Allahşükür Paşazadə və yaxınlarına qarşı total kampaniyanın qəfil dayanması və oğlunun vətənə dönüşünün - Gizlinləri
Çingiz Qənizadənin Qalib Salahzadəni xüsusi ittiham qaydasında məhkəməyə verməsində biabırçı boşluq üzə çıxıb
Millət vəkili şikayətini geri götürsə də, onun məhkəməyə müraciətindən öncə deputatlıq toxunulmazlığı ləğv edilməliydi...
Son vaxtlar millət vəkili Çingiz Qənizadə ilə sabiq həmkarı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə arasında yaşanan gərginlik medianın ciddi müzakirəsinə səbəb olub. “Gündəm-Xəbər”in əldə etdiyi məlumata görə, Şeyxin qudası ilə deputatın çəkişməsinin məhkəməyə qədər uzanmasının gerçək səbəbləri sirr olaraq qalır.
Toxunulmazlıq ləğv olunmalıydı...
Ç.Qənizadə ilə Q.Salahzadənin niyə yola getməməsi, deputatın məhkəməyə üz tutması və tərəflərin konfliktinin pərdəarxası məlum olub. İlk növbədə məsələnin hüquqi tərəfdən boşluqları meydana çıxıb. Aydın olub ki, qanunvericiliyə uyğun olaraq Ç.Qənizadənin məhkəməyə müraciət etməsi üçün öncə mandatı ləğv olunmalıdır. Çünki o, millət vəkilidir və qanunverici orqanda təmsil olunur. Bu isə o deməkdir ki, məhkəmə hakimlərinə təsir etmək imkanına malikdir. Bu nüansları şərh edən tanınmış vəkil Əlirza Həbilovun sözlərinə görə, Çingiz müəllim sıradan olan Azərbaycan vətəndaşı deyil: “O, hakimiyyəti təmsil edir. Konstitusiyaya görə ölkəmizdə hakimiyyət bölgü prinsipinə əsaslanır. Hakimiyyətin bir növü də qanunverici hakimiyyətdir. Cinayət- prosessual qanunvericiliyi tərəflərin bərabərliyi prinsipini əsas götürür. Bu prinsip əsasdır. Qanunverici hakimiyyət isə məhkəmə hakimiyyətini, hakimləri təyin edən hakimiyyət növüdür. Belə çıxır ki, hakim Çingiz Qənizadədən asılı vəziyyətdədir. Yəni hakimin təyin edilməsində bu adam iştirak edib. Bu, o demək deyil ki, Çüngiz müəllimin şərəf və ləyaqəti təhqir olunubsa, yaxud ona böhtan atılıbsa, o, məhkəməyə müraciət edə bilməz. Bu o deməkdir ki, o xüsusi ittihamdan şikayəti verə bilər. Bu şikayəti verdikdən sonra məhkəmə baş prokuror qarşısında vəsadət qaldırmalıdır ki, həmin millət vəkilinin toxnulmazlığı götürülsün. Cinayət- prosessual qanunvericiliyi xüsusi ittiham şikayətinin qarşılıqlı şəkildə verilməsini nəzərdə tutur. Tutaq ki, Çingiz müəllim Qalib müəllim haqqında xüsusi ittiham qaydasında şikayət verir. Qalib müəllim də Çingiz müəllimlə bağlı qarşılıqlı şikayət vermək hüququna malikdir. Lakin nə qədər ki, Çingiz müəllim toxunulmazlıq hüququna maükdir, burada cinayət-prosessual qanunvericiliyinin tələbləri Qalib müəllimə olan hissədə məhdudlaşır. Necə ki, Gülər Əhmədovanın məhkəmə prosesinin gedişatında Milli Məclis Gülər xanımın toxunulmazlığını götürdü. Bundan sonra məhkəmə prosesi getdi”.
Etik kodeksə də bir “quş”
“Gündəm-Xəbər”in məlumatına görə, Ç.Qənizadə məhkəməyə müraciət edərkən bu hallar nəzərə alınmayıb. Yəni, Hacı Qalibə qarşı iddiaya baxılmazdan əvvəl məhkəmə vəsatət qaldırmalı, deputatın toxunulmazlığı götürülməli, ardınca proses başlanmalıydı. Lakin vaxtilə şəhər prokuroru olmuş, yuridist işləri yaxşı bilən, hüquq müdafiəçisi olmuş Ç.Qənizadə qanunları ayaqlar altına ataraq Şeyxin qudası ilə məhkəmədə çəkişir. Məhşur hüquqşunas onu da yada salıb ki, etik davranış kodeksinə əsasən deputat vətəndaşların maraqları ilə toqquşmaqdan çəkinməlidir. Yəni vətəndaşlarla ziddiyyətə getməməlidir. Qanunvericilik bunu məhdudlaşdırır. Parlamentdə intizam komissiyası mövcuddur. Milli Məclisin daxili nizamnaməsinə görə xüsusi ittihamlı şikayətin mahiyyətini parlament müzakirə edə bilməz. Parlament belə bir səlahiyyətə malik deyil. Parlament bunu intizam komissiyasına təqdim edir. İntizam komissiyası bu təqdimatı araşdırır. Hesab eləsə ki, xüsusi ittiham qaydasında verilmiş şikayətə qarşı qarşılıqlı şikayət təqdim olunub, komissiya toxunulmazlığın götürülməsinə qərar verə bilər. Toxunulmazlıq statusu məhkəmə prosesi başa çatdıqdan sonra bərpa edilir. Biri var deputat statusunun itirilməsi, biri də var ki, toxunulmazlığının götürülməsi. Deputatın toxunulmazlığının götürülməsi onun deputat faliyyətinə xitam verilməsi demək deyil. Bu qaydalar qanunda birmənalı şəkildə öz əksini tapıb.
Şeyx sükutu pozdu və “kəfəni yırtdı”
“Gündəm-Xəbər”in verdiyi son məlumata görə, Qənizadə Salahzadəyə qarşı xüsusi ittiham qaydasında şikayətini geri götürüb. Vəkili Raqif Mustafayev deyib ki, Q. Salahzadə Ç. Qənizadənin məhkəməyə müraciət etməsindən sonra mətbuatda işlətdiyi sözlərdən imtina edib. Amma Şeyxin qudası ardıcıl təzyiqlərə məruz qaldığını deyən qaynağımızın sözərinə görə, məsələnin arxasında A.Paşazadə faktoru dayanırdı. Q.Salahzadənin oğlunun həbs edilməsi, özünün deputat tərəfindən məhkəməyə verilməsi Şeyxlə bağlı kampaniyanın tərkib hissəsi kimi qiymətləndirilir. İddialara görə, A.Paşazadənin Çexiyadakı biznesinin üzə çıxması, oğlunun varislik məsələsindən sonra Məhəmməd Paşazadənin ailəsi ilə birlikdə ölkəni birdəfəlik tərk eləməsi, Hacı Qalibin bu faktı təsdiqləməsi və Şeyxi son dəfə pərişan gördüyünü deməsi bir-birinə zəncirvari bağlı olan proseslər idi. Şeyxə qarşı hücumlar onun ətrafına da qarşı yönəlmişdi. Odur ki, Hacı Qalibin oğlunu həbs etdilər, özü isə Ç.Qənizadə tərəfindən məhkəməyə verildi. Görünür ki, millət vəkili həmin kampaniyada rıçaqlardan biri olub. Ancaq elə ki, Şeyx dövlət agentliyi olan “Azərtac”a müsahibə verdi, onun əleyhinə gedən kampaniyanın arxasında dövlət-din qarşıdurması yaratmaq istəyənlərin olduğunu söylədi, sükut pozuldu və “şimşəkləri” yaxınlarının üzərindən çəkməyə müvəffəq oldu. İddialara görə, Ç.Qənizadəyə də “stop” mesajı verildi və şikayətini geri götürdü. Deputatın dirijor çubuğu ilə hərəkət etməsi və gələn təlimat əsasında addımlar atması məhz Şeyxə qarşı kampaniyanın dayanması ilə eyni vaxta təsadüf elədi. Hətta Hacı Qalibin oğlunun azadlığa buraxılması da böyük ehtimalla mümkün olacaq. Xəbərə görə, Türkiyəyə birdəfəlik köçdüyü açıqlanan Şeyxin oğlu Məhəmməd Paşazadə Azərbaycana qayıdıb.
QMİ sədrini devirmək projesi
“Gündəm-Xəbər” bildirir ki, A.Paşazadənin qudası Qalib Salahzadə Şeyxin övladının ailəsi ilə birlikdə ölkədən həmişəlik getdiyini təsdiqləmişdi. Paşazadəyə qarşı çıxan qüvvələr illərdir ki, onu devirmək və Qafqaz Müsəlmanları İdarəsini götürmək niyyətindədirlər. Amma hər həmlədə onların cəhdləri puça çıxır. Son qalmaqal - Şeyxin Çexiyadakı biznesi və oğlunun varislik məsələsindən kontur arqument kimi istifadə edən iqtidardakı bəzi dairələr var gücü ilə səfərbər olmuşdular. Bəzilərində əminlik yaranmışdır ki, QMİ sədri artıq bu mərhələdə yeniləcək. Fəqət ölkə rəhbərliyinin dəstəyi Şeyxin üzərində “şimşəkləri çəkdi”. xəbərə görə, hakimiyyət düşərgəsində ciddi müzakirələr olub. Ölkə rəhbərliyinin göstərişləri və əmrləri çatdırılıb. A.Paşazadə əleyhinə fəaliyyətə qoşulanlara son xəbərdarlıq edilib. Onun hazırkı vəziyyətdə, ölkədə dini durumun nəzarətdə saxlanması baxımdan önəmli kadr olduğu diqqətə çatdırılıb. Odur ki, Şeyx əleyhinə kampaniya dayandırılıb. Oğlunun da vətənə qayıdışı təmin edilib və siyasi zəmanət verilib. Hətta Şeyxin qudasının oğlunun da azad olunacağı istisna edilmir. Hacı Qalibin “vurulması” isə məhz Şeyxlə əlaqələndirilir. Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadə artıq 1 aydan çoxdurki, həbsdədir. O, “Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir. Əlihüseyn Salahzadə sentyabrın 13-də Nəsimi Rayon Məhkəməsi tərəfindən həbs edilərək, Kürdəxanı həbsxanasına göndərilib. Ona qarşı Cinayət Məcəlləsinin 315.2 maddəsi (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə cinayət işi açılıb. Hacı Qalib oğlunun həbsi ilə bağlı mətbuata açıqlamasında bunu “qondarma qərar” adlandırsa da, faktiki olaraq, artıq Əlihüseyn Salahzadə sentyabrın 18-dən dəmir barmaqlıqlar arxasındadır. Şeyx Meydan Hərəkatından bu yana fəaliyyəti olan ictimai xadimdir. O, bütün prezidentlərlə işləyib. Kifayət qədər zəngin informasiya baqajı var. Kim bilir, sandıqçada gizli saxlanmış materialların çoxu da qəbirə gedəcək. Amma indiyə qədər keçmiş siyasətçilər, müxalifət liderləri A.Paşazadə əleyhinə bir kəlmə də danışmayıblar. Şeyxin düşmənləri hakimiyyətin əksər çevrələrində var. Onlar həmişə Qafqaz Müsəlmanları İdarəsi sədrini baltalayıblar. İlk növbədə QMİ-nin onun əlindən alınması hədəf götürülüb, sədr postuna müxtəlif klanlar öz namizədlərini irəli çıxarmağa başlayıblar. Bu sahənin bir şəxsin inhisarında olması bütün qruplaşmaları demək olar ki, Şeyxə qarşı qoyub. A.Paşazadə isə hər sıxışdırıldığını görəndə şəxsən prezident İlham Əliyevin yanına gedərək məsələni məruzə etmək imkanı olduğu söylənir. Nazirlərin ona bata bilməməsi də məhz burdan qaynaqlanırdı. Şeyxə qarşı dəfələrlə kampaniyalar təşkil olunub. Lakin hər dəfəsində A.Paşazadə hücumları dəf edə bilib. Bunun bir səbəbi kifayət qədər geniş spektrə və əlaqələrə malik olmasıdırsa, başqa bir faktor 1-ci şəxsə çıxış imkanıdır. Hələ bir müddət əvvəl Gəncədə Şeyxin nümayəndəsinə, İmamzadə məscidinin axunduna edilən həmlələr irimiqyaslı planın tərkib hissəsi kimi görünürdü. Şeyxin devrilməsi asan əməliyyat deyil. Siyasi iradə, beynəlxalq səviyyədə razılaşma və iqtidar daxilində ən yüksək eşelonda qəti qərar olmalıdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?