Bloger Aleksandr Lapşin əfv edilməsindən dərhal sonra Azərbaycan prezidenti İlham Əliyevə məktub yazaraq, humanizm nümayiş etdirdiyinə görə minnətdarlıq edib.
“Bu gün öyrəndim ki, Siz mənim əfv edilməyim barədə fərman imzalamısınız. Sizə hədsiz minnətdaram. Yəqin ki. həyatım boyunca heç bir hadisəni bu qədər səbirsizliklə gözləməmişəm!” – Lapşinin surəti virtualaz.org-un redaksiyasında olan məktubunda deyilir. Azərbaycan prezidentinə müraciətində bloger bildirib ki, etdiyi əmələ görə peşmandır və Dağlıq Qarabağa getdiyi vaxt regionda baş verənlər barədə müfəssəl məlumatı olmayıb. “İndi Qarabağın Azərbaycan torpağı olması barədə şübhəsiz dəlillər əldə etmişəm. Ümid edirəm ki, Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcək”, - məktubda qeyd olunur. Bloger həmçinin Azərbaycan xalqına işğal olunmuş ərazilərin tezliklə azad edilməsini arzulayıb. “Bir daha məsuliyyətsiz addımlarımdan peşman olduğumnu bildirirəm. Mənim işim üzrə göstərdiyiniz anlayışa və rəhminizə görə Sizə çox təşəkkür edirəm. İcazə verin, Sizə, Sizin ailənizə, bütün Azərbaycan xalqına sağlamlıq, uzunömürlülük, çiçəklənmənin davamını və işğal altında olan torpaqların tezliklə azad edilməsini arzulayım”, - Lapşin yazıb.
Sorğu
Yeni dizaynımız necədir?