Auditin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumat təqdim edilib
Hesablama Palatasının Kollegiya iclasında mövcud qanunvericiliyin tələbinə uyğun olaraq dövlət büdcəsindən 2014-2015-ci illərdə Quba Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərdən istifadəyə dair auditin nəticələri haqqında Hesabat müvafiq qaydada təsdiq olunub.
Palatadan verilən məlumata görə, audit 2014-2015-ci illərdə Quba Rayon İcra Hakimiyyəti tərəfindən Afurca kənd 120 və Qımılqışlaq kənd 220 şagird yerlik tam orta məktəblərinin tikintisi, Quba rayonu Rustov-Xanəgah-Gürdah, Rustov-Nöydün-Şuduq, Rustov- Məcgəxacə, Rustov-Bağçəli-Yekdar avtomobil yollarının tikintisinə istifadə olunan ümumilikdə 19710,4 min manat vəsaiti əhatə edib.
Müəyyən edilib ki, Quba RİH tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2010-cu il tarixli 17 mart tarixli 239 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın tələblərinə əməl edilməyərək layihə təklifləri verilməzdən əvvəl tikinti layihələrinin əsaslandırılması, ilkin strukturunu və qiymətləndirilməsini əks etdirən ilkin texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanmayıb, qüvvədə olan qaydaların tələblərinə əməl edilməyərək Afurca kənd 120 şagird yerlik tam orta məktəbinin tikintisində akt zalının, fizika kimya laboratoriyalarının, kitabxananın, Qımılqışlaq kənd 220 şagird yerlik ümumi orta məktəbinin tikintisində isə idman zalının, fizika və kimya laboratoriyalarının, akt zalının və kitabxananın sahəsi təsdiq olunan normalardan az layihələndirilib.
Afurca kənd 120 və Qımılqışlaq kənd 220 şagird yerlik məktəblərinin tikintisi başa çatdırılıb 2014-cü ilin sentyabr ayından istifadə olunmasına baxmayaraq mövcud qaydaların tələbinə uyğun istismara qəbulu və çəkilən məsrəflərin müvafiq qaydada uçota alınması təmin edilməyib, obyektlər üzrə daxili və xarici su, kanalizasiya və istilik xətlərinin quraşdırılması işlərinə sınaq aktları tərtib edilməyib.
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Dövlət Proqramları üzrə təsdiq olunmuş Tədbirlər Planındakı Rustov-Xanəgah-Gürdəh, Rustov-Növdün-Şuduq, Rustov-Məcgəxacə, Rustov-Bağçalı-Yekdar yollarının tikintisinin nəzərdə tutulmuş qrafik üzrə başa çatdırılmadığı müəyyən edilib.
Yolların tikintisi zamanı texniki təminat müddəti nəzərə alınmadan son ödəmə həyata keçirilib, istifadə olunmasına baxmayaraq istismara qəbulu təmin edilməyib, dəmir-beton siqnal dirəkləri quraşdırılmayıb, yolun müəyyən hissələrində bərkidilmə işləri yerinə yetirilməyib.
Quba Rayon İcra Hakimiyyəti üzrə vəsaitlərin uçotu və maliyyə hesabatlarının tərtibi zamanı qüvvədə olan "Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları” və "Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimat”ın tələblərinə əməl olunmayıb, kapital qoyuluşuna yönəldilən vəsaitlərin isə ümumiyyətlə uçotu aparılmayıb.
Hesablama Palatasının Kollegiyası Quba Rayon İcra Hakimiyyəti tərəfindən yol verilmiş nöqsanların əsasən audit zamanı aradan qaldırılmış nöqsanlar nəzərə alınmaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması barədə Qərar qəbul edib, icra edilməsi və görülmüş tədbirlər haqqında Hesablama Palatasına məlumat verilməsi üçün Qərarın surəti Quba Rayon İcra Hakimiyyətinə və "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə göndərilib.
"Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş məlumatlara görə, trassanın dəyişdirilməsi, tikinti işlərinin dağ şəraitində yerinə yetirilməsi, asfalt-beton işlərinin qış fəslində aparılması nəzərə alaraq başa çatdırılmamış işlərin dəyəri müəssisədə avans kimi uçota alınıb.
Auditin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumat təqdim edilib.
Məlumat üçün bildirək ki, Quba rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədovdur. O, bu vəzifəyə 2015-ci ilin yanvar ayında təyin edilib. Bundan əvvəl isə Ucar rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?