Toydan çıxdıqdan sonra özünü maşınların altına atan şəxs ona müdaxilə edən dostunu döyüb. Sərxoş şəxs dostuna ağır zərbələr endirib. Xəsarət alan şəxs hadisədən 11 gün sonra dünyasını dəyişib.
Hadisə Beyləqan rayonu, Yeni Mil qəsəbəsində qeydə alınıb.
32 yaşlı Seyidağa Rüstəmov Füzuli rayonunda toy məclisindən sorxoş vəziyyətdə Yeni Mil qəsəbəsinə qayıdıb. Orada sərxoş vəziyyətdə yol kənarında dayanaraq hərəkətdə olan maşınlara işarə edərək saxlatdırmağa başlayıb. Sonra da həmin maşınların sürücüləri ilə mübahisə edib.
Hadisə yerində olan Seyidağanın dostu Ramil Rzayev buna müdaxilə edib. Ramil də hadisə zamanı az miqdarda spirtli içki qəbul edibmiş. Ramil Seyidağanı tutaraq yoldan çıxarıb və kənara çəkilməsini istəyib. Seyidağa buna əsəbiləşərək Ramilə yumruq zərbələri endirməyə başlayıb. Yerə yıxılan Ramil bir müddət sonra ayılıb. Hadisə yerinə Ramilin valideynləri də gəlib. Ramilin üzünə su vuraraq onu ayıldıblar. Lakin vəziyyəti pisləşməyə başladığı üçün onu xəstəxanaya aparıblar. Beyləqan rayonunda yerləşən xəstəxanada Ramilin vəziyyətinin ağır olduğu deyilib və təcili olaraq Bakıda yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasına gətiriblər.
Ramil Bakıda 11 gün müalicə aldıqdan sonra dünyasını dəyişib.
Elan edilmiş ittihamla Seyidağa özünü qismən təqsirli bilib və deyib ki, dostu Ramillə düşmənçiliyi olmayıb. Onun sözlərinə görə, hadisə zamanı içkili olduğu üçün bu hadisə baş verib.
Seyidağa bildirib ki, hadisə zamanı özünü maşınların altına atmırmış:
“Beyləqana getmək üçün maşın axtarırdım. Ona görə də maşınlara əl edirdim. Ramil də bunu səhv başa düşdü. Ramili necə vurduğumu xatırlamıram. Məqsədim əlbəttə, onu öldürmək olmayıb. Atası gələndə birlikdə onun üzünə su vururduq. Sonra mən evə getdim. Ramilin vəziyyəti pisləşəndə atam dedi ki, polisə təslim olum”.
Məhkəmədə mərhumun anası hüquqi varis kimi dindirilən zaman Seyidağanın çox avara adam olduğunu deyib:
“Seyidağanı qəsəbədə əhalini narahat edən, xuliqan biri kimi tanıyıram. Seyidağa kənddə adamlara yaxınlaşaraq siqaret almaq üçün pul istəyirdi. Davranışları da hamı tərəfindən pis qarşılanırdı”.
Mərhumun anası iddia edib ki, oğlunu Seyidağadan başqa şəxslər də döyüb. Bildirib ki, Seyidağa onun oğlunu qəsdən öldürdüyü üçün maddə tövsif edilməlidir.
Seyidağa isə ifadəsinə əlavə edib ki, Ramili vurandan sonra başı yerə dəydiyi üçün ağır xəsarət alıb.
Seyidağa Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan ölümə səbəb olma və xuliqanlıq maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib./musavat.com/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?