Azərbaycan Vergilər Nazirliyinin Lokal Gəlirlər Departamenti 1 Saylı İnzibati - İqtisad Məhkəməsinə müraciət edərək araşdırmaçı jurnalist Xədicə İsmayılın "Kapitalbank"dakı hesabına həbs qoyulmasını tələb edib.
Bu barədə jurnalistin özü facebook səhifəsində yazıb. X.İsmayıl deyir ki, noyabrın 11-i Vergilər Nazirliyi bununla bağlı ona həm yazılı, həm də onlayn məlumat verib. Jurnalistin sözlərinə görə, hər şey ondan başlayıb ki, o, bu il beynəlxalq jurnalistika mükafatı ilə təltif edilib. Bu günlərdə həmin mükafata görə, X.İsmayılın "Kapitalbank"dakı hesabına pul vəsaiti köçürülüb. Ancaq X.İsmayıl həmin vəasiti hesabından çıxara bilməyib. Araşdırmaçı jurnalist dəfələrlə bankla əlaqə yaradıb, pul vəsaitinin hesabına oturdulmasını istədiyini bildirib. Ancaq bank təmsilçiləri hər dəfə ona "gözləmək lazımdır, araşdırırıq, qərar verilməyib", məzmunda cavablar verib. Sonuncu dəfə bankdan jurnalistə bildiriblər ki, onun müraciətinə "yuxarılarda baxılır". Noyabrın 11-də jurnalistə bəlli olub ki, artıq Vergilər Nazirliyi noyabrın 8-də məhkəmədən onun bank hesabına həbs qoyulmasını tələb edib. Vergilər Nazirliyindən X.İsmayıla göndərilmiş məktubda bildirilir ki, o, vergi öhdəliyinə vergi qanunvericiliyində nəzərdə tutulmuş qaydada əməl etməyib. Nazirlik həmçinin Ali Məhkəmənin ötən ilin mayında X.İsmayıl barəsində çıxardığı qərara istinad edib. "Halbuki, həmin qərarda hansısa vergi öhdəliyimdən, məbləğdən, mənə qarşı mülki iddiadan söhbət getmir", deyən jurnalistin sözlərinə görə, Vergilər Nazirliyi ondan 63 min 138 min manat tutulmasını istəyir. X.İsmayıl deyib ki, noyabrın 11-də Vergilər Nazirliyinin qaynar xəttinə - 195 xidmətinə zəng vuraraq vergi öhdəliyinin olub-olmadığını soruşub. "Qaynar xətt"dən ona "heç bir vergi öhdəliyiniz yoxdur" cavabı verilib. Vergi öhdəliyi ilə bağlı iddiaları əsaslı saymayan X.İsmayıl nazirliyin məhkəməyə müraciətinə etiraz edəcəyini bildirib. Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalistə vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib. Jurnalist bütün ittihamları rədd edib, məhz korrupsiya araşdırmalarına görə həbs olunduğunu bəyan edib. X.İsmayıl Ali Məhkəmənin qərarı ilə ötən il mayın 25-də həbsdən buraxılıb. Məhkəmə onun cəzasını 3 il 6 ay şərti cəza ilə əvəz edib. Məhkəmə ona ittiham olunduğu iki maddə üzrə 179 (mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) bəraət verib. Məhkəmə jurnalistə ittiham olunduğu digər iki maddə 192 (qanunsuz sahibkarlıq) və 213 (vergidən yayınma) üzrə isə 3 il 6 ay cəza verib. Daha sonra 70-ci maddəni tədbiq etməklə onun həbs cəzası şərti cəza ilə əvəzlənib. X.İsmayıl həbsdən çıxdıqdan sonra jurnalist araşdırmalarına görə bir neçə nüfuzlu mükafata layiq görülüb. Bu il sentyabrın 26-da X.İsmayıl "Nobel mükafatına alternativ" - "Dürüst Həyat" (Right Livelihood) laureatı adını qazanıb. Kanadadakı Britaniya Kolumbiyası Universiteti Hüquq fakültəsinin təsis etdiyi "Allard" mükafatının qalibi də Xədicə İsmayıl elan edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?