Keşlədə son illər salınan məhəllələrdə kanalizasiya sistemi olmadığından, çirkab sular birbaşa dəmiryol xəttinə axıdılır. İlin bütün fəsillərində küçədə kiçik gölməçələrə rast gəlmək mümkündür. Söhbət Bakı şəhərindəki Nizami rayonu, Keşlə qəsəbəsi, Nəvai küçəsindən gedir.
Babək prospekti ilə şəhər istiqamətində yolun sağında bir neçə məhəllə var. Dəmiryolu xətti məhəllələri iki yerə ayırıb - bir yanda məcburi köçkünlər, digər yanda yerli sakinlər yaşayır. Küçəboyu zibil konteynerlərinə rast gəlinmir. Sakinlər də əziyyət çəkib uzaq yol qət etmirlər, tullantılar dəmiryolu xəttinin üstünə atılır. Ən yaxşı halda isə qalaqlanıb qalmış zibil yandırılır.
“Yaxşı ki, yaşıllıq örtüb - nə kanalizasiya, nə də zibilliklər kənardan görünmür. Amma üfunətdən evdə oturmaq mümkün deyil”, - Asif adlı sakin deyir. Onun sözlərinə görə, yerli sakinlər köçkünləri, ikincilər isə yerliləri günahlandırır. Fakt isə odur ki, zibillik körpünün altına, yəni dəmiryolu ərazisinə tullanır.
“Şanxay” adlanan qəsəbədən fərqli olaraq, Nəvai küçəsində dəmiryolu sakinlər üçün təhlükə törətmir. Əksinə, evlərdən axan kanalizasiya və tullantılar dəmiryolu üçün təhlükə yaradır. Yayın cırhacırında, qızamr günəş altında belə dəmiryolu xətti suyun içindədir, hər gün isə qatar işləyir.
“Başqa çıxış yolu yoxdur, çirkab hara isə axıdılmalıdır. Ya gərək kanalizasiya çəkilsin, ya da evlər köçürülsün”, -sakinlərdən biri deyir.
Ərazidə yaşayan qaçqın ailələri qeydiyyata alınıb. Onlar köçürüləndən sonra bir-birinə bitişik tikilmiş evlər söküləcək. Sakinlərin sözlərinə görə, yaxınlıqda kiçik müəssisələr, MMC-lər yerləşir. Gələcəkdə Keşlənin abadlaşdırılması, gecəqonduların köçürülməsi nəzərdə tutulub. Sakinlər də ümidlərini gələcəyə bağlayıb, nə vaxtsa gerçəkləşəcək tədbirləri gözləyirlər. Hələlik isə dəmiryolu xətti boyunca zibil təpələri üfunət saçır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?