"Gündəm Xəbər"in redaksiyasına respublikamızın bölgələrindən də tez-tez şikayət məktubları daxil olur. Ən çox şikayətlərin daxil olduğu bölgələrdən biri də Gəncə şəhəridir. Şikayətçi Qasımov Kamil Nadir oglu redaksiyamıza ünvanladığı şikayət ərizəsində hüquqlarının pozulması, habelə Azərbaycanın dövlət bayrağının təhqir olunmasından bəhs edir. Kamil Qasımov yazır ki, o, Gəncə şəhərində "Mif studio"nu işlədir, sahibkardır: "25 oktyabr 2017-ci ildə tanımadığım bir səxs mənim dükanıma yaxınlaşdı. O, mülki geyimdə, kostum-şalvarda idi. Dükana yaxınlaşan həmin şəxs mənim A-4 ölçüdə, üzərinə "Gəlin binamızı temiz saxlayaq. Yerə zibil atma. Siqaret çəkmək olmaz!" sözləri yazılan plakatı cırıb yerə atdı. Mən dükanda Azərbaycan bayrağını asmışam. Həmin şəxs 3 metr hündürlükdə dalğalanan Azərbaycan bayrağını götürdü və bayrağı oradan asmağı qadağan etdi". Şikayətçi yazır ki, o, həmin şəxsdən bayrağı götürməsinin səbəbini soruşub: "Soruşdum ki, siz kimsiniz, niyə icazə vermirsiz ki, Azərbaycan bayrağını asım? Həmin şəxs bildirdi ki, İcra hakimiyyətindən gəlmişəm. Ondan xahiş etdim ki, özünü təqdim etsin, vəsiqəsini göstərsin. Lakin o, heç bir sənəd göstərmədi, əvəzində polis çağırdı".
Şikayətçi bildirir ki, o, studiyada Heydər Əliyevin şəklini asıb: "Lakin həmin şəxs buna da icazə vermədi. Məndən tələb etdi ki, şəkli yığışdırım. Bildirdi ki, Heydər Əliyevin şəklini asmağa da icazə yoxdur. Bundan sonra düşünürəm ki, görəsən, Gəncədə İcra Hakimiyyətində işləyənlər azərbaycanlı deyilmi? Görəsən, mən azərbaycanlıyammı? Mən öz studiyamda Azərbaycanın deyil, hansı ölkənin bayrağını asmalıyam?"
Şikayətçi bildirir ki, Prezident İlham Əliyev icra strukturlarına sahibkarları narahat etməmək, onların hüquqlarını pozmamaq barədə göstəriş verib, lakin yerlərdə bəzi məmurlar bu göstərişlərə əməl etmirlər. Sahibkar məktubunun sonunda ölkə rəhbərliyindən üzləşdiyi problemlə bağlı tədbir görülməsini xahiş edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?