Tramp və İlham Əliyev separatçıları necə məyus elədi; İşğalçı ölkənin Azərbaycanla böyük müharibədən qaçması üçün uzağı, 6 ay vaxtı qalır; kürdlərin və katalonların referendumu ikinci “erməni dövləti”nin yaranmasına stimul yox, zərbə olacaq, çünki...
Dağlıq Qarabağ məsələsi ətrafında son vaxtlar müəyyən hərəkətlilik müşahidə edilməyə başlayıb. Lakin hələ ki bu hərəkətlilik daha çox sözdə müşahidə olunur. Bir çox siyasi və hərbi təhlilçilər isə vəziyyətin kritikliyindən çıxış edərək, tezliklə sözdən işə keçməyin vacibliyini qeyd etməkdədirlər.
Bir sıra analitiklərə görə, gələn ilin aprelində Ermənistan parlamentli idarəçiliyə keçəndən, yəni Dağlıq Qarabağ məsələsində əsas səlahiyyət, söz sahibliyi parlamentə məxsus olandan sonra müharibə riski daha da artacaq. Çünki bir var, bir nəfərlə - Ermənistanla hansısa anlaşma əldə edəsən, bir də var ki, “müharibə partiyası”nın cəmləşdiyi və həmin “müharibə partiyası”nın seçəcəyi yeni baş nazirlə - hansı ki, yenə Serj Sərkisyan ola bilər, - danışıqlar aparasan. Aprelə isə təxminən 6 ay qalır...
Yeri gəlmişkən, bu ilin aprelində belə bir müharibə parlamentinin formalaşmasında Rusiyanın “xidməti” danılmazdır. Çünki indiki mərhələdə Moskvaya Qarabağ ixtilafının tezliklə həlli sərf eləmir.
Səbəblər barədə kifayət qədər yazmışıq. Burdaca yalnız onu qeyd edək ki, Moskva ən yaxşı halda 5 rayonun qaytarılması qarşılığında münaqişənin qeyri-müəyyən müddətə dondurulması və Azərbaycanın Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqına qoşulmasını məqbul sayır. Yəni mini-SSRİ-nin bərpasına can atır.
Bu isə Bakıya təbii ki, əl vermir. Məntiqlə İrəvana da sərf etməməlidir, çünki erməni xalqı da konfliktdən yorulub. Konfliktin dondurulması isə o anlama gəlir ki, nə vaxtsa (məsələn, Rusiya “tikişlər üzrə” söküləndə) o, yenidən və daha qanlı formada bərpa olacaq. O zaman Ermənistan adlı saxta dövlətin özünün belə varlığı sual altına düşə bilər.
*****
Bu mənada hazırda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə birgə sonuncu - Nyu-York görüşündən sonra prezidentlərin növbəti görüşünün hazırlanması barədə yayılan xəbər kövrək inam yaratmaqla yanaşı, bir məqamı xüsusi qeyd etməyi zərurətə çevirir: bu da odur ki, Əliyev-Sərkisyan görüşü bəlkə də Qarabağ konfliktinin sülh yolu ilə nizama salınması yolunda sonuncu görüş, axırıncı şans olacaq. Əks halda, hamı böyük müharibəni gözləməlidir.
Xatırladaq ki, nazirlərin Nyu-York təmasından az öncə Ermənistanın XİN başçısı Edvard Nalbəndyan İrəvanda keçirilən “Ermənistan-Diaspora” Forumunda çıxışı zamanı anons vermişdi ki, hansısa qapalı Qarabağ danışıqları gedir və ərazilərin qaytarılması da müzakirə predmetidir. Lakin nazir detalları açıqlamaqdan imtina eləmişdi və bunu da onunla izah eləmişdi ki, o halda danışıqlar pozula bilər.
Lakin istənilən halda Nalbəndyanın bu açıqlaması radikal erməni dairələrində və diasporda şok effekti doğurmuşdu. Çünki açıqlama gec-tez torpaqların Azərbaycana qaytarılmasına başlamağın qaçılmazlığı haqda açıq ismarış xarakteri daşıyır. Bunun ardınca prezidentlərin növbəti görüşünün hazırlanması yönündə səylərin intensivləşməsi diqqət çəkməyə bilməz.
*****
Doğrudur, erməni rəsmilərinin bu arada Dağlıq Qarabağla bağlı radikal açıqlamaları nikbinliyə əsas vermir. Hətta onlardan bəziləri İraq Kürdüstanında və Kataloniyada planlaşdırılan müstəqillik referendumlarından daha da ruhlanaraq, bir az da eyforiyaya düşərək, hakimiyyətdən Dağlıq Qarabağ məsələsində bir az da sərt mövqe tutmağı, yeganə həll yolu kimi də yalnız “Azərbaycan ərazilərini Azərbaycan ərazilərinə dəyişmək” kimi Bakının heç vaxt qəbul etməyəcəyi variantı tələb edirlər.
Bu xüsusda erməni nəşri lragir.am-da gedən şərhdəki aşağıdakı sitat diqqət çəkir. Musavat.com həmin sitatı təqdim edir: “Hələ onu demirik ki, çox şey Kürdüstanın öz müstəqilliyini elan etdikdən və kürd suveren hərəkatının Türkiyəyə ixrac edilməsindən sonra regionda çox şey dəyişə bilər. Kataloniyadakı referendumun da nə ilə yekunlaşacağı bəlli deyil. Əgər hər iki referendum dinc sonluqla bitsə, o zaman Qarabağ məsələsi əlavə arqumentlər əldə edəcək (təbii ki, ermənilərin xeyrinə arqumentlər nəzərdə tutulur - A.X.)”.
Göründüyü kimi, ermənilər İraq Kürdüstanındakı və Kataloniyadakı müstəqillik referendumlarına da ciddi ümid bələyir, hər iki referendumun baş tutacağı və daha iki müstəqil dövlətin yaranacağının, Türkiyənin isə guya zəifləyəcəyinin Qarabağın “müstəqilliyi”nə də stimul verəcəyinə inanırlar.
Fəqət, bu radikal çevrələr yenə yanlış ümidlərə qapılıblar. Birinci ona görə ki, hətta həmin referendumlar dünyada tanınsa belə - hərçənd buna inam sıfırın altındadır, - nə kürdlərin, nə də katalonların ermənilərdən fərqli olaraq, müstəqil dövlətləri yoxdur. İkincisi, onlar müstəqil dövlət yaratmaq üçün ərazidə ermənilər kimi etnik təmizləmə aparmayıblar. Üçüncüsü isə nə Türkiyə, nə də İran və İraq kürd dövlətinin yaranmasını qəbul eləmir. Eləcə də dünyanın aparıcı gücləri. Nəhayət, Türkiyə öz ərazisində heç vaxt kürd separatizminin güclənməsinə imkan verməz, əksinə, onun qarşısını daha amansızlıqla alacaq.
Deməli, Şimali İraqdakı müstəqillik referendumu sadə kürdlərin öz başında çatlaya bilər. Bu da yekun etibarilə Qarabağdakı separatçı hərəkata stimul yox, əlavə zərbə olacaq. Yəni əks-effekt məsələsi.
*****
Söz düşmüşkən, ötən həftə BMT Baş Məclisində çıxış edən ABŞ prezidenti Donald Tramp öz çıxışında ölkələrin ərazi bütövlüyünün qorunmasının vacibliyini xüsusi vurğulamışdı. Bu, elə sərhədləri zorla dəyişməyin yolverilməzliyi haqda bir mesaj idi. Dünyanın 1 nömrəli dövlətinin başçısının bu mesajından təbii ki, on illərdir “ikinci erməni” dövləti xülyası ilə yaşayan erməni separatçıları və terrorçularına da pay düşür.
Demək, qalır hamı üçün yeganə dinc yol - Dağlıq Qarabağla birgə BMT-nin tam hüquqlu üzvü olan Azərbaycanla ermənilərin dil tapması. Yolu çoxdan bəlli. Əksi də bəlli: nə barədə ki, Azərbaycan prezidenti İlham Əliyev BMT sessiyasında açıq xəbərdarlıq edib - “İrəvan konstruktivliyə gəlməsə, yeni aprel hadisələri təkrarlanacaq. Özü də daha böyük miqyasda...”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?