Bakının Biləcəri qəsəbəsindəki uşaq bağçasında özbaşınalıq baş alıb gedir. "Gündəm xəbər"ə müraciət edən valideynlər də elə bu özbaşınalıqlardan danışıblar. Belə ki, bir qrup valideyn 298 saylı uşaq bağçasından şikayətçidir. Onların sözlərinə görə, havalar soyuyandan müəssisənin istilik sistemi normal işləmir: "Bu il soyuqlar tez düşsə də, bağçada bu məsələ nəzərə alınmayıb. İstilik sistemi təqvim üzrə 15 noyabr tarixinə qədər işə düşməli olsa da, siniflərdə bu məsələ qızdırıcılarla yola verilib. Bu səbəbdən xeyli körpə xəstəlik tapıb. Hətta bəzən uşaqların yarısının dərsə gəlmədiyi günlər də olub".
Valideynlər bildiri ki, son zamanlar isə uşaqların qida rasionunda dəyişikliklər olub: "Lazım olan yeməklər daha bəsitləri ilə əvəz olunub. Məsələn, günün ikinci yarısında verilməli olan isti qidalar peçenye və pendir-çörəklə əvəzlənib. Günorta yeməyində isə iki çeşit yemək əvəzinə ancaq yağsız kartof püresi yedizdirilir".
Uşaq baxçasında özbaşınalıqlar bununla da bitmir. Valideynlər bildiri ki, müəssisənin direktoru İradə Əhmədova bağçadakı yerləri satmaqla məşğuldur: "Hər yeni uşaqdan 350 manat və aylıq da 50 manat tələb edir. Razılaşmayan valideynlərə isə "hara müraciət edirsiniz edin, mənim arxam güclüdür” deyir".
Müdirin rüşvət ehtirasından təkcə valideynlər yox, tərbiyəçilər də şikayətçidilər. Son günlər İ.Əhmədova hər tərbiyəçinin üzərinə 50 manat "tas” qoyub və bunu onunnla əsaslandırıb ki, Hesablama Palatasından yoxlama var, ona görə yığılır.
Xatırladaq ki, 298 saylı körpələr evi-uşaq bağçası dövlət müəssisəsidir və orada tərbiyə alan uşaqlar üçün valideynlər heç bir ödəniş etməli deyillər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?