Orta məktəb dərsliklərindəki nöqsanlar, mətnlərin qəliz dildə yazılması, mürəkkəb terminologiya artıq neçə illərdir tənqid obyektinə çevrilsə də, vəziyyət dəyişmir. Hətta əksinə, dərslik müəlliflərinin Gülümsərovsayağı “limçay” kəşfləri şagirdlər arasında savadsızlığı artırır.
Belə müəllif “kəşf”lərindən biri də 7-ci və 8-ci siniflərdə cəbr və həndəsə fənlərinin birləşdirilməsidir. Müəllimlər iddia edirlər ki, cəbr və həndəsənin birləşdirilərək riyaziyyat dərsliyi halına salınması dövrün tələbidir, şagirdin dərs yükünü azaltmağa hesablanıb. Şagird cəbrdən həndəsəyə, həndəsədən cəbrə keçidlə əzbərçilikdən xilas olacaq. Dərslik müəlliflərinin iddiasına görə, beynəlxalq təcrübədə təkcə cəbr, həndəsə deyil, fizika və astronomiya da riyaziyyat adı altında tədris olunur, çünki bu fənlər arasında ciddi əlaqə mövcuddur. Amma nəzərə alınmayıb ki, fənlərin eyni dərslikdə əlaqəsiz keçidlərlə verilməsi, bilərəkdən və ya bilməyərəkdən şagirdləri Əli aşından da edib, Vəli aşından da.
Dərsliklərin birləşdirilməsi
Cəbr və həndəsənin birləşdirilərək riyaziyyat dərsliyi halına salınması ictimai müzakirələr zamanı da narazılıqla qarşılanıb. Riyaziyyat müəllimləri, ekspertlər dərsliklərin birləşdirilməsinin düzgün olmadığını söyləyiblər. Bundan başqa, dərsliklərdə ciddi nöqsanlar da aşkarlanıb. Məsələn, dərsliklərin ictimai monitorinq qrupundakı müzakirələrdə 7-ci sinif riyaziyyat dərsliyi ilə bağlı iradlara nəzər salaq:
“Cəbr və həndəsə ayrılıqda verilməlidir. Mövzular bir-birini tam izləməlidir. Yəni sadədən mürəkkəbə doğru. Dərslikdə üçbucaq haqqında mövzular bır fəsildə verilsə, düzgün olardı”, - müəllimlərdən biri yazıb.
Digəri isə deyir ki, dərslik yaş həddinə görə mövzu seçimini əhatə edir. Buna görə də, həndəsə materiallarının cəbrlə bir yerdə olması məqsədyönlü deyil. Çalışma seçilməsi sadə, orta, çətin olaraq çox çeşidli və sayca daha çox olmalıdır. Şagirlərin yaşı və həyat tərzi, ətraf mühit, gündəlik görüntülərlə əlaqəli olmalıdır. Kompüterlə işləmə tələbləri kiçildilməlidir. Çünki bu şagirdlərdə ümumi kütləşmə və əsəbilik yaradır.
Müəlliflərin “tapıntı”sı
gundemxeber.az virtualaz.org-a istinadla xəbər verir ki, bDərslikdəki nöqsana gəldikdə, səhifə 34-də “Bucağın tənböləninin qurulması” mövzusu 6 bənddən ibarət bərbad halda verilib. 76-cı səhifədə “bərabəryanlı üçbucağın tərifi” “müəllif”in tapıntısıdır.
Dərsliklərin müzakirəsi zamanı forumda müəlliflərə sual ünvanlanır: “Hörmətli müəllif, tərifləri, teoremləri, qaydaları orta məktəbdə öyrəndiyiniz kimi vermək olmazdı?” Kəşf müəllifləri sualı iki dərsliyin birləşməsinə ciddi əmək verdiklərini, mənfiləri deyil, müsbət yeniliklərin müzakirəsini tövsiyə etməklə cavablandırır.
8-ci sinif “Riyaziyyat” dərsliyinin müəllifləri Nayma Qəhrəmanova, Məhəmməd Kərimov və İlham Hüseynovdur. Orta məktəb müəllimlərindən biri müzakirələr zamanı müəlliflərə belə bir sual ünvanlayıb: “Hörmətli müəlliflər, əgər siz bu mövzular haqqında orta məktəbdə həndəsə dərsliyindən öyrənməsəydiniz və bu formada başqası yazsaydı, ondan nə başa düşərdiniz? Belə bərbad vəziyyətdə dərslik yazmazlar, uşaqlarımız yazıqdır. Dərslik yazılmasının şərtlərindən biri də istifadə olunan ədəbiyyat siyahısının verilməlidir. Əvvəlki (V-VII siniflərdə) kitablardakı kimi, 8-ci sinif “Riyaziyyat” dərsliyində istifadə olunan ədəbiyyat da verilməyib”. Amma sual cavabsız qalıb.
Narazılıq yaradan məsələlərdən biri də yeni terminlərdir. İddia olunur ki, “Bərabərlik” sözü standartlara cavab vermir, buna görə də, yerinə konqruyent yazılır. Teoremlərin isbatı şagirdə tapşırılır.
Müəlliflərdən biri – Nayma Qəhrəmanova isə iradlarla bağlı bildirib ki, həndəsə riyaziyyat fənni üzrə 5 məzmun xəttindən biridir, onun digər 4 məzmun xətti ilə birlikdə bir dərslikdə verilməsi beynəlxalq təcrübəyə uyğundur. Dərsliklərdə istinad ədəbiyyatının verilməməısi isə onunla izah olunur ki, şagirdin fikri dağılmasın, “gedib kənarda kitab axtarınca oturub dərs oxusunlar”.
Dərsliklərdə inhisarçılıq
Təhsil üzrə ekspert Etibar Əliyevun fikrincə, dərsliklərdəki nöqsanların tam aradan qaldırılması zamanla mümkün olacaq. Çünki dərsliklərin yazılmasında kök salmış inhisarçılığı aradan qaldırmaq üçün vaxt lazımdır. “Misir Mərdanovun nazir olduğu dövrdə dərslik yazılması inhisarçılığa alınmışdı. Hətta Misir Mərdanovun özü riyaziyyat və həndəsə olmaqla 14 dərsliyin müəllifi idi. Əgər təhsil nazirinin özü 14 dərslik yazırdısa, deməli, alternativ seçim mümkün deyildi. Həmin vaxtda nə Azərbaycanda yaşayan, nə də xarici ali müəssisələrdə dərs deyən riyaziyyatçılar yaxına buraxılmırdılar”, - E.Əliyev virtualaz.org-a açıqlamasında deyib.
Ekspertin sözlərinə görə, təkcə riyaziyyat, cəbr və həndəsədə deyil, fizika dərsliyində də ciddi nöqsanlar var. Fizikanın sistemli yazılışı pozulub, bölmələr arasındakı əlaqələr yoxdur. “Cəbr və həndəsənin birləşdirilərək riyaziyyat dərsliyi yazan müəlliflər də Misir Mərdanovun dövründə dərslik yazanlardır. Həmin dövrdə dərslik yazılmasını konkret şəxslərə tapşırmışdılar. Məsələn, bir akademik dilçi olduğu halda ədəbiyyat dərsliyi yazırdı. Digər akademik bütün dərslikləri inhisara götürmüşdü”.
Müəllif seçimi neçə illərdir nəşriyyatların ixtiyarına buraxılıb. Nəşriyyatlar isə bu işın öhdəsindən gələ bilmirlər. E.Əliyev əlavə edir ki, Təhsil Nazirliyi daha təkmilləşdirilmiş formada, dövrün tələbinə cavab verən dərsliklərin yazılması üçün yeni mexanizm işləyir. Nazirliyin müsbət qərarlarından biri də dərsliklərlə bağlı ictimai müzakirələrin keçirilməsidir. Amma bütün ictimaiyyət, ali məktəblərdə çalışan müəllimlər bu müzakirələrə qatılmalıdırlar. Çünki dərslik yalnız nazirliyin, müəllifin deyil, valideynlər də daxil hər kəsin problemidir. “Hesab edirəm ki, dərsliklərdəki nöqsanlar inhisarçılğın, bunun aradan qaldırılmasına vaxt lazımdır. Naziliyin hazırladığı yeni mexanizmin tətbiqindən sonra inhisarçılığı tam aradan qaldırmaq mümkün olacaq”, - ekspert söyləyib.
Riyaziyyat müəllimi Nurlan Məmmədov isə virtualaz.org saytına açıqlamasında deyib ki, cəbrdə və həndəsədə ayrılıqda şagird üçün fərqli anlayışlar, mövzular var. Növbəti illərdə dərslik yazılarkən bunu nəzərə almaq lazımdır. “2015-ci ildə nəşr olunmuş “Riyaziyyat” dərsliyində iki fənni birləşdiriblər. Amma mövzuları ixtisarlarla bir kitaba yığıblar. Cümlələr qısaldılıb, təriflər, qaydaların izahı mürəkkəb, anlaşılmaz cümlələrlə əvəzlənib. Şagirdi başa salmaq üçün dəridən-qabıqdan çıxırıq. Nəzərə almaq lazımdır ki, dərslik professorlar üçün deyil, orta məktəb şagirdləri üçün yazılıb”.
Müəllim əlavə edir ki, Dövlət İmtahan Mərkəzinin test kitabı və “Namazov”un əlavəsindən istifadə etməyə məcburdular: “Daha çox “Namazovun kitabı”ndan istifadə edirik. Çünki dərs vəsaiti ilə şagirdi başa salmaq çətindir. Bəzən valideynlər əlavə vəsait almaqdan imtina edirlər. Amma başqa əlac yoxdur, müəllim özü kitabda qüsurlar aşkarlayırsa və ya şagirdi başa salmaqda çətinlik çəkirsə, əlavə vəsaitlərdən istifadə etməyə məcburdur. Heç olmasa, qaydaları sadə dillə vermək lazımdır”.
Nazirlər Kabineti qərar verib
Təhsil Nazirliyindən isə virtualaz.org-un sorğusuna cavab olaraq bildiriblər ki, əvvəllər ümumtəhsildə cəbr və həndəsə fənləri olub. Lakin Nazirlər Kabinetinin 3 iyun 2010-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilən “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurrikulumları)” sənədində həmin fənlər riyaziyyat fənni ilə əvəzlənib. Odur ki, dərsliklər də fənnin adına uyğun olaraq riyaziyyat adlanır.
Nazirlikdən əlavə ediblər ki, istənilən nəşriyyat öz təşəbbüsü ilə dərslik hazırlaya bilər. Lakin hazırlanan dərsliklər müəyyən tələblərə və meyarlara cavab verməlidir. Ən vacibi, dərsliklər təhsil müəssisəsində tətbiq olunan təhsil proqramlarındakı kompetensiyaların (biliklərin, bacarıqların və s.) şagird tərəfindən mənimsənilməsini təmin etməlidir. Özəl məktəblər tətbiq etdikləri dərslikləri özləri seçir. Dövlət məktəbləri isə dərsliklərlə Təhsil Nazirliyi tərəfindən təmin edilir. Dövlət məktəblərində istifadə ediləcək dərsliklərin seçilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən tender elan olunur. Nazirlik nəşriyyatların müəllif seçiminə müdaxilə etmir və bu işdə nəşriyyatlar tam sərbəstdirlər. Müsabiqəyə təqdim edilən dərslik layihələri ekspertiza və qiymətləndirilmə üçün Dərslikləri Qiymətləndirmə Şurasına təqdim edilir. Dərslikləri Qiymətləndirmə Şurası tərkibi seçim əsasında təşkil edilmiş alimlərdən, pedaqoq-metodistlərdən, qabaqcıl praktik müəllimlərdən ibarətdir. Dərslikləri Qiymətləndirmə Şurası təqdim edilən dərslikləri qiymətləndirmək üçün hər fənn üzrə ekspert qrupları təşkil edir. Qiymətləndirmədə Dərslikləri Qiymətləndirmə Şurasının ekspertləri ilə yanaşı, Dövlət İmtahan Mərkəzinin də ekspertləri iştirak edir. Hər bir dərslik qiymətləndirmə meyarlarına əsasən qiymətləndirilir və verilən ballar əsaslandırılır. Qiymətləndirmə nəticəsində qalib gəlmiş dərslik geniş ictimiyyət üçün açıq elan edilir və ona dair ictimai rəyin öyrənilməsinə başlanılır.
Qeyd edilən proseslərlə yanaşı, dərslik layihəsinə dair müvafiq profilli ali təhsil müəssisələrindən, elmi-tədqiqat institutlarından, digər ixtisaslaşmış qurumlardan rəylərin alınması həyata keçirilir. Daxil olan bütün irad və təkliflər dərsliyin yaradıcısı olan nəşriyyat və müəlliflərə, eləcə də ekspertlərə göndərilir. Bütün bu işlərlə yanaşı, nəşriyyatda müvafiq dərslik layihələrinin rus və gürcü dillərinə tərcüməsi də təşkil olunur. Tərcümə yekunlaşdıqdan sonra həmin layihələr də yuxarıda qeyd edilən qayda ilə ictimai rəyin öyrənilməsi üçün açıq elan edilir və daxil olan rəylər əsasında onlar nəşriyyat tərəfindən təkmilləşdirilir. Nəşriyyat tərəfindən dərslik layihəsi üzərində edilən əlavə və düzəlişlərdən sonra o, ekspertlər tərəfindən bir daha yoxlanılır və bundan sonra çapa verilir.
7-ci sinif “Riyaziyyat” dərsliyi 2014-cü ildə tam tirajla, 2016-cı ildə isə müəyyən tirajla çap olunub.
Göründüyü kimi, illərdir təhsilin üzərinə kabus kimi çökmüş dərslik problemini həll etmək üçün hələ xeyli müddət çalışmaq lazımdır. Buna qədər isə ən azı 2-3 nəsil bu cür dərsliklərlə yola salınacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?