Süleyman Mikayılovun sayəsində Ümbakı, Qızıldaş, Korgöz, Puta, Şonqar Suriya cəhənnəminə çevrilib, başçı müavinləri və qəsəbələrin icra nümayəndələri əlbir olub Əhaliyə günəşir su verilir, yollar müharibə meydanına çevrilib, bəzi qəsəbələrin məktəb, bağçası və marşrutu yoxdur, yollar dağılıb; fərdi ev tikintisində isə şıdırğı rüşvət yığımı var Bakının ən böyük rayonlarından biri olan Qaradağ sosial problemlər məngənəsində boğulur. Bu barədə yerli sakinlərin “Gündəm-Xəbər”ə verdiyi ən son məlumata görə, yollar bərbad gündədir. Ümbakıya (Çeyildağ) getmək tam problemdir, Qızıldaşa gedən yol isə dağılmış gündədir. Bu, 5 qəsəbənin yoludur, amma güclə gedilir. Bu qəsəbələrdə marşrut problemi var. O da həllini tapmayıb. Qızıldaşa və başqa qəsəbələrə su verilişində ciddi problem var, su günəşir verilir. Qızıldaşda, Şonqarda baxça və məktəb yoxdur. Qızıldaş, Korgöz, Puta qəsəbələrində də bağça yoxdur. Bütün qəsəbələrdə daxili yollar bərbad gündədir, yağış yağanda palçıqdan getmək olmur. Kanalizasiya çox qəsəbədə yoxdur. Fərdi ev tikintisinə imkan vermirlər, ciddi problem yaradırlar. Bu problemlər heç də qısa şəkildə izah olunmaqla bitmir. Qaradağın icra başçısı Süleyman Mikayılov, müavinləri Emil Abbasov və Elnur Qurbanov, meydan sulayırlar. Xüsusən də fərdi ev tikintisində şıdırğı rüşvət olduğu xəbər verilir. Puta qəsəbə nümayəndəsi İsa Gözəlov, Korgöz qəsəbə nümayəndəsi Zaur Məmmədov, Qızıldaş qəsəbə nümayəndəsi İlham Yusifov, Çeyildağ qəsəbə nümayəndəsi Akif Cavadov icra başçısının komandasında yer alır və onların əlindən heç bir vətəndaş daşı daş üstünə qoya bilmir. “Gündəm-Xəbər”in verdiyi məlumata görə, bu qəsəbələrin mərkəzdən xeyli uzaq olması da icra başçısı və məmur ordusunun işinə yarayıb. Çünki mərkəzə şikayətlər gec çatır, poçt xidməti nəzarətdədir, onların harayına yetişmək və medianın bu ucqar yaşayış massivlərinə getmək imkanları məhduddur. O baxımdan Qaradağda əhalinin gününü qara edən yerli məmurların özbaşınalığı sərhəd tanımır. Süleyman Mikayılovun rayona rəhbərlik etdiyi müddətdə Lökbatan qəsəbəsi sosai cəhətdən iflic vəziyyətə düşüb. Qəsəbədaxili və qəsəbəarası yollar dağıdılıb, uzun müddət təmir olunmadığı üçün gediş-gəliş çətinləşib. Rayonu mərkəzini qəsəbələrlə birləşdirən yollar tam yararsız vəziyyətdədir. Süleyman Mikayılov yalnız iş adamlarına məxsus obyektləri sökərək onların yerində özünə obyekt tikdirir. Təkcə Lökbatan qəsəbəsində belə üsulla 5 obyekt tikilib. Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov karxanalar üzərində öz payı olan ciddi fiqurdur. Onun adından bu işləri Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Rasim Əhmədov həyata keçirir. Xəbərə görə, Rasim Əhmədov bir ay ərzində karxanalardan icra başçısının adı altında təxminən 120-150 min manata yaxın pul yığır. Onu da bildirək ki, ümumiyyətlə, Süleyman Mikayılovun müxtəlif sahələr üzərə peşəkarlaşmış pulyığanları var. Və illərdir ki, rayon belə idarə olunur. Hesablama Palatası Qaradağ RİH-nin fəaliyyətini təftiş etsə, xeyli sayda nöqsanlar aşkarlaya bilər. Bununla belə, Süleyman Mikayılovun "hasarlama siyasi” isə nisbətən təqdirəlayidir. Rayonun bütün eybəcərliklərini ustalıqla gizlətməyi bacaran icra başçısı büdcədən ayrılan milyonlarla manatı bu sahəyə yönəltməkdə xəsislik etmir. Təkcə ötən il məcburi köçkünlərin məskunlaşdığı yaşayış massivində yardımçı və təsərrüfat məqsədli tikililərin qarşısında 3 000 kv.metr istinad divarı hörülərək gizlədilib. Halbuki həmin vəsait köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına ayrılsaydı, gizlətməyə ehtiyac qalmazdı.. “Gündəm-Xəbər”in verdiyi məlumata görə, S.Mikayılov 7 ildir rayonu şəxsi seyrangahına çevirib. Onun əlindən burdan bir quş da uça bilmir. Bütün nöqtələrə, ərazilərə əl qoyub. Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov yeni iddiaya düşüb. İcra başçısı postunu özü üçün çox kiçik vəzifə sayan "Çakır” ləqəbli icra başçısının gözləri indi daha yüksəklərdədir, indi o Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə gəlmək üçün dəridən-qabıqdan çıxır. Bəzi mətbu orqanlar xəbər verir ki, Süleyman Mikayılov artıq bu yöndə əməli fəaliyyətə də keçib. DGK rəhbəri Aydın Əliyevin "vurulacağına” inanan icra başçısı indi bütün əlaqələrini işə salaraq onun kreslosuna əyləşməyə can atır. Bununla bağlı bir neçə dəfə himayədarına söz eşitdirən icra başçısına ümidverici cavab verilməsə də Süleyman Mikayılov bu istiqamətindəki fəallığını azaltmayıb. S. Mikayılov yaxın ətrafına gec-tez məqsədinə nail olacağını söyləyib.
“Gündəm-Xəbər”in verdiyi məlumata görə, Süleyman Surxay oğlu Mikayılov 1962-ci ildə aprelin 27-də anadan olub. 1979-cu ildə Naxçıvan şəhər 2 saylı orta məktəbini, 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1979-cu ildə Naxçıvan şəhər Uşaq idman məktəbində məşqçi kimi əmək fəaliyyətinə başlayıb. 1984-1994-cü illərdə Naxçıvan şəhər orta ixtisas musiqi məktəbində bədən tərbiyəsi rəhbəri, 1994-1995-ci illərdə «Səma» kiçik müəssisəsinin direktoru işləyib. 1995-1999-cu illərdə Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini, idərənin rəisi vəzifələrində çalışıb. 1999-2001-ci ildə Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib. 2005-ci ildə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı, 2005-2010-cu illərdə isə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 4 mart 2010-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Abadlıq və quruculuq işlərinə ciddi vaxt ayırması ilə diqqət çəkir. 2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse prezidentidir. Ailəlidir, iki övladı var. “Gündəm-Xəbər” qeyd edir ki, ümumiyyətlə, Qaradağ rayonu paytaxtın qanunsuz tikililərə rəvac verilməsi, yaşıllıqların qırılması, vətəndaşların mülkiyyət hüquqlarının pozulması və digər bu kimi problemlərin çoxluğu ilə seçilən ərazilərindəndir. Bu kimi məmurlar üçün nə ətraf mühit, nə təbiət, nə də insan həyatı heç bir dəyər kəsb etmir. Onların əsas həyat prinsipləri yalnız özlərinin istənilən vasitələrlə daha çox qazanc əldə etmələrinə xidmət edir. Bir müddət əvvəl xəbər yayıldı ki, Süleyman Mikayılov təzə bina tikib. Nəticədə ağaclar məhv olunub. Qaradağ rayonunda ticarət üçün əlverişli olan ərazilərdəki binaların birinci mərtəbəsindəki evlərin eyvanları sonradan artırılıb. Artırılan həmin eyvanlar isə hazırda ticarət obyektləri kimi fəaliyyət göstərir. Aparılan araşdırmalar nəticəsində isə ortaya maraqlı faktlar çıxıb. İlk növbədə məlum olub ki, həmin artırmalar tamamilə qeyri-qanuni olaraq həyata keçiriliblər. Bu sadəcə olaraq Qaradağ RİH başçısı Süleyman Mikayılovun əlavə gəlir qaynaqlarından biridir. Bu işin mexanizmi isə olduqca sadədir. Eyvanını artırmaq istəyən şəxs Qaradağ RİH-in müvafiq şöbəsinə müraciət edir. Tələb olunan məbləğ ödənildikdən sonra “artırmanın” tikintisi başlanır və tez bir zamanda sona çatdırılır. Bundan sonra prosesin ikinci mərhələsi başlayır. İndi vətəndaş artırılmış həmin eyvandan küçəyə çıxış açmaq və buranı ticarət obyekti kimi işlətmək istəyirsə, yenidən RİH-in müvafiq qurumlarına müraciət etməlidir. Aydın məsələdir ki, bu əməliyyatlar Qaradağ RİH-nin rəhbərliyinə milyonlar qazandırır. Bunun əziyyətini isə sadə rayon sakinləri çəkir. Neçə ildir ki, bu əməliyyatlar davam etdirilir. Nəticədə rayonun arxitektur mənzərəsi acınacaqlı vəziyyətə gəlib. “Gündəm-Xəbər” xatırladır ki, bununla bağlı rayon sakinləri dəfələrlə həm mətbuata, həm də müvafiq dövlət qurumlarına çoxsaylı müraciətlər ünvanlasalar da bütün bunların nəzərəçarpacaq faydası olmayıb. Üstəlik, Süleyman Mikayılovun Lənkərandakı obyektlərinin siyahısı da mətbuatda açıqlanıb. S.Mikayılov Lənkəranda rəhbər olduğu dövrdə tikdirdiyi restoran və mağazalar hələ də onun nəzarətindədir. Qaradağ rayonuna təyinat aldıqdan sonra Mikayılovun cənub bölgəsindəki biznesi əlindən çıxmayıb. Hazırda Lənkəranın girişində yerləşən restoranın icra başçısına məxsus olduğu deyilir. "Xan Lənkəran” adlı həmin restoran hələ də Mikayılovun şəxsi biznesinə daxildir. Həmçinin, Heydər Əliyev meydanının qarşısında tikilən aptek, geyim və digər iaşə obyektlərin də S.Mikayılova aid olduğu iddia edilir. Cənub zonasındakı biznesindən möhkəm yapışan icra başçısı bu rayonda yaşıllıqların məhvi ilə ad çıxarmışdı. Qaradağa gəldiyi ilk vaxtlarda da təbiətə qənim kəsilmiş S.Mikayılov kəsilən ağacların yerində müxtəlif xidmətlər göstərən mağazaların tikilməsini çox sevir. Məlumata görə, Lənkəranda onun biznesinə dəyib-dolaşan da olmayıb. Onu da deyək ki son 5 il müddətində Süleyman Mikayılov orta məktəblərə satdığı və keyfiyyəti həddindən artıq aşağı olan bərk inventarlar sayəsində külli miqdarda gəlirlər əldə edib. Yazıda səslənən ittihamlar vı bu iddialarla bağlı adı keçən tərəflərin mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?