Cənab Prezident tapşırmır ki, qol qoyduqunuz çoxsaylı qanunsuzluqları ictimailəşdirən media təmsilçiləri ilə “vorzakon” dilində danışın, onları hədələyin, azad mətbuatı susdurmağa çalışın
Son vaxtlar mətbuatın gündəmini zəbt edən mövzulardan biri də, Nərimanov rayon sakinlərindən bəzilərinin icra hakimiyyəti aparatının rəhbərliyində duran vəzifə sahibləri tərəfindən gözümçıxdıya salınmalarıdır. Düzdür, yaşanan problemlərdən əksəriyyətini bu günədək “Gündəm Xəbər” qəzeti olaraq bir neçə dəfə işıqlandırmışıq, problemlərin mahiyyətini aidiyyəti qurumların, o cümlədən Nərimanov RİH-ti rəhbərliyinin diqqətinə də çatdırmışıq. Amma, nə fayda! Yazdıqlarımızı nə saya sayan olub, nə də ki, problemlərin həlli istiqamətində hər hansı addımlar atılıb.
Amma, bir redaksiya olaraq yazdıqlarımızın qarşılığında rayon icra hakimiyyəti başçısının müavini cənab Şahmar İbadovun hədələri ilə üz-üzə qalmışıq. Buna səbəb o olub ki, biz həqiqəti yazmışıq, rayon rəhbərliyində duran şəxslərin qol qoyduqları çoxsaylı qanunsuzluqları geniş ictimaiyyətin diqqətinə də çatdırmışıq. Atdığımız addımlar isə rəhbərlikdə duran şəxslərin, o cümlədən Şahmar İbadovun marağına cavab vermədiyindən, o, bizimlə hədə-qorxu dilində danışmağın yolunu seçdi. O halda sual oluna bilər ki, bizim günahımız nədir? Səbəb nədir ki, sakinləri illər uzunu getgələ salırsınız, problemlərinin həlli ilə məşğul olmaq əvəzinə, onları da hədələyirsiniz. Daha yaxşı olmazmı ki, atdığınız addımların səs-sorağı ölkənin siyasi rəhbərliyinə də gedib çatsın, hər kəs tərəfindən də alqışlansın. Axı, ölkə rəhbəri cənab İlham Əliyev kimi hansı rəhbər vəzifəyə təyin edirsə “gedin əhali ilə işləməyi ilə bacarın, problemlərinin həlli ilə məşğul olun” deyə lazımi tapşırıqlarını verir. Cənab Prezident tapşırmır ki, qol qoyduqunuz çoxsaylı qanunsuzluqları ictimailəşdirən media təmsilçiləri ilə “vorzakon” dilində danışın, onları hədələyin, azad mətbuatı susdurmağa çalışın.
Bu gün rayon ərazisində yaşanan çoxsaylı sosial problemlərdən biri də, 10 oktyabr 1925-ci il təvəllüdlü, Bakı şəhəri Moskva prospekti ev 79/2, mən-67 ünvanında qeydiyyatda olan Anna Pavlovna Şepelyevagilin ailəsinin, RİH-i başçısının 1-ci müavini cənab Şahmar İbadovun əlində “əsir-yesir” qalmasıdır. Anna Pavlovna “Gündəm Xəbər” qəzetinin redaksiyasına ünvanladığı şikayət ərizəsində yazır ki, “mən 1998-ci ildən yuxarıda qeyd etdiyim ünvanda 1949-cu il təvəllüdlü qızım Şepelyeva Yelena Nikolayevna ilə birlikdə yaşayırdım. 2013-cü
ilin dekabrında bizə bildirdilər ki, “yaşadığınız ünvan plana düşüb, ona görə də söküləcək”. Həmin vaxt yaşadığımız mənzilin ümumi sahəsi 28,3kvm olsa da, 29 noyabr 2013-cü il tarixdə imzalanmış zəmanət müqaviləsi № 67-79/2 olan müqaviləyə əsasən, bizim ailəyə 55,22 kvm-lik 1 otaqlı tam təmirli mənzil verilməli idi. Elə ki, söküntü işləri plan üzrə başa çatdırıldı, o halda köçürülən sakinlərə başqa ünvanlarda kirayə yaşamaq üçün, kirayə haqqının ödənilməsi barədə öhdəlik də götürüldü. Düzdür, dörd ay və hər ay da 300 manat olmaqla bizə də kirayə haqqı ödənilsə də, sonrakı aylarda vermədilər. Elə ki, kirayə haqqımızı tələb edirik, o halda RİH-i başçısının 1-ci müavini cənab Şahmar İbadov bildirir ki, “pu-para yoxdur, gedin kimə istəyirsiniz şikayətinizi verin” deyir”.
Anna Pavlovna Şepelyeva onu da bildirir ki, “kirayə pulunu vermədikləri qalsın bir yana, imzalanmış müqavilə əsasında ailəmizə verməli olduqları 55,22kvm-lik mənzili də vermirlər. Bizə Şahmar İbadov 44 kvm-lik mənzil təklif edir və bildirir ki, “başqa mənzil yoxdur. Digər mənzilləri Maliyyə Nazirliyi alıb, əgər 44kvm-lik mənzili istəməsəniz, o halda sizə mənzil verməyəcəyəm və sizi şəhərdən kənara göndərəcəyəm” deyir. Artıq həmin vaxtdan üç ildən çox müddət keçib. Mən qızımla kirayədə yaşayıram və dövlətdən aldığım təqaüdü də kirayə haqqına ödəyirəm. Çünki, Şahmar İbadov bizi kimsəsiz bildiyindən, ötən illər ərzində kirayə pulumuzu da (təqribən 10 min manat pulumuzu) mənimsəyiblər, qanuni sənəd-sübutla imzalanmış zəmanət müqaviləsində göstərilən ölçüdə mənzilimizi də vermirlər. Mən müharibə veteranıyam, yaşlı qadınam. İcra hakimiyyətindən yalnız haqqımı tələb edirəm, müqavilə əsasında olan mənzilimizi istəyirəm.
Mən ölkə rəhbəri cənab İlham Əliyevin 27 aprel 2005-ci il tarixdə imzaladığı sərəncam əsasında, 1941-1945-ci illər Böyük Vətən Müharibəsində qələbənin başa çatmasının 60 illiyi ilə əlaqədar, yubiley medalı ilə də təltif olunmuşam. Ötən illər ərzində ölkənin siyasi rəhbərliyi tərəfindən bu cür diqqət gördüyüm halda, Nərimanov rayon İcra Hakimiyyəti rəhbərliyi, xüsusilə də icra başçısının 1-ci müavini Şahmar İbadov tərəfindən isə, daim diqqətsizlik görmüşəm”.
Hörmətli oxucular! İnanırıq ki, bu açıqlamanın dərci də cənab İbadova hansısa formada toxunacaq mövzulardan biri olacaq. Çünki, açıqlamada sadə bir ailənin başına gətirilən problemlərdən, o cümlədən kirayə pulunun mənimsənilməsindən, müqavilə əsasında onlara verilməli olan mənzilin verilməməsindən bəhs olunur. Axı, biz müstəqil media olaraq hər kəsin üz-üzə qaldığı problemlərin varlığını ictimailəşdirməyə borcluyuq. İctimailəşdiririksə heç də qanunu pozmuruq, yalnız üzərimizə düşən vəzifə borcumuzu yerinə yetiririk.
Ətraflı növbəti saylarımızda. Problemin varlığını diqqətdə saxlayacağıq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?