Azərbaycan mətbuatında icra hakimiyyəti başçıları sırasında ən qalmaqallı şəxs hesab olunan Elmar Vəliyev Gəncəyə təyinatından bu yana demək olar ki, ən iri ranqlı məmurlarla da açıq savaşlar aparır.Yəni o, özündən yüksək vəzifə səlahiyyətləri daşıyan hər məmurun işinə birbaşa müdaxilələr edib, şəhəri öz istədiyi kimi idarə edir. Artıq sirr deyil ki, Gəncədə baş verənlər medianı izləyən hər bir maraqlı oxucunun yaddaşında qeyri-adi izlər də buraxıb. Bunlar təbii ki, ayrı-ayrılıqda jurnalist üçün araşdırma mövzusudur və araşdırılmalıdır. Əldə etdiyim bilgilərə əsaslanıb deyə bilərəm ki, son illər Elmar Vəliyev ədalı hərəkətləri ilə daha çox təhsil naziri Mikayıl Cabbarovla problemlər yaşayıb. Belə ki, icra başçısı təyinatından dərhal sonra o, Gəncə şəhərindəki orta məktəblərdə də kadr islahatları aparıb, özünün şəxsən önəm verdiyi şəxsləri direktor vəzifəsinə təyin edib, bir sıra məktəb direktorunu isə vəzifəsindən özünəməxsus tərzdə qovdurub.Təbii ki, bu addımlar haqlı olaraq Təhsil Nazirliyi tərəfindən heç də yaxşı qarşılanmayıb.Və dəfələrlə ölkə təhsilinin inkişafına xüsusi önəm verən və prezident cənab İlham Əliyev tərəfindən bu öhdəliyi çiyinlərində daşıyan Mikayıl Cabbarov məsələnin ciddiliyini bildirməklə narahatlığını açıqca bildirib.Öz növbəsində Elmar Vəliyevi təhsil nazirliyinin işlərinə müdaxilələrdən çəkinməyə dəvət edib.Təsadüfi deyil ki, hətta Mikayıl Cabbarov Gəncədə keçirdiyi iclaslarda nazirliyə tabe bütün qurumların yalnız təhsil nazirliyinə tabe olduğunu xatırlatmaqla, icra hakimiyyətlərinin məktəblərə və digər təhsil müəssisələrinə qanunsuz müdaxilələrini pisləyib. Bütün bunlara baxmayaraq, bir çox hallarda təhsil naziri deyəsən Elmar Vəliyevin şəxsi mövqeyinə uduza-uduza gedir.Təkcə Gəncə şəhəri 28 saylı orta məktəb barədə sadalayacağımız faktlar buna əyani sübut ola bilər. Belə ki, uzun müddət yarıtmaz fəaliyyəti ilə Göygöl rayonu Hacıməlik qəsəbəsində direktorluq etmiş İmran müəllimin Elmar Vəliyev tərəfindən 28 saylı orta məktəbə “transfer” olunması, öz-özlüyündə dediyimiz mətləblərdən xəbər verir. Xatırladaq ki, İmran Məmmədovun adı hal-hazırda həbsdə olan Göygöl rayonunun sabiq təhsil müdiri Altay İsmayılovla da yanaşı çəkilib. Haqqında bir xanımı Rusiyaya buraxaraq adına əməkhaqqı yazması kimi əfsanələr də qoşulub. Məhkəmə predmeti olmasın deyə, hələlik bu mövzuya toxunmuruq.Yalnız Göygöl rayonu Hacıməlik qəsəbəsindəki orta məktəbin direktoru vəzifəsindən qol qoyduğu ciddi nöqsanlara görə, məhz təhsil nazirinin qərarı ilə direktor vəzifəsindən uzaqlaşdırılan birisinin, yenidən Gəncədə direktor ola bilməsinə diqqət çəkirik. Bizimçün və oxucu üçün belə halların qeyri-adi olmasını da nəzərə alırıq. Amma yuxarıda da qeyd etdiyimiz kimi, Elmar Vəliyev belə təyinatlarda “qırmızı xətt” tanımır. Əlavə olaraq o da onu da qeyd edək ki, bu direktor təyinatında Elmar Vəliyevin iki şəxsi marağı ortada olub.Birinci məqam 28 saylı orta məktəbin sabiq direktoru Rəna xanım İsmayılovanın, məhz cənab Vəliyev tərəfindən hədəfə alınaraq çıxarılması dayanıbsa, digər tərəfdən Gəncə şəhər Polis İdarəsinin rəisi cənab Faiq Şabanovun İmram bəylə yeznə-qayın olması, bu ağlasığmaz təyinatın reallaşmasına xidmət edib.
-Elmar Vəliyevin sabiq direktor Rəna İsmayılovanı hədəfə almasının əsl səbəbi nə olub? Bu məsələdə Əhməd Əhmədzadənin başçıya telefon zəngi niyə olub? Mövzu diqqətimizdədir... Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?