Məhkəmədə özünü təqsirli bilinən gənc cinayəti qısqanclıq zəminində törətdiyini açıqladı
Bakıda 45 yaşlı sevgilisini öldürməkdə təqsirləndirilən Sabirabad rayon sakini, 25 yaşlı Paşa Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrlik etdiyi kollegiyada araşdırılır. İttihama görə, qətl hadisəsi Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbədə kirayədə yaşayan Göyçay rayon sakini, 1972¬-ci ildə təvəllüdlü Zülfiyyə Rəhimovanı 25 yaşlı Sabirabad rayon sakini Paşa Cəbrayılov qətlə yetirib. Məlum olub ki, 25 yaşlı oğlan bir uşaq anası olan Zülfiyyə Rəhimova ilə qeyri-rəsmi yaşayıb. Zülfiyyə Rəhimova bundan əvvəl ailə qurub. Sonradan ərindən ayrılan qadın azyaşlı uşağı ilə kirayədə yaşamağa başlayıb. O, Hövsan qəsəbəsində kafelərdən birində ofisiant işləyib, qazandığı pulla həm özünü, həm də övladını dolandırıb. Paytaxtda tikintidə fəhləlik işləyib kirayədə yaşayan Paşa Cəbrayılov bir il əvvəl Zülfiyyə ilə həmin kafedə tanış olub. Sonradan onların arasında münasibət yaranıb. Paşa ilə Zülfiyyənin münasibətləri istiləşib və Paşa qadının kirayədə yaşadığı evə köçüb. Birlikdə yaşadıqları vaxt Paşa Cəbrayılov kirayə haqqını ödəyib, həm də onlara maddi cəhətdən köməklik edib. Hadisədən bir neçə gün əvvəl Paşa Cəbrayılov Zülfiyyənin münasibətlərində dəyişiklik hiss edib. Gənc oğlan özündən yaşca böyük sevgilisinin başqa kişi ilə münasibət qurmasından şübhələnib. Hadisə baş verən gün Paşa Cəbrayılov Zülfiyyə ilə yolda rastlaşıb. Həmin vaxt Zülfiyyə uşağını məktəbə qoyaraq kirayə yaşadığı evə qayıdırmış. Onlar birlikdə evə gəliblər. Evdə Paşa qadına deyib ki, özümə iş tapacam, sənə nə istəsən alacam. Qadın isə ona “gör nə qədər axmaqsan ki, bir kəlmə sözümlə pulsuz Rusiyadan gəldin” deyə bildirib. Bundan sonra Zülfiyyə Paşa Cəbrayılovun anasını və nəslimi söyüb. Söyüşü eşidib otağa qayıdan Paşa Cəbraylov qadına “sən yolunu azıbsan, başqa kişi ilə münasibət qurubsan” deyərək, onu boğub öldürüb. Cinayəti törədən Paşa Cəbrayılov Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsinə gələrək, könüllü təslim olub. Törətdiyi əməli etiraf edən Paşa Cəbrayılov cinayəti qısqanclıq zəminində törətdiyini bildirib. Paşa Cəbrayılov Cinayət Məcəlləsinin 120¬.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Paşa Cəbrayılov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, 2010-cu ild¬ən işləmək üçün Sabirabad rayonundan çıxıb, paytaxta gəlib. Patraxtda müxtəlif yerlərdə işlədiyini deyən təqsirləndirilən şəxsin sözlərinə görə, Zülfiyyə Rəhimova ilə 2012-ci ildə Hövsan qəsəbəsində olan “Tropikanka” kafesində tanış olub. Paşa Cəbrayılov deyib ki, onların aralar¬ında dostluq münasibətləri yaranıb, gecələr işdən çıxanda onu həmişə evə ötürüb: “Zülfiyyənin Zəhra adında bir qızı vardı. O, qızı da özü ilə kafeyə gətirirdi. Onunla münasibətlərimiz daha da istiləşdi. Bu səbəbdən özüm qaldığım kirayə evdən çıxdım və Zülfiyyənin kirayə qaldığı evə köçdüm. Həmin gündən onunla bir yerdə yaşamağa başladım”. Paşa Cəbrayılov bild¬irib ki, 2016-cı ilin martında Zülfiyyə Rəhimova başqa bir kafedə işləməyə başlayıb. Onun sözlərinə görə, həmin vaxt Rusiyaya ata-anasının yanına gedib: “Bir ara Rusiyada qalsam da, Zülfiyyəyə pul göndərirdim”. Bu ilin yanvarında Rusiyada qayıtdığını deyən Paşa Cəbrayılov bildirib ki, Zülfiyyə ilə yenidən yaşamaq istəyib. Amma Zülfiyyə onunla yaşamaq istəmədiyini deyib: “Mən də ona dedim ki, sən yolunu azıbsan. Bu zaman Zülfiyyə məni nalayiq ifadələrlə söydü. Mən geri qayıdaraq onu boğdum”. Paşa Cəbrayılov ifadəsinin sonunda Zülfiyyə Rəhimovanı öldürmək istəmədiyin, törətdiyi əməldən peşman olduğunu deyib. Zərərçəkmiş şəxs qis¬mində ifadə verən Zülfiyyə Rəhimovanın bacısı Ceyhunə Rəhimova bildirib ki, hadisədən əvvəl Paşa Cəbrayılovu tanısa da, onun bacısı ilə olan münasibətlərindən xəbəri olmayıb. Ceyhunə Rəhimovanın sözlərinə görə, bacısı Türkiyə vətəndaşı Mustafa Aksoyla ailə qurub və onların birgə nikahlarından Zəhra adında qızları olub. O, ifadəsinin sonunda məhkəmənin ədalətinə güvəndiyini, təqsirləndirilən şəxsə ən layiqli cəzanın verilməsini istəyib. Prosesdə hadisənin şahidləri və sənədlər elan olunduqdan sonra məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib. Çıxış etmək üçün prokurora söz verilsə də, o, çıxışa hazırlaşmaq üçün vaxt istəyib.
Sorğu
Yeni dizaynımız necədir?