Silsilə terror aktlarının arxasında hansı qüvvələr dayanir?
Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşmasından sonra Qərb dövlətləri Türkiyəyə qarşı açıq təzyiqlərə və terror hücumuna keçiblər. Silsilə terror aktlarından daha biri Yeni il gecəsi İstanbulun məşhur “Reina” gecə klubunda baş verdi. Qanlı hücum nəticəsində 39 nəfər həlak oldu, 69 nəfər isə yaralandı. Terror hücumu zamanı həyatını itirənlərin 16 nəfəri 2017-ci ili Türkiyədə qarşılamaq həvəsi ilə İstanbula gələn əcnəbilər idi.
Dekabr ayı terror hücumlarının intensivliyi baxımından, Türkiyə üçün xüsusilə, ağır keçdi. Dekabrın 11-də İstanbulun Beşiktaş səmtində – “Vodafone Arena” stadionu yaxınlığında törədilmiş terror aktı nəticəsində 46 nəfər həlak oldu, 166 nəfər yaralandı. Bir həftə sonra – dekabrın 17-də Kayseridə baş vermiş terror hücumu isə 14 hərbçinin həyatına son qoydu. Ardıcıl şəkildə həyata keçirilən terror hücumlarının sistemli xarakter alması Türkiyənin beynəlxalq güclərin açıq hədəfində olduğunu bir daha təsdiqlədi.
Niyə məhz “Reina”?
“Reina” gecə klubunda törədilmiş terror aktından sonra ənənəvi “Kim və niyə” sualı ətrafında yeni müzakirələr başlandı. Əslində, bu polemikalara yeni də demək olmaz. Çünki hər terror hücumlarından sonra qanlı aksiyanın mümkün təşkilatçıları və məqsədləri ətrafında diskussiyalar aparılırdı.
“Reina” terroru haqqında ilk məlumatlar yayıldıqdan sonra bu hücumun arxasında da ABŞ başda olmaqla, Qərb ölkələri xüsusi xidmət orqanlarının dayandığı mülahizələri irəli sürüldü. Terror aksiyasının təşkilatçısı qismində nəzərlərin yenə Qərbə tuşlanması təsadüfi deyildi. Türkiyənin müstəqil siyasət kursunu həzm edə bilməyən Qərb üzrə “müttəfiqlər”i Ankaranı ram etmək üçün artıq bütün vasitələri özlərinə məqbul sayırlar. ABŞ-dan idarə olunan 15 iyul çevrilişinə cəhdin iflası və Türkiyənin regional proseslərin “bataqlığında” ilişib qalmaması Qərbi məhz terror ssenarilərinin icrasına sövq edib. Türkiyənin Rusiya ilə münasibətləri normallaşdırması isə “Köhnə dünya”nı Ankaraya qarşı daha da aqressivləşdirib. Türkiyədə baş verən bu və ya başqa terror aktlarına görə məsuliyyəti hansısa qruplaşmanın öz üzərinə götürməsinə baxmayaraq, həmin hücumların ABŞ, yaxud da Türkiyəyə nifrətlərini diplomatik davranışla pərdələməyə belə ehtiyac görməyən Almaniya ilə Fransanın “mətbəx”ində hazırlanması bir aksiom kimi şübhə doğurmur.
Qərbin İstanbulda yeni il gecəsi təşkil etdiyi terror hücumunun məkanı olaraq, “Reina” gecə klubunun seçilməsi də Türkiyəyə vurula biləcək zərərin miqyasını böyütmək məqsədi daşıyıb. Türkiyədə turizm sektorunun əcnəbilərin daim axın edəcəyi dərəcədə yüksək səviyyədə inkişafı və ölkə iqtisadiyyatında bu
sahənin böyük əhəmiyyətini nəzərə alsaq, terror hücumunun “Reina”da gerçəkləşməsinin səbəbi aydın olar. Məqsəd xarici ölkə vətəndaşlarının nəzərində Türkiyəni “terror ocağı” kimi göstərməklə, ölkə barəsində neqativ təəssürat yaradaraq, turizm axınının qarşısını almaq və dövləti milyardlarla gəlirdən məhrum etməkdir. Bu terror hücumunun həyata keçirilməsi üçün vaxt seçimi də bəhs olunan ehtimalı qüvvətləndirir. Çünki İstanbulun ən sabit səmtlərindən biri sayılan Ortaköy əcnəbi turistlərin hər zaman gur olduğu ərazidir. Yeni il ərəfəsində İstanbula gələnlərin də əksəriyyəti gəzinti və əyləncə üçün məhz Ortaköyü seçirlər. O cümlədən, həmin səmtdə yerləşən “Reina” gecə klubunun əsas müştəri kontingentini də xarici ölkə vətəndaşları təşkil edirlər. Gecə klubunda həlak olanların təqribən yarısının əcnəbilər olması təşkilatçıların gerçək hədəfini bir daha göstərir.
İŞİD məsuliyyəti üzərinə götürsə də…
“Reina” terroruna görə məsuliyyəti İraq-Şam İslam Dövləti (İŞİD) terror şəbəkəsinin öz üzərinə götürməsindən sonra qanlı hücumun icraçısı haqqında müəyyən məlumatlar açıqlanıb. Bildirilir ki, gecə klubuna silahlı basqın ötən il noyabrın 26-da həyat yoldaşı və iki övladı ilə birlikdə Türkiyəyə (Konyaya) gələn bir uyğur türkü tərəfindən törədilib. İcraçının etnik mənsubiyyətinin müəyyənləşdirilməsi yuxarıda qeyd olunan ehtimalı bir qədər də konkretləşdirməyə imkan verir. Məlumdur ki, Çinin tərkibində muxtariyyata malik olan uyğur türkləri hakim etnosun daimi təzyiqi altında yaşayırlar. Pekin rejiminin uyğurlara yönəlik assimlyasiya siyasətinə baxmayaraq, bu xalq özünün milli-dini kimliyini qoruyub, mühafizə etmək üçün bütün gücü ilə müqavimət göstərməkdədir. Çin hakimiyyətinin uyğurlara qarşı aramsız təzyiqi dəfələrlə Türkiyənin kəskin etirazına səbəb olub və məhz bu amilə görə Ankara-Pekin münasibətlərində gərginlik heç vaxt səngiməyib. Eyni zamanda, Çini zəiflətmək məqsədi ilə uyğur amilindən faydalanmağa çalışan ABŞ da bu etnosa yönəlik müəyyən jestlər edib. Hətta Dünya Uyğur Konqresinin sədri, hazırda ABŞ-da yaşayan Rabiyə Qədir Birləşmiş Ştatların Çinə qarşı əsas kartlarından birinə çevrilib. Uyğur milli hərəkatının bir sıra aparıcı simalarının Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) tərəfindən birbaşa təlimatlandırıldıqları da heç kimə sirr deyil. Bu baxımdan, “Reina” terrorunun həyata keçirilməsi üçün bir uyğur türkünün qabağa verilməsi təsadüfi ola bilməz və hücumun ABŞ-da ssenariləşdirilməsi qənaətini xeyli gücləndirir. Məqsəd Türk cəmiyyətinin hər zaman diqqət və təəssübkeşliklə yanaşdığı uyğurlara qarşı əks-münasibət formalaşdırmaqdır. Qərbin bu taktikası digər etnosların timsalında artıq “sınaq”dan çıxarılıb. 2015-16-ci illərdə Türkiyədə həyata keçirilmiş bir sıra terror hücumlarının icrasına çeçenəsilli şəxslərin və Suriyalı qaçqınların cəlb olunmaları da qardaş ölkədə bu kateqoriyadan olan insanlara nifrət aşılanması məqsədindən irəli gəlir. Hər halda, “Reina” terrorunun təhqiqatı qeyd olunan ehtimalları daha əminliklə dəyərləndirməyə imkan verəcək.
Dövlət çevrilişi cəhdi və silsilə terror aktları
İrəli sürülən bu versiyaları şərh edən Ankara “Yıldırım Beyazıt” Universitetinin professoru Salih Yılmaz bildirib ki, “Reina” terrorunun əsas məqsədi 15 iyul çevriliş cəhdindən əvvəl və sonra Türkiyəyə yönəlmiş hücumların məqsədi ilə eynidir: “Bu hücum əslində, 15 iyuldan əvvəl və sonra Türkiyədə həyata keçirilən terror aktları ilə eyni məqsəddən qaynaqlanır. PKK, FETÖ, İŞİD və başqa terror təşkilatlarının Türkiyəyə qarşı eyni vaxtda hücum həyata keçirmələrinin səbəbi ölkədə xaos yaradaraq, iqtidarın müqavimət potensialını azaltmaqdır. Bu hücumları təşkil edənlər xalqda və ölkəyə gələn qonaqlarda “Dövlət sizi qoruya bilmir”, “Dövlət bacarıqsızdır” kimi rəy yaratmağa çalışırlar. Digər tərəfdən, Türkiyənin polis və təhlükəsizlik xidməti arasında da etimadsızlıq mühitinin formalaşdırılmasına, bununla da dövlətin zəiflədilməsinə cəhd göstərilir. “Reina” terrorunun qırğız mənşəli şəxs tərfindən törədildiyi bildirilir. Əgər bu ehtimal təsdiqlənərsə, o zaman FETÖ-nun geniş şəbəkəyə malik olduğu Qırğızıstanla bağlı daha diqqətli araşdırma aparılmalıdır. Eyni zamanda, bu terrorla bağlı FETÖ-nun İŞİD-lə birgə hərəkət edərək, sonuncuya hədəfi göstərməsi və icraçı təklif etməsi də real görünür.
Son dövrlərdə Türkiyənin Rusiya ilə əməkdaşlıq şəraitində Suriya və Orta Asiyada fəallığını artırması digər “əsas aktyorlar”ın narahatlığına səbəb olub. Xüsusi qeyd edilməlidir ki, hazırda Türkiyə Suriyada İŞİD-lə mübarizə aparan yeganə ölkə vəziyyətindədir. ABŞ başda olmaqla, müttəfiqləri Türkiyəyə Suriyada dəstək verməməklə, onu çətin vəziyyətə salmışdı. Ancaq Türkiyənin öz siyasəti və hərbi gücü ilə meydanda mübarizəni davam etdirməsi XXI əsrdə “təmsilçilik müharibəsi” aparan ölkələrin terror şəbəkələri vasitəsilə Türkiyəyə hücuma keçmələrinə səbəb olub. Ancaq bu hücumlar Türkiyə dövlətinin və millətinin bütövlüyünü, mübarizə əzmini sarsıda bilməyəcək”.
Terrorçu ilə bağlı yeni məlumatlar
Qeyd edək ki, 39 nəfəri öldürən və saxlanması üçün əməliyyatlara start verilən terrorçu ilə bağlı yeni məlumatlar üzə çıxıb.
Bildirlir ki, terrorçuya hücum təlimatını Konyadakı hücrə evində “Yusuf Hoca” kod adlı şəxs verib. Qətliamın ardınca terrorçunun yenə taksi ilə İstanbulun Zeytinburnu bölgəsinə qayıtdığı, taksi pulunu da Uyğur restoranı işçilərindən aldığı iddia edilir.
Terrorçu həyat yoldaşı və iki uşağı ilə birlikdə 20 noyabrda Türkiyəyə gəlib. 22 noyabrda isə Konyaya gedib. Burada onu “Yusuf Hoca” kod adlı bir terror təşkilatı üzvü qarşılayıb. Bir hücrə evinə yerləşdiriliblər.
15 dekabra qədər burada qətliamın planları hazırlanıb. Terror əmrini verən “Yusuf Hoca” kod adlı terrorçu ilə Reina terrorunu həyata keçirən şəxs bir avtobusa minərək İstanbulun Zeytunburnu bölgəsinə gəlib. Burada terrorçu yenə hücrə evinə yerləşdirilb. Polis iki terrorçunun bilet aldıqları zaman izləmə kameralarına düşən görüntülərini də əldə edib.
Terrordan sonra bir taksiyə minən terrorçu taksi sürücüsünə “Aksaraya gedəcəm. Pulu da orda dostlarım verəcək” deyərək telefonu istəyib. Taksi sürücüsünün telefonundan bir nömrəyə zəng edən terrorçu “zəng çatmadı” deyərək maşından düşüb. Bu nömrə ilə bağlı araşdırma aparan polis xəttin üç gündür ki, istifadə olunmadığını, terrorçunun bunu hədəf yanıltmaq üçün etdiyini müəyyənləşdirib.
Terrorçunun nə qədər professional olduğunu göstərən bir başqa detal da müəyyənləşdirilib. Belə ki, terrorçu atəş açmağa heç fasilə verməmək üçün son iki mərminin qabağına izli mərmi qoyub. Bununla da mərmilər tükənmədən şarjor dəyişdirilib.
Terrorçu hadisədən sonra üstündəki geyimi və kurtkanı çıxararaq Reinadan çıxarılan ilk qrup arasında bayıra çıxıb və taksiyə minərək ordan uzaqlaşıb. Son dərəcə soyuqqanlı və professional şəkildə hərəkət edən terrorçu mindiyi ilk taksinin sürücüsü tərəfindən maşından endirilib. Buna səbəb onun pulunun olmaması olub. Terrorçu daha sonra başqa bir taksiyə minərək, Zeytinburnu bölgəsinə gəlib.
Mindiyi birinci taksinin pulunu ödəməməsinə səbəb isə həqiqətən də pulsuzluq olub. Çünki onun pulu terrordan dərhal sonra Reinaya atdığı kurtkasının cibində olub və o, pulunu gerçəkdən unudub. İkinci taksinin pulunu usə Zeytunburnu 63/5 küçəsində qaldığı evin arxasında yerləşən Şuayip Seferoğlu küçəsindəki bir uyğur restoranındakı tanışları ödəyib. Belə ki, o, restoranın qapısını döyüb, orda yatan bəzi işçiləri oyandırıb, taksi pulunu cəmləşdirib və sürücünü yola salıb. Bu gəlişmədən sonra İstanbul Terrorla Mübarizə Şöbə Müdirliyi heyətləri Uyğur restoranında işləyən və orada yaşayan 7 uyğuru da saxlayıb.
Ərdoğan: “Türkiyə imtahan edilir”
Reina terrorunu dəyərləndirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, “məqsədləri bizi bir-birimizin üstünə düşürmək idi”.
Ərdoğan daha sonra aşağıdakıları bildirib: “Yeni ilə yeni ümidlərlə girməyin həyəcanı içində olsaq da, təəssüflər olsun ki, terror bu dəfə də ən xain, ən alçaq üsullarla ölkəmizi hədəf aldı. 2017-ci ilin ilk saatlarında İstanbul Ortaköydəki əyləncə məkanına hücum edən terrorçu 39 nəfəri öldürdü, 71 nəfəri yaraladı. Bu vəsilə ilə bir daha terrorda həyatını itirənləri hüzn və hörmətlə yad edir, yaralananlara Allahdan
şəfa diləyirəm. Bu hücumların məqsədi bizi bir-birimizin üstünə düşürməkdir. Cəmiyyət içindəki çatları dərinləşdirmək istəyənlər hər cür fürsəti dəyərləndirməkdən geri qalmırlar. Türkiyə terror təşkilatları üzərindən atəşlə imtahan edilir. Hər mübarizədə olduğu kimi, bu asimmetrik hücumlar zamanı da təəssüflər olsun ki, itkilərimiz olur. Torpağa düşən hər can bir od kimi ürəyimizi yandırır. Bu hücumların əsas məqsədi bizim müvazinətimizi pozmaq, duyğularımızı ağlımızın qabağına keçirmək, bizi bir-birimizə düşürməkdir. Bu oyuna girməyəcəyik, lazım gəlsə, “qan qusub, qızıl şərbət içdik” deməyin bahasına da olsa, dik dayanacağıq, soyuqqanlılığımızı hər zaman qoruyacağıq. Əsasən Türkiyənin böyüklüğü, Türk millətinin gücü qarşısında məruz qaldığımız terror hücumları, ürəyimizə saldıqları ağrı bir yana, bunlar həm də “yel qayadan nə aparar” miqyasında hadisələrdir. 1800-cü illərin əvvəlində Osmanlı əhalisinin sayı 20 milyondu. Biz sadəcə Balkanlardan geri çəkildiyimiz zaman 2 milyon itki vermiş millətik. 1-ci Dünya Müharibəsindəki itkilərimiz yenə milyonlarla ölçülürdü. Cümhuriyyət qurduqdan sonra ilk dəfə 1920-ci ildə əhalinin sayı qeydə alındı. Həmin vaxt əhalinin sayı təxminən 13 milyon nəfər idi. Bu millət üçün üç-beş terror təşkilatının hücumu, can yandıran olsa da, təslimiyyət səbəbi ola bilməz”.
Ərdoğan nitqinə belə davam edib: “Qaçmaq namərdlərin işidir. Bizim millətimiz hər zaman mərd olub, meydanları öz səsi ilə inlədib. Zaman-zaman qeyd etdiyim kimi, bu gün Türkiyə yeni bir istiqlal mücadiləsi içindədir. Bu mübarizəni qazansaq, 2023-cü il hədəflərimizə çatacağıq. Amma bu mübarizəni itirsək, 100 il öncə nail olmadıqları bir Sevr dəzgahını qabağımıza gətirəcəklər. Bütün vətəndaşlarımızın, məsuliyyət sahibi hər kəsin məsələyə bu şüurla yanaşması, üslubunu, tövrünü buna görə müəyyənləşdirməsi lazımdır. “Türkiyə terrora təslim oldu” demək, terroristlə, terror təşkilatları ilə eyni cəbhədə yer almaq deməkdir. Terror təşkilatının bütün məqsədi insanlara məhz bu sözü dedirtməkdir. Bu sözü deyən insan siyasətlə məşğul olmur. Sadəcə şər ittifaqının dəyirmanına su daşımış olur”.
Türkiyə üçün ağır il
Beləliklə, 2016-cı il Türkiyə üçün çox ağır il oldu. Beynəlxalq hava limanında partlayış, çevriliş cəhdi, Rusiya səfirinin qətli, ayrı-ayrı yerlərdə terror aktları və nəhayət, gecə klubunda qırğın. Bütün bunlar daha çox Qərbin Türkiyəyə təzyiqləri kimi dəyərləndirilsə də, fərqli düşünənlər də var…
«Türkiyə Suriya bataqlığında azmaqdadır və bu bataqlıq onu çəkdikcə, biz qeyri-stabilliyin onun sərhədlərini aşdığını, təhlükəsizliyinə zərbə vurduğunu görürük». Londondakı «Chatham House» araşdırma mərkəzinin əməkdaşı, Türkiyə üzrə ekspert Fadi Hakura belə deyir. Onun fikrincə, bu gün gördüklərimiz Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanın ölkəni Suriya münaqişəsinə cəlb etməsinin nəticəsidir. Əvvəllər Əsədlə vuruşan sünnilərə yardım edən Türkiyə indi İŞİD-i tək qoyub, İŞİD də Türkiyəyə qarşı çevrilib. Sərhəd bölgələrində həm İŞİD-ə, həm də Türkiyədəki separatçılarla əlbir olan kürd yaraqlılarına qarşı əməliyyatları və Rusiya ilə ABŞ-ın bu əməliyyatları dəstəkləməsi Türkiyənin üzləşdiyi təhlükəni böyüdüb.
Kürd amili
CNN kürdlərin son zamanlar Yaxın Şərqdə nüfuzlu qüvvəyə çevrildiyini, bir tərəfdən Türkiyədə muxtariyyət uğrunda mübarizə apardığını, digər tərəfdən İŞİD-lə vuruşduğunu qeyd edir. Türkiyə hökumətinin kürdlərlə əvvəl anlaşmaya nail olduğunu, amma sonra Suriya ilə sərhədlərdə kürd silahlı qüvvələriylə toqquşduğunu, növbədənkənar seçkilərin kürdlərə təsir etdiyini, R.T.Ərdoğanın hakimiyyətdən bərk yapışdığını və 2016-cı ildə kürd qiyamının yenidən qalxdığını yazır. Nəticədə həm ABŞ-ın, həm də Türkiyənin terror təşkilatı kimi tanıdığı Kürd Fəhlə Partiyasının – PKK-nın Türkiyəyə hücumları artıb. Ekspertlərin diqqətini kürd yaraqlılarının xüsusilə türk əsgərlərini və polisi hədəfə çevirməsi cəlb edir. Birləşmiş Krallığın London Kollecinin əməkdaşı, analitik Simon Waldmanın fikrincə, məhz bu məsələ siyasətçilərin kürdlərlə atəşkəsə nail olmasını çətinləşdirir. F.Hakura hesab edir ki, kürd problemi insan haqları və demokratiya proqramları vasitəsilə yoluna qoyula bilər və bu, Türkiyədə təhlükəsizliyi bərpa etməkdən ötrü çox vacibdir.
Türkiyə cəmiyyətində parçalanma
CNN yazır ki, Türkiyənin hücumlara məruz qalmasının səbəblərindən biri də siyasi və sosial parçalanmadır. Hakimiyyət daxilindəki çəkişmələr, Ərdoğanla Gülən tərəfdarlarının mübarizəsi, yaydakı çevriliş cəhdi. Bütün bunlar hücumçulara əlverişli şərait yaradıb.
F.Hakuranın fikrincə, hökumət çevriliş cəhdindən birliyi qorumaqdan ötrü yararlanmaq əvəzinə cəmiyyətdə parçalanmaya səbəb olan siyasətini gücləndirdi. «Siz parçalandıqca bundan yararlanmağa hazır oyunçulara fürsət vermiş olursunuz… Daxili birliyin təbliği Türkiyənin stabilliyini və təhlükəsizliyini möhkəmləndirər», – F.Hakura CNN-ə müsahibəsində belə deyib.
S.Waldman isə bildirib ki, Türkiyədə çevriliş cəhdindən sonrakı hadisələr, kütləvi təmizləmə əməliyyatları ölkədə təhlükəsizlik boşluğu yaradıb: «İndiki durumda Türkiyənin müxtəlif terror qruplarının öhdəsindən gələ biləcəyinə inanmıram. Türkiyənin hərbi və təhlükəsizlik qüvvələri kütləvi təmizləmədən zərər çəkib. Minlərlə adam tutulmasa da, işdən atılıb. Bu isə ölkənin terrorla mübarizə qabiliyyətini azaldıb». Ekspert Türkiyənin Rusiyaya yaxınlaşmasının, Suriya lideriylə mübarizə aparan sünni qiyamçıları tərk etməsinin ona həm də yeni düşmənlər qazandırdığını vurğulayır. Məsələn, Ankarada Rusiya səfirini qətlə yetirənin Hələbdə öldürülənlərin qisasını aldığını dediyini xatırladır. Ankara bu qətlin də arxasında F.Gülənin dayandığını deyir, amma Moskva bu ittihamı təsdiqləməyib. «Sonucda çox böyük təzyiq altında olan, eyni zamanda çoxlu sayda
məsələni həll etmək məcburiyyətində qalan türk hökumətini görürsünüz». Bunu isə Krallığın Birləşmiş Xidmətlər İnstitutunda beynəlxalq təhlükəsizlik məsələləri üzrə direktor Raffaello Pantucci CNN-ə müsahibəsində deyib.
Və nəhayət, Türkiyənin xarici və daxili siyasəti necə olur, olsun, coğrafi mövqeyi dəyişmir. Bu isə Türkiyənin həmişə Avropa və Asiya arasında dayanması, müxtəlif mədəniyyətlərin və maraqların kəsişmə nöqtəsi olması deməkdir. Ərrdoğanın hakimiyyəti illərində dinin nisbətən yuxarı başa keçdiyinin şahidi olsaq da, Türkiyədə, hələ də, müxtəlif xalqların Yeni il bayramını qeyd edə bildiyi «Reina» klubu kimi məkanlar var və İŞİD kimi terror təşkilatları belə yerləri hədəf götürür. Suriya ilə qonşuluğu qaçqınlarla yanaşı, ölkəyə zərər vurmaq niyyəti olanların da Türkiyəyə asanlıqla keçməsinə imkan verir. R.Pantuccinin fikrincə, bu, Türkiyənin ən böyük problemlərindən biridir, məhz coğrafi mövqeyi Türkiyəni asanlıqla terror hədəfinə çevirir: «Türkiyə dünyanın ən böyük vətəndaş müharibəsiylə qonşudur və silahlı qruplar keçid məntəqəsi kimi bu ölkədən istifadə etməkdədirlər».
Lakin, bütün deyilənlərə baxmayaraq, şübhəsiz ki, qardaş Türkiyə Ədroğanın dediyi bu imtahandan şərəflə və üzüağ çıxacaq.
Sorğu
Yeni dizaynımız necədir?