İndi Şakir Əsədov başqa bir “xəstə uşaq” axtarışına çıxıb ki, pul verən müəllimlərə dərs saatı düzüb-qoşa bilsin
Son vaxtlar bir sıra məktəb direktorlarının saxtakarlıq etmələri, müxtəlif adlar adı altında valideynlərdən pul yığmaları, məktəbli formalarını dəyərindən 2 qat baha qiymətə satdırmaqla, bir növ rəhbərlik etdikləri təhsil müəssisəsini “bazara çevirmələri” haqda məlumatlar artmaqda davam edir. Söz yox ki, zaman-zaman belələri layiq olduqları cəzalarını alıblar. Təəssüflər olsun ki, saxtakarlığı təsdiqlənən bəzi məktəb direktorları hələ də cəzasız qalmadadırlar. Bunun səbəbini bilən bilir, bilməyən isə dinmir. Belə əməl sahiblərindən birinin də, Saatlı rayonunun Əliabad kəndində Qarabağ döyüşlərində şəhid olmuş Vidadi Zərbəliyev adına orta məktəbin direktoru Şakir Əsədovun olduğu söylənilir. Bu şəxs rəhbərlik etdiyi təhsil ocağına, sanki gəlir mənbəyi kimi baxır. Məsələn, rayon sakinlərinin iddialarına görə Şakir Əsədov sağlam şagirdləri xəstə adı ilə məktəbdən kənarlaşdırır və guya ki, onlara xeyirxahlıq edir. Əslində o, “evdə təhsil” adı ilə pul yığmaqla məşğul olur. Direktor özünə yaxın olan müəllimlərin dərs saatını arırmaq adı ilə bəzi müəllimlərdən pul tələb edir və onlara əlavə dərs saatı verir. Şakir Əsədov pul aldığı müəllimə deyir ki, sənə “evdə təhsil” yazıram. “Gedib evdə uşaqlara dərs keçəcəksən”. Sonra da gülə-gülə deyir ki, “guya elə məktəbdə dərs keçməkdən yorulmuşuq, indi də evdə dərs keçəcəyik”. Bəli, yaşanan belə bir olayları bir bir kimsə yoxlamır, çünki hər kəsin “haqq-hesab”ı çatır. Şagirdlərin zəif nəticə və yaxud da yaxşı nəticə göstərməsi ilə də maraqlanan yoxdur. Şakir müəllim bildirir ki, “evdə təhsil” alan uşağın valideyninə dövlət hər ay 20 manat pul verir. Bu da birləşmiş mühasibatlığın rəhbəri Rahim müəllimə çatdığından, şagirdlərə “evdə keçirilən dərslə” bir kimsə maraqlanmır. Direktorun bu cür saxtakarlığından biri, onun yaxın qohumu olan Yəhya Əzizovun müxtəlif təşkilatlara, prokurorluq orqanlarına ünvanladığı çoxsaylı şikayətlərdən sonra ifşa olunur. Sən demə, bir müddət bundan əvvəl Şakir müəllim Yəhya Əzizovun övladını “sənə evdə dərs keçəcəklər” deyə zorla məktəbdən çıxarır. Belə olan halda uşağın valideyni müxtəlif təşkilatlara “ay məmurlar, mənim uşağım xəstə deyil, sağlamdır” deyərək ərizə yazır. O, ərizəsində “qoyun uşaq məktəbə gəlsin, həmyaşıdları ilə birlikdə təhsil alsın. Şakir müəllim pul aldığı müəllimləri dərslə təmin etmək üçün, sağlam şagirdi zorla xəstə edib” deyə etdiyi müraciətindən sonra, prokurorluq orqanı əməkdaşları problemi araşdırır. Bundan sonra Yəhya Əzizovun sağlam övladı oxuduqları məktəbdə sinif yoldaşları ilə birlikdə təhsilini davam etdirir və bu gün də davam etdirməkdədir. İndi Şakir Əsədov başqa bir “xəstə uşaq” axtarışına çıxıb ki, pul verən müəllimlərə dərs saatı verə bilsin. O, “siz uşaq tapın, valideynini razı salın, birləşmiş mühasibatlıq mənim boynuma” deyərək, çoxlarına fikirini çatdırır. Görünür direktor qol qoyduğu saxtakarlıqlardan cəzasız qaldığı üçün, bu gün təkrar “xəstə şagird, üzuyola valideyn” axtarışına çıxıb. Bu da bir həqiqətdir ki, cəzasızlığın sonu çoxsaylı saxtakarlığa, korrupsiyaya və rüşvətxorluğa növbəti yollar açır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?