Əldə etdiyimiz bəzi məlumatlara görə Bayıl filialında baş verənlər, əslində Bankın Müşahidə Şurasının sədri Rəhman Hacıyevdən bilərəkdən gizlədilir
Son vaxtlar bəzi məhkəmə instansiyalarında çıxarılan ədalətsiz qərarlar, məhkəmə hakimlərinin sifarişli qərarları élan etmələri, süründürməçilik amillərinin varlığı və s. kimi halların olması səbəbindən, dövrü mətbuatda belə bir mövzulara daha çox yer verilir, atılan qanunsuz addımlar çox zaman tənqid atəşinə də tutulur. Onu da vurğulayaq ki, artıq bir neçə gündür ki, ölkə mətbuatında “DəmirBank”la yeddi nəfər əmanətçisi arasında yaşanan münaqişələrdən bəhs olunur ki, bu da artıq məhkəmə müstəvisinə qədər uzanıb. Çünki, “DəmirBank” müştərilərinin pullarını minbir bəhanələrlə geri qaytarmır və belə bir qalmaqalla bağlı, “Gündəm Xəbər”ə də xeyli məlumatlar daxil olub. Bildirək ki, hazırda problemi yaşayan yeddi nəfər şəxs, o cümlədən şəhid və Milli Qəhrəman ailələrinin üzvləridir ki, onlar da on illərlə manat-manat topladıqları pullarını “DəmirBank”a əmanət edirlər. Həmin şəxslərdə rəsmi müqavilələr, pulların mədaxil qəbzləri, əmanət kitabçaları, hətta bankın səlahiyyətli şəxsləri tərəfindən imzalanıb-möhürlənmiş qarant məktubları olsa da, depozit əmanətlərin müqavilə müddətlərinin çoxdan bitməsinə baxmayaraq, bu günə qədər də əmanətçilərin əmanətləri özlərinə qaytarılmamışdır. Bankın fırıldaq əməlləri ilə bağlı “Gündəm Xəbər”ə daxil olan məlumatda, yəni “DəmirBank”ın Bayıl filialından qaynaqlanan olayın başında, birbaşa filialın rəhbəri Fərəh Rəşadətlinin durduğu bildiirilir. Belə ki, əmanətçilərin pullarının verilməməsi, güman edilən mənimsəmə faktı, məhz Fərəh xanımın rəhbərliyi altında baş tutur. Əldə etdiyimiz məlumatlara görə, ötən ilin dekabrından depozitlərin verilməsində əmələ gələn ləngimələrdən sonra, həmin şəxslər bankın rəhbərliyinə müraciət edirlər. Həmin vaxt “DəmirBank”ın Bayıl filialında yoxlamalar aparılır və mərkəzi aparatdan təyin edilən Oqtay Şirinov adlı şəxs bir ay müddətində yoxlamalara rəhbərlik edir. Qəribə olsa da aparılan yoxlamalar zamanı “heç bir qüsur aşkara çıxarılmır”. Bu da hansısa formada onu söyləməyə əsas verir ki, F.Rəşadətli ilə O.Şirinov arasında müəyyən anlaşmalar olur ki, problemin ört-basdır edilməsinə hər iki tərəf cəhd göstərir. Redaksiyamıza daxil olan ilginc məlumatların birində isə bildirilir ki, ötən müddət ərzində şikayətçi olan şəxslərdən birinin depoziti məbləğ az olduğu üçün qaytarılıb ( təsdiqlənməmiş bəzi məlumatlara görə, əslində pul qaytarılmayıb, sadəcə olaraq Fərəh xanım Bakıda bir mənzili həmin şəxsin adına keçirməklə onu susdura bilib) və yoxlamaların nəticəsi olaraq bankın mərkəzi aparatına “problem yoxdur” deyə məruzə olunur. “DəmirBank”ın Bayıl filialında baş verən əsl həqiqətlər isə, əslində Bankın Müşahidə Şurasının sədri Rəhman Hacıyevdən gizlədilir. Məlumatlı mənbənin “Gündəm Xəbər”ə verdiyi digər məlumata görə, yeddi nəfər şikayətçi şəxsin 3 milyon manatdan artıq depozitinin verilməməsi ilə bağlı əmələ gələn qalmaqalla bağlı, “DəmirBank”ın Bayıl filialının rəhbəri Fərəh Rəşadətlinin bu vaxtadək cəzasız qalmasında, məhz onun prokurorluqda çalışan himayədarının rolu böyük olur. Həmin zərərçəkmişlər “DəmirBank” ASC-nə qarşı “əmanətlərin qaytarılması və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına müraciət etsələr də, keçirilən məhkəmə proseslərində çoxsaylı qanunsuzluqlara yol verildiyini bildirirlər və proseslərlə bağlı redaksiyamıza təqdim etdikləri müraciətlərini dərc etməyimizi də xahiş edirlər. Odur ki, həmin zərərçəkmişlərdən birinin təqdim etdiyi müraciəti olduğu kimi sizlərə təqdim edirik. Müraciət müəllifi bildirir ki, “ailə üzvlərimlə birgə “Dəmirbank” ASC-də yerləşdirilmiş əmanətlərimizi ala bilməməyimiz səbəbilə hazırda davam edən məhkəmə işində hakim Məmməd Məmmədovun sədrlik etdiyi məhkəmə kollegiyasının süni şəkildə məhkəmə araşdırmasını uzatmaqla qərəzli mövqeyinin araşdırılması məqsədilə 22 avqust 2017-ci il tarixdə aidiyyəti üzrə müraciət etmişdim. Təəssüf ki, ərizəm Məhkəmə-Hüquq Şurası Aparatında mütəxəssislər tərəfindən lazımi şəkildə araşdırılmadan, Azərbaycan Respublikasının qanunlarına zidd olaraq şikayət edilmiş orqana göndərilmişdir. 22 avqust 2017-ci il tarixli ərizəmdə də göstərdiyim kimi, Bakı Apellyasiya Məhkəməsində məhkəmə araşdırması artıq 9 aydır davam edir. Qeyd edilən müddətdə dəfələrlə hakim Məmməd Məmmədova lüzumsuz yerə süründürməçilik etməsindən narazılığımızı bildirmişik. Belə ki, onun məhkəmə iclaslarının keçirilmə tarixləri arasında uzun müddət müəyyən etməsi ilə yanaşı, məhkəmə iclaslarının heç bir üzürlü səbəb olmadan təxirə salması dəfələrlə təkrarlanmışdır. Misal üçün, məhkəmə iclaslarından biri hazırda istintaqı gedən iş üzrə bəzi məlumatların əldə edilməsi məqsədilə istintaq orqanına sorğu vermək üçün təxirə salınmışdır. Bu zaman iddiaçılar, məhz hansı məlumatın tələb edildiyini hakimdən dəqiqləşdirməsini xahiş etdikdə, hakim konkret olaraq suala cavab verə bilməmiş və göstərmişdir ki, “məhkəmənin qərar qəbul etməsi üçün tələb edilən məlumatları istintaqdan sorğulamağı məhkəmə zəruri hesab edir”. Bu məqsədlə, növbəti təqvim ayına məhkəmə iclası təxirə salınmış, daha sonra istintaq orqanına hansı sorğunun verildiyini və cavabının nədən ibarət olduğunu tərəflərə bildirməmişdir. Halbuki, qanunvericiliyə əsasən, məhkəmə yeni sübut əldə etdiyi halda, bunu tərəflərə elan etməli və tərəflər bu sübutlarla bağlı öz münasibətlərini bildirməlidirlər. Bunu ədalətli məhkəmə araşdırmasının təmin edilməsi prinsiplərindən olan çəkişmə prinsipi tələb edir. Lakin görünən odur ki, hakimi nəinki çəkişmə prinsipinin təmin edilməsi maraqlandırır, əksinə o, var qüvvəsi ilə ədalət mühakiməsinin bütün prinsiplərini pozaraq, Azərbaycan məhkəmələrinin nüfuzuna ciddi zərbə vurmağa çalışır. Belə ki, apellyasiya şikayəti 2016-cı ilin dekabr ayından məhkəmə baxışına təyin edilsə də, 9 (doqquz) aydır ki, hakim süründürməçiləyə yol verərək, iş üzrə qətnaməni çıxarmır. Hər dəfə müxtəlif bəhanə taparaq, iş üzrə qətnamə çıxarmağı uzadır. İş üzrə hər iki tərəf bütün sübutlarını təqdim edib, iş üzrə ekspertiza təyin edilib və rəyləri alınıb, tərəflərin izahatları alınıb və işin araşdırılması üçün zəruri olan bütün suallar tərəflərə və işdə iştirak edən digər şəxslərə verilib və cavablar alınıb, tərəflər öz çıxışlarını ediblər. Yəni, iş üzrə hərtərəfli araşdırma aparılıb və yekunlaşıb. Bu halda, iş üzrə məhkəmə kollegiyası müşavirəyə gedib qətnaməni elan etməli olduğu halda, işi araşdıran hakim Məmməd Məmmədovun sədrlik etdiyi kollegiya heç bir əsas olmadan müşavirəyə getməyib və avqustun 18-də keçirilən məhkəmə iclasında işin 31 avqust 2017-ci il tarixə salınması barədə qərar verib. Məhkəmə iclasının növbəti dəfə təxirə salınmasını hakim M.Məmmədov “məhkəmə kollegiyası hakimlərinin yekdil fikrə gələ bilməməsi” ilə izah etsə də, ümumi qərarla razılaşmayan hakimin xüsusi rəy yazmaq hüququndan nə üçün istifadə etmədiyi və beləliklə, qətnamənin qəbul edilməsində qanunvericiliyin tələbinin nə üçün tətbiq edilmədiyi sualını cavablandıra bilməmişdir. Hakimin qeyd edilən qərarın da işi qərəzli olaraq uzatmaq məqsədilə verildiyi barədə yuxarıda qeyd etdiyim kimi, Məhkəmə-Hüquq Şurasına şikayət verərək, hakimin hərəkətləri barəsində qanunvericilik çərçivəsində ölçü götürülməsini adı çəkilən qurumdan xahiş etmişdim. Təəssüf ki, hakimin qanunsuz əməllərinin qarşısı alınmadığından, onun qanunları heçə sayması özbaşınalıq həddinə çatmışdır ki, bu da Azərbaycanda hakim özbaşınalığı ilə bağlı həyəcan siqnalı çalınması üçün ciddi əsas yaradır. Belə ki, 31 avqust 2017-ci il tarixdə məhkəmə kollegiyası yenə də işi uzatmaq məqsədilə, heç bir hüquqi əsas olmadığı halda icraatın dayandırılması barədə qərar qəbul etdi və bunu “Dəmirbank” ASC-nin “Bayıl” Filialının rəhbəri vəzifəsində işləmiş Rəşadətli Fərəh Rəşadət qızının barəsində gedən cinayət işi ilə əlaqələndirməyə çalışdı. Hər dəfə bir bəhanə gətirərək qətnamə çıxarılmasını təxirə salan hakim Məmməd Məmmədovun sədrlik etdiyi kollegiya bu dəfə işi uzatmaq üçün etdiyi icadla işi qanunvericiliyin yol vermədiyi ən absurd qərarlarla uzatmağı bacaran məhkəmə kollegiyası kimi Azərbaycan məhkəmə tarixinə düşmək haqqı qazanıb. Bu kollegiya qeyd edilən qərarla İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasının 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə araşdırması hüququnun kobud şəkildə pozulmasına, Azərbaycanda məhkəmə hakimiyyətinin nüfuzuna kölgə düşməsinə səbəb olmaqla bərabər, aşağıda sadalanan daxili qanunvericilik normalarını da pozdu. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin tələblərinə əsasən, “Korıstitusiya Məhkəməsirıin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa” hakim iş üzrə icraatı dayandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25 mart 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Qeyd edilən qərardan da aydın olur ki, hazırda ibtidai istintaqda “Dəmirbank” ASC-nin “Bayıl” Filialının rəhbəri vəzifəsində işləmiş Fərəh Rəşadətli barəsində gedən cinayət işi üzrə müəyyən edilə biləcək faktlar hazırki müiki iş üzrə heç bir preyudisial əhəmiyyət kəsb etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinin tələblərinə əsasən, “Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluqmənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidiır”. Belə olan halda, “Dəmirbank” ASC-nin işçisi olmuş Fərəh Rəşadətlinin əməlində cinayət əlamətlərinin olub-olmamasından asılı olmayaraq, “Dəmirbank” ASC ona illər üzrə böyük zəhmət hesabına yığmış olduqları əmanətlərini etibar etmiş iddiaçılar qarşısında mülki məsuliyyət daşıyır. Cinayət işi üzrə müəyyən ediləcək faktlar cavabdeh “Dəmirbank” ASC-nin Fərəh Rəşadətliyə qarşı vurulmuş ziyanın ödənilməsi tələbi üzrə mülki iş də preyudisial xarakter daşıya bilər. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında qeyd edilmişdir ki, “Ibtidai istintaq orqanları tərəfindən cinayət işi üzrə qəbul olunmuş qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyindən, mülki iş üzrə icraatın dayandırılmasına səbəb ola bilməz.” Avqustun 31-də keçirilən məhkəmə prosesi zamanı iş üzrə qətnamə çıxarılmasının heç bir əsas olmadan uzadılmasının qanunvericiliyin tələbinə zidd olduğunu, işin dayandırılması üçün heç bir əsas və zərurət olmadığını dəfələrlə əsaslandırılmış şəkildə məhkəmə kollegiyasının diqqətinə çatdırsaq da, sonda kollegiya işin dayandırılması barədə qərardad qəbul etdi və üstəlik qərardadın da bizim yuxarıda sadaladığımız arqumentləri nə üçün rədd etdiyini əsaslandırmadı. Halbuki, qanunvericilik məhkəmədən çıxardığı hər bir qərarı əsaslandırmasını tələb edir. Bunun ədalətli məhkəmə araşdırmasının tələbi olduğunu Avropa Məhkəməsi də baxdığı işlər üzrə dəfələrlə vurğulayaraq göstərib ki, məhkəmələr hər bir suala ətraflı cavab verməyə borclu deyillər. Amma, əgər təqdim edilmiş arqument işin nəticələri üçün önəmlidirsə, məhkəmə həmin arqumentlə bağlı mövqeyini konkret olaraq əsaslandırmalıdır (Van de Hurk Niderlanda qarşı işdə (19 aprel, 1994), Ruiz Torija İspaniyaya qarşı, n. 29, Seriya A 303-A, (9 dekabr 1994.)və s.). Hakim Məmməd Məmmədovun apellyasiya instansiyası məhkəməsinin hakimi olaraq, Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından bixəbər olması mümkün deyildir. Lakin Konstitusiya Məhkəməsinin qərarı da daxil olmaqla, onun qanunvericiliyin tələblərini heçə sayması, bizlərin haqlarını belə kobud şəkildə tapdalaması, bizə onun kimə və ya kimlərəsə arxayın olaraq bu əməllərinin ört-basdır ediləcəyinə əmin olmasından və ya ona təzyiq edilməsindən irəli gəldiyini söyləməyimizə əsas verir. Əks halda, ədalətin bərqərar olmasının təmin edilməsi əmanət edilmiş bir hakim qanunvericiliyin tələblərini belə kobud şəkildə pozmağa cəsarət edə bilməzdi. Çünki o, elə ədalət mühakiməsinin kəskin qılıncı tərəfindən bu əməlin cəld və iti şəkildə kəsiləcəyindən əmin olmalı idi. Onun bu qılıncın kəskinliyinə inamının olmaması, görünür bu qılıncın onu himayə edən şəxslərin və ya ona təzyiq göstərən şəxslərin əlində olmasına inamından irəli gəlir. Qeyd etmək lazımdır ki, bankdan əmanətimizin geri alınması üçün müraciət etdiyimiz demək olar ki, bütün orqanlarda, o cümlədən bankın əsas inzibati binasında, birinci instansiya məhkəməsində, eləcə də Bakı Apellyasiya Məhkəməsində və ibtidai istintaq orqanlarında dəfələrlə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyanın sədri Hikmət Mirzəyevin bankın sahiblərindən biri olduğu və bu səbəbdən haqlı mübarizəmizə qarşı çıxacağı ilə bağlı dəfələrlə hədələnmişik. Bizdə olan məlumata əsasən, Bankın iki böyük hüquq departamenti olmasına baxmayaraq, kənardan nümayəndə-inzibati işlər üzrə ixtisaslaşmış Elçin Usubun bankın nümayəndəsi qismində işə cəlb edilməsi də, Hikmət Mirzəyevin təşəbbüsü ilə olmuşdur. Birinci instansiya məhkəməsinin hakimi göstərilən təzyiqlərə əhəmiyyət vermədən obyektiv qərar çıxarsa da, Bakı Apellyasiya Məhkəməsinin məlum kollegiyasının, hakimlik adına yaraşmayan fəaliyyətlə məşğul olan Hikmət Mirzəyevin təzyiqlərinə dözə bilmədiyi, lakin açıq-aşkar ədalətsiz qərar çıxarmaqda da tərəddüd etdiyi açıq-aydındır. Belə ki, heç bir qanuni əsas olmadan 3 ay ərzində bitməli olan məhkəmə prosesini 9 ay uzatmaqla tərəflərin ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarını pozması Bakı Apellyasiya Məhkəməsinin hakimi M.Məmmədovun sədrlik etdiyi məhkəmə kollegiyasının müstəqil olmadığını və qəbul edəcəyi qərarı öncədən digər şəxslərlə razılaşdırdığını sübut edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, ədalət mühakiməsinin həyata keçirilməsinə əngəllər törədən şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun cəzalandırılmasını istərdik. Onu da bildirməliyəm ki, ədalət mühakiməsinin həyata keçirilməsindəki əngəllərin aradan qaldırılması məqsədilə, ədaləti və məzlumlara yardım etməsi ilə xalqın rəğbətini qazanmış Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya məktubla müraciət etmişik və düşdüyümüz vəziyyətdən çıxış yolu göstərməsi üçün bizi qəbul etməsini də xahiş etmişik. Ümid edirəm və inanıram ki, Mehriban xanımla görüşənədək, bəlkə də ən qısa müddət ərzində pozulmuş hüquqlarımız bərpa olunacaq”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?