Əlövsət Osmanlı: “Təhsil Nazirliyinin təmsilçilərində anlamazlıq istedadı o həddə çatıb ki, onlar açıq-aydın, heç bir mübahisəyə yer qoymayan iradları belə qəbul etmək istəmir, ictimai fikri çaşdırmaq üçün ərşdən-gürşdən danışırlar ”
Xəbər verdiyimiz kimi, TQDK-nın monitorinq qrupu indiyədək 8 dərsliyin ümumtəhsil məktəblərində istifadəsini məqsədəuyğun saymayıb və onların yenidən hazırlanmasını tövsiyə edib. APA-nın srağagün verdiyi məlumatda isə bildirilir ki, Təhsil Nazirliyi bu qərarı əsassız hesab edib. Belə ki, bu qurum TQDK ekspertləri tərəfindən çıxdaş edilmiş “Azərbaycan dili-3”, “Riyaziyyat-3” və “Həyat bilgisi-3” dərsliklərində göstərdiyi iradların az bir qismini qəbul edib. Yaranmış mürəkkəb situasiya ilə bağlı ekspert, riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlıya müraciət etdik. O qısaca bunları dedi: “Təhsil Nazirliyinin cavabları, yumşaq dillə desək, cığallıqdan başqa bir şey deyil. Adam onları oxuduqca Azərbaycan təhsili adına xəcalət çəkir. Görün bu qurumun təmsilçilərində anlamazlıq istedadı nə həddə çatıb ki, onlar açıq-aydın, heç bir mübahisəyə yer qoymayan iradları belə qəbul etmək istəmir, ictimai fikri çaşdırmaq üçün ərşdən-gürşdən danışırlar. Deyəndə ki, filan standart dərslikdə öz əksini tapmayıb – təsbit edilmiş bilik və bacarıqların formalaşdırılması üçün burada heç nə yoxdur, o dəqiqə qırx dərədən su daşıyırlar... Hal-hazırda, mən də daxil, bir qrup müstəqil ekspert Təhsil Nazirliyinin cavablarını diqqətlə izləyir, öyrənir və təhlil edirik. Bu cavabları hazırlayanların kurikulum, dərslik, iş dəftəri və metodik vəsait haqqında anlayışlarının nə dərəcədə primitiv olduğunu görməmək mümkün deyil. Prosesin sonunu – bütün rəylərin və cavabların elan edilməsini gözləyirik. Bundan sonra geniş mətbuat konfransı keçirərək nazirliyin otpiska cavablarının biabırçı detallarını ictimaiyyətin diqqətinə çatdırmaq fikrindəyik. Çünki dövlətin strateji sahəsi olan təhsilin məzmunu ilə bağlı quruculuq işlərini bir qrup dəllalın şəxsi bazar düşüncəsi ilə idarə etməsi ilə barışmaq olmaz! Bu dəllallar hələ də təhsilin yox, öz şəxsi mənfəətlərinin və çirkli mundirlərinin “qeydinə qalmaqla” məşğuldurlar”...
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?