayan fələstinliləri oranı tərk etmələri ilə bağlı xəbərdarlıqlarından sonra məntəqənin nə vaxt açılacağı qeyri-müəyyən olaraq qalır.
Bazar ertəsi bölgədəki bir sıra ölkələrə səfərindən sonra İsrailə qayıdan ABŞ dövlət katibi Antoni Blinken deyib ki, ABŞ Misir, İsrail və BMT ilə birlikdə Qəzzaya yardımın daxil olması və ehtiyacı olanlara çatdırılmasını təmin etmək üçün çalışır.
"Son bir neçə gün ərzində mən İsrail, İordaniya, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Misirə səfər etmişəm", deyə Blinken X platformasında yazıb və əlavə edib ki, "mənim hər tərəfdaşdan eşitdiyim bu münaqişənin yayılmasının qarşısı alınması, günahsız insanların həyatlarının xilası və Qəzzada ehtiyacı olanlara yardımın çatdırılması ilə bağlı ortaq mövqe idi."
İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bazar ertəsi verdiyi açıqlamada Qəzzaya yardımın və xaricilərin oradan çıxmasına icazə verilməsi üçün atəşkəs barədə razılığın olmadığını bildirib.
BMT fələstinli qaçqınlarla iş agentliyinin rəhbəri bazar günü Qəzzanın "boğulduğunu", su, qida və dərman ehtiyatlarının tezliklə tükənəcəyini deyib.
"Keçən həftə İsrailə hücum dəhşətli idi. Hücum və əsirlərin girov götürülməsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Lakin dinc əhalinin öldürülməsinə cavab daha çox mülki vətəndaşın qətli ola bilməz" - deyə, o, jurnalistlərə bildirib.
İsrail ordusunun bazar ertəsi bildirdiyinə görə, HƏMAS-ın 7 oktyabr hücumundan sonra Qəzzaya aparılan girovların sayı 199 nəfərdir. Daha öncə bu rəqəmin 155 olduğu bildirilirdi.
"Girovlarla bağlı səylər əsas milli prioritetdir. Ordu və İsrail onları geri qaytarmaq üçün gecə-gündüz çalışır", deyə ordu sözçüsü, kontr-admiral Daniyel Haqari deyib.
Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterres HƏMAS-ı girovları heç bir şərt olmadan dərhal azad etməyə çağırıb. O, həmçinin İsraildən humanitar yüklərin və işçilərin Qəzzaya maneəsiz daxil olmasına icazə verməsini istəyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?