Azərbaycanda qanunu pozan və cinayət törədən vəzifəli şəxslərin övladları istisnasız olaraq cəzalandırılırlar
Prezident İlham Əliyevin bir neçə il qabaq etdiyi xəbərdarlıq qüvvədədir və hansı məmur övladı qudurğanlıq edirsə dərhal həbs olunur.
2017-ci ildə də biz məmur uşaqlarının etdiyi özbaşına hərəkətlərə şahid olduq. Ancaq onların bəzilərinin cəza metodlarında fərq qoyulduğu da diqqətdən yayınmadı. Buna misal olaraq iki məmur övladına yanaşmanı müqayisə üçün təqdim edir:
Onlardan biri Şeyxin qudası, sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadə, digəri təzəcə azadlığa buraxılan “Nurgun Motors” şirkətinin prezidenti Nuru Əliyevin övladı Nurxan Əliyevdir.
Ə.Salahzadə “Azərsu” işçisinə zor tətbiq etdiyi üçün cinayət işi açılıb və həbs edilib. Ona 315-ci maddə, yəni hakimiyyət nümayəndəsinə müqavimət ittihamı verilib. Halbuki, “Azərsu” əməkdaşı hakimiyyət nümayəndəsi deyil, açıq səhmdar cəmiyyətin işçisidir. Yəni, Hacı Qalibin oğluna inzibati həbs cəzası verilə bilərdi.
Ondan fərqli olaraq “Nurgun Motors” şefinin övladı həqiqətən hakimiyyət nümayəndəsinə - yol polisinə xəsarət yetirib, onu yumruqlayıb.
Üstəlik, sərxoş vəziyyətdə bu cinayəti törədib. Lakin cinayət işi açılmır və 15 sutkalıq həbslə cəzalandırılır.
Hacı Qalibin oğlu ilə Nuru Əliyevin övladlarının hərəkətlərindəki fərq və istintaqın yanaşması gün kimi aydındır.
Qeyd edək ki, zərərçəkmiş Elbəy Mirzəyev hər hansı şikayət və tələbinin olmadığını deyib, şikayət ərizəsini geri götürüb. Ancaq Hacı Qalibin oğlunun məhkəməsi gedir. Nurxan Əliyevin isə 15 günlük həbsdən sonra azadlıqda gəzməsi və polisə vurduğu zərbəyə göz yumulması fərqləri ortaya qoyur.
Lakin görünür ki, qeyri-rəsmi yollar hesabına “Nurgun Motors” prezidenti oğlunu həbsdən xilas edib.
Nurxan yol polis əməkdaşına tabe olmaq yerinə onu yumruqla vurur, paqonunu cırır, sərxoş vəziyyətdə avtomobil idarə edir, sənədləri yoxdur və ona bəraət qazandıracaq bircə nüans tapmaq olmur.
Əlbəttə, çox söz demək olar və N.Əliyevin övladına verdiyi tərbiyə, yaratdığı şəraitin nəticəsidir. Yəni, Nurxandan öncə atası qınanmalıdır, tənqid olunmalıdır.
Eyni zamanda Hacı Qalibin oğlu ilə Nuru Əliyevin oğluna verilən ittihamların yeri dəyişməliydi. Hər halda su idarəsinin işçisi ilə polis əməkdaşının status fərqi göz qabağındadır.
Əlbəttə, heç bir kəsə imtiyaz verilməyib ki, qarşısındakına zor tətbiq eləsin. Hami qanun qarşısında bərabərdir. Lakin bu məsələdəki fərq göz deşir.
Hadisənin arayışı belədir: Rəşid Behbudov küçəsində “90-AN-949” dövlət qeydiyyat nişanlı "İnfiniti" markalı avtomobilin sərnişini Əliyev Nurxan Nuru oğlu yol ilə paralel hərəkət edən YPX avtomobilinin əməkdaşlarını söyərək təhqir edib.
YPX əməkdaşları sürücünün sərxoş olması ehtimalı ilə avtomobilə “saxla!” əmri verib. Əmrə tabe olmayan sürücü ikinci “saxla!” əmrindən sonra avtomobili dayandırıb. Bu zaman avtomobildə olan N.Əliyev maşından enərək kiçik çavuş Sənan Ədilzadənin üz nahiyəsinə yumruq zərbəsi endirib.
Ardınca sürücü və sərnişin xidməti maşını idarə edən digər polisi təhqir etməyə başlayıb. Əraziyə Polis Post Patrul Xidmətinin əməkdaşları cəlb edilib.
Araşdırma zamanı məlum olub ki, avtomobil “Nurgün Motors” şirkətlər qrupuna məxsusdur. Sürücü və sərnişinin isə qanunvericilikdə nəzərdə tutulan qaydada avtomobili idarə etmək hüququ yoxdur.
Onlar asayiş keşikçilərinə göstərdikləri müqavimətə görə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis bölməsinə aparılıb.
Bundan sonra sərnişin N.Əliyev Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə dəvət edilib. Məntəqədə həkim yoxlanışı zamanı onun sərxoş olduğu müəyyən edilib./xalqxeber.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?