Bakıda taksi sürücüləri Heydər Əliyev adına Beynəlxalq Hava Limanında BakıKart alaraq "BakuBus"a məxsus "express" xətt avtobusları ilə şəhərə gəlmək istəyən turistlərin işinə yerli-yersiz müdaxilələr edirlər. Onların az qala ətəyindən yapışaraq, çantalarını məcbur götürərək dil tökür, yalandan ödəniş terminallarının işləmədiyini deyirlər.
Baxmayaraq ki, Beynəlxalq Hava Limanında taksilər üçün xüsusi yerlər nəzərdə tutulub, hətta xətt də çəkilib ki, o xətti keçməsinlər. Ancaq turistlərə qarşı həddən artıq "sevgiləri" onları sakit buraxmır. Baş verənlər isə bu ərazidə zaman-zaman acınacaqlı mənzərələrin, hadisələrin yaranmasına, tragikomik görüntülərin ortaya çıxmasına gətirib çıxarır.
Əlbəttə, taksi sürücüləri də öz xidmətlərini təklif edə bilərlər. Ancaq bu, daha sivil və mədəni şəkildə, turustləri aldatmadan, onlara yalnış məlumatlar vermədən, həyasızlıq, sırtıqlıq etmədən, əcnəbilərin zəhləsini tökmədən, onlarda ikrah və nifrət hissi yaradılmadan həyata keçirilməlidir.
Ölkəmizə səfər edən turistlərə yüksək xidmət əvəzinə yüksək qiymətlər təklif etmək fikrinə düşən taksi sürücüləri hava limanı ətrafında qurbanını gözləyən ovçuları xatırladır. Turistlərə olan ifrat "sevgiləri" isə onlara təyin olunmuş yerlərində dayanmağa imkan vermir...
Prezident İlham Əliyevin göstərişi turizm ölkəmizdə prioritet istiqamətlərdən biri seçilib və qarşıya Azərbaycana gələn turistlərin sayının daha da artırılması məqsədi qoyulub. Çünki turizmin inkişafı iqtisadiyyatın da güclənməsi, insanların gəlirlərinin artması deməkdir. Amma bəzi taksi sürücülərinin bu cür əməlləri - əcnəbi turistləri bezdirmələri, onları aldatmaları onlarda ikrah hissi, Azərbaycan haqqında mənfi yaradır. Bu isə ümumi işimizə xələl gətirir./musavat.com
Sorğu
Yeni dizaynımız necədir?