Həbsdəki general danışa bilmədiyini, səhhətinin ağırlaşdığını dedi
Xəbər verdiyimiz kimi, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Akif Çovdarovun törətdiyi cinayətlərin əksəriyyəti hərbi cinayətlər olduğub üçün onun və onunla birlikdə ittiham olunan şəxslərin cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Cinayət işi məhkəmənin sədri Həbib Həsənovun sədrlik etdiyi kollegiyada araşdırılır.
Məlumat üçün bildirək ki, Bakı Hərbi Məhkəməsində təhlükəsizlik tədbirləri güclü olmadığı üçün Akif Çovdarovun işinə Sabunçu rayon Məhkəməsinin inzibati binasında baxılır.
Buna səbəb isə bu məhkəmədə təhlükəsizlik tədbirlərinin güclü olmasıdır. Amma prosesə jurnalistlər buraxılmır. Bunu da belə əsaslandırırlar ki, Akif Çovdarovun cinayət işində dövlət əhəmiyyətli sirlər var.
Bu sirlərdən əsası birdə ondan ibarətdir ki, MTN-nin agentura şəbəkəsinə ayrılan pullar və şəbəkənin üzvlərinin ictimayyətə açıqlanmaması üçün nəzərdə tutulur. Mətbuat prosesə
buraxılmasa da, qapalı məhkəmə iclasından bəzi materiallar üzə çıxır.
Prosesdə Akif Çovdarovun vəkili Kamandar Nəsibov çıxış edib. O, bildirib ki, cinayət işinin materialları ilə tanış olmaq üçün ötən iclasda ona verilən vaxt yenə bəs etməyib.
Onun sözlərinə görə, oktyabrın 19-da keçirilən prosesdə cinayət işi ilə tanış olması üçün vaxt verilib. Vəkil əlavə edib ki, oktyabrın 31-dək verilən vaxt həddindən artıq az olub.
Vəkil əlavə edib ki, cinayət işinin 56 cildindən yalnız 30-nu oxuyub. O, cinayət işi ilə tam tanış olmaq üçün vaxtın çatışmadığı olub: “Məlum oldu ki, iş əvvəl bildiyim kimi, 56 deyil, 60 cilddən ibarət imiş”.
Kamandar Nəsibov məhkəmədən iclası daha 20 gün təxirə salmağı xahiş edib. Hakim vəsatət qaldırıldıqdan sonra iclasda iştirak edənlərin bununla bağlı fikirlərini öyrənib. Akif Çovdarov üzünü vəkili Kamandar Nəsibova tutaraq deyib: “Deyirsən gündə 4 cild oxuyuram. Nə deyirsən sən? Düz danışmırsan. Mən gündə 2 saat otura bilirəm. Həmin vaxtda cinayət işini ancaq vərəqləmək olar”.
Akif Çovdarov vəsatətə münasibət bildirərkən səhhətindən şikayətlənib: “Danışa bilmirəm. Vəziyyətim yaxşı deyil, yalnız 2 saat ittiham aktı ilə tanışlığa vaxt ayırıram. Səhhətimlə bağlı mənə normal şərait yaradılmayıb”.
Daha sonra Kamandar Nəsibovun əlavə vaxt istəməsi ilə bağlı vəsatətinə dövlət ittihamçısı münasibət bildirib. O, bildirib ki, təqsirləndirilənlərə və onların vəkillərinə işin materialları ilə tanış olmaq üçün indiyə kimi kifayət qədər vaxtın verilib. O,
Akif Çovdarovun vəkillərinə cinayət işi ilə tanış olması üçün əlavə vaxtən verilməsinə qəti etirazını bildirib. Lakin müşavirə keçirən hakimlər Akif Çovdarovun vəkilinin vəsatətini qismən təmin edib. Onlara cinayət işi ilə tanış olması üçün əlavə olaraq 10 gün vaxt verilib.
Proses qarşılıqlı ittihamlarla keçib. Zərərçəkmişlər Akif Çovdarova etirazını bildiriblər. Qeyd ediblər ki, prosesin uzadılması heç bir işə yaramayacaq.
Cinayət işi üzrə ifadə verən şəxslərdən biri də Akif Çovdarovun kürəkəni Rövşən Qasımovdur. O, bildirib ki, “Aqua Agro” MMC-nin direktoru olub: “Həmin MMC-ni ona görə təsis etmişəm ki, Masazır qəsəbəsində, “Şuşa” qaçqın şəhərciyi tərəfdə yerləşən istixanaların arxasında balıqçılıq təsərrüfatı yaradım. Həmin istixanalar qayınanamın adına olan “Bəhrə-2010” MMC-yə məxsusdur. Balıqçılıq təsərrüfatını yaratmaq ideyası da, elə həmin istixanaların tikintisi zamanı yaranıb”.
Onun ifadəsinə görə, balıqçılıq təsərrüfatı yaratmaq üçün Masazır bələdiyyəsindən 2 hektar torpaq alıb: “Başlanan tikinti 2015-ci ildə yekunlaşdı. Bu işə 500-600 min manat xərcimiz çıxdı”.
Rövşən Qasımov bildirib ki, pulun 450 min manatını iş ortağı Məmməd Cəfərov qoyub: “Lakin tikintini yekunlaşdırmaq ərəfəsində baş verən devalvasiya Məmməd Cəfərovun maliyyə vəziyyətini pisləşdirdi. Buna görə də Məmməd qərara aldı ki, mənimlə birgə biznes layihəsindən çıxsın. Həmçinin xahiş etdi ki, balıqçılıq təsərrüfatınq qoyduğu pul qaytarılsın. Bu qədər
pulu birdən qaytarmaq imkanında olmadım. Razılaşma əldə etdik ki, pul hissə-hissə qaytarılsın. Əvvəlcə pulu məşğul olduğum taxta alveri ilə qaytarmağa çalışdım. Şərtə görə Rusiyanın Sverdlovsk vilayətinin Verxoturye şəhərində yerləşən taxta sexindən ayda 5 vaqon taxta gətirərək Məmməd Cəfərova verməli idim. Məqsəd o da həmin taxtaları sataraq pulunu götürməsi idi. Lakin tikinti biznesi çökdüyündən taxta alveri də zəiflədi. Məmməd Cəfərov isə xahiş etdi ki, pulu qaytarmağı tezləşdirim”.
Rövşən Qasımov qeyd edib ki, 2015-ci ilin aprelində Sahibkarlığa kömək Milli Fondundan kredit götürə bilmək üçün MMC-ni qaynanasının adına keçirib: “Kredit götürə bilmək üçün işləyən müəssisə lazım idi. “Bəhrə-2010” MMC-nin istixanaları isə işə düşmüşdü və “Aqua Agro”nu qaynanamın adına keçirəndən sonra kredit almaqda problem olmayacaqdı. Bununla da balıqçılıq təsərrüfatının yerləşdiyi torpaq sahəsi 2015-ci ilin iyun ayında İbadət Çovdarovanın adına rəsmiləşdirildi. Bundan sonra kredit almaq üçün sənədləri hazırlamağa başladıq. Amma sənədləri hazırladığımız vaxt qayınatam həbs edildi. Bundan sonra kredit üçün Fonda müraciət etmədim. Nəticədə ortağıma 57 min manat borcum qalıb”.
Xatırladaq ki, Akif Çovdarov və digər şəxslərin cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində
əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?