Pullu avtomobil parkında nəzarətin olmaması gərginlik yaradıb
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında avtomobil parkları ödənişli olsa da burada intizamsızlıq hökm sürür. 1 saatı 1 manat və vaxta görə bahalaşan avtomobil parkına Hava Limanının Təhlükəsizlik Xidmətinin əməkdaşları nəzarət etməli olsa da bu yoxdur. Bu isə parkda dayanan avtomobil sahibləri arasında narazılığa, hətta dava-dalaşa gətirib çıxarır.
Dünən Sədi Əliyev adlı vətəndaş “Bizim Yol”un əməkdaşına müraciət edərək 2 saatdan artıqdır ki, Hava limanında qaldığını deyib: “Mən bura adam qarşılamağa gəlmişəm. Adamımız gəlib, ancaq iki saatdan artıqdır ki, biz avtomobilimizin qarşısını kəsən maşının sahibini axtarırıq. Amma tapılmır. Bu qədər də nizamsızlıq olmaz. Pullu dayanacaqdı, 1 saat üçün 1 manat ödəmişəm. İndi 2 saatı keçib, əlavə də pul ödəməliyəm”.
Qeyd edək ki, vətəndaş onun yolunu kəsən avtomobilin sahibini tapa bilmədiyi üçün Daxili işlər Nazirliyinin 102 xidmətinə zəng edib. Evakuator gələndən sonra həmin avtomobili kənarlaşdırmaq mümkün olub.
Hava limanında olarkən qəzet əməkdaşının diqqətini çəkən məqamlardan biri də əraziyə nəzarət etməli olan Təhlükəsizlik Xidməti əməkdaşlarının VİP girişinin qarşısında gözləmələri olub. Belə ki, xaricə gedib-gələn imkanlı şəxslərin və vəzifəlilərin avtomobillərinin qabağına yürüyən və onların maşınlarının qapısını aşan əməkdaşlar bəzi hallarda buna görə hədiyyə də alırlar.
Hava limanındakı vəziyyətlə bağlı AZAL-ın Mətbuat Xidmətinə edilən zənglər cavabsız qalıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?