“Hacının ölümü osminoqun quyruqlarına lazım imiş” - İlham İSMAYIL
“Mən şəxsən Hacı Məmmədovun intihar etdiyinə inanmıram” - Namizəd SƏFƏROV
Ötən gün intihar edən Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun intihar etməsi cəmiyyətdə birmənanlı qarşılanmayıb. H. Məmmədovun intihar etməsinə səbəb kimi ağciyər xərçəngi və vərəm xəstəliyindən əziyyət çəkdiyi göstərilsə də, intihar faktına çoxları şübhə ilə yanaşır. Çünki Milli Təhlükəsizlik Nazirliyinin 10 mart 2005-ci il tarixdə “Qara Kəmər” əməliyyatı ilə həbs edilən Hacı Məmmədov uşaqların da qorxulu röyasına çevrilmiş bir kabus idi. Sifarişli qətllər yerinə yetirən H. Məmmədovun intiharı da bu üzdən birmənalı qarşılanmır. Çox maraqıldır ki, illərlə MTN təcridaxanasında saxlanılan Hacı Məmmədov orada ağır şəraitdə, sorğu-sual altında intihar etməyib, ancaq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ixtisaslaşdırılmış müalicə müəssisəsində intihar edib. Qeyd edək ki, Penitensiar Xidmətin ixtisaslaşdırılmış müalicə müəssisəsində saxlanılan H. Məmmədov ötən gün mələfə ilə özünü asıb. Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
“Mən inanmıram Hacının özünə intihar lazım ola”
“Hacı Məmmədovun ölümü kimə lazım idi” sualını cavablandıran keçmiş MTN zabiti İlham İsmayıl Hurriyyet.org-a bildirdi ki, suala birmənalı cavab vermək mümkün deyil: “Rəsmi intihar xəbərinə inansaq, deyərik ki, elə Hacının özünə lazım idi. Amma mən inanmıram özünə lazım ola. Çünki 12 ildir həbsdə yatan, ömürlük həbs aldığını bilən və susmağından başqa heç bir şey tələb olunmayan adamın intihar etməsi nə ilə əlaqədardır, müəmmalıdır. O, artıq adaptasiya olunmuşdu. Bildiyimə görə, şəkər xəstəsi idi. Xüsusi əzabverici bir xəstəliyi olub-olmadığını da bilmirəm. Hər halda, müalicə olunurdu. Yəni onun intihar səbəbinin müəmmaları hələ də qalır”.
“Hacı elə professionaldır ki, ömründə məktub qoyası deyil”
İ. İsmayıl qeyd etdi ki, son vaxtlar bayırda olan intiharlara öyrəşdiyimiz kimi, həbsxanadakı intiharalara da alışmışıq: “Bilirsiniz ki, keçmiş MTN-in işçilərindən biri özünü öldürdü, onun şahidi də özünü öldürdü. Belə informasiyalar yayıldı. Ona görə də cəmiyyətdə həbsxanadakı intiharlar birmənalı qarşılanmır. O cümlədən Hacı kimi sifarişli qətllər yerinə yetirən bir cinayətkarın intiharı da müəmma yaradır. Təbii, rəsmi xəbər intihardır. İntiharın hansı səbəbdən olacağını hələ ki heç kəs araşdıra bilmir. Yalandan, doğrudan Hacının məktubu çıxarlıa bilər, amma Hacı elə professionaldır ki, ömründə məktub qoyası deyil ki, mənim ölümümə səbəb nə oldu. Hacının danışıqlarını yada salaq. Hacı demişdi ki, “mən osminoqun bir quyruğuyam, o osminoqun çox quyruqları, qolları var, onlar çöldədir”. Görünür, Hacının ölümü osminoqun quyruqlarına lazım imiş”.
“Müəmmanın birini Eldar Mahmudovun həbs olunmamasında, son vaxtlar onun prokurorluğa şağırılmasında, o cümlədən Hacı Məmmədovun ölümündə axtarmaq lazımdır”
“Hacının özünün intihar etməməsi şübhəsi qala bilər. Ancaq heş kəs birmənalı deyə bilməz ki, onu öldürüblər, amma adını intihar qoyublar. Yəni rəsmi xəbər budur ki, intihar edib. Biz də bununla bağlı müəyyən şübhələrimizi bildirə bilərik ki, bu, niyə belə oldu? Onun çox müəmmaları var. Hacının uzun müddət təcridxanda saxlanması bir qanunsuzluq idi. Bu adam istintaq altında saxlanmamalı, cəzacəkmə müəssisəsinə göndərilmliydi. Yalnız MTN ləğv olunandan, Eldar Mahmudov işdən çıxarılandan sonra onu müalicə müəssisinə göndərdilər. Elə müəmmanın birini Eldar Mahmudovun həbs olunmamasında, son vaxtlar onun prokurorluğa şağırılmasında, o cümlədən Hacı Məmmədovun ölümündə axtarmaq lazımdır. Nəsə, dolayısı şeylər çoxdur. Bu, müəmmalı məsələdir. Bunun açılmasının zamana ehtiyac var”, - deyə keçmiş MTN zabiti bildirdi.
“Hakimiyyətin verdiyi hər hansı bir informasiyaya həmişə etibar etmək olmur”
Hüquqşünas Namizəd Səfərov isə bildirdi ki, bu intihar hadisəsinə inanmır: “Ümumiyyətlə, bu hakimiyyətin verdiyi hər hansı bir informasiyaya həmişə etibar etmək olmur. Hacı Məmmədov artıq 12 ildir ki, həbs olunub, lakin həbs yerinə göndərilməyib, Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılırdı. Dəfələrlə ictimaiyyətin tələblərinə baxmayaraq, onu həbs yerinə göndərmirdilər. Bu da həmçinin şübhə yaradan bir amil olub. Xəstəliyi barəsində də heç bir informasiya verilməmişdi. Əslində, hakimiyyət Hacı Məmmədovun xəstəliklərini müalicə etməkdə maraqlı olmalı idi ki, o, ölməsin. Həbs yerində dustaq özünü asırsa, bunun məsuliyyəti bilavasitə həbs yerinin müdiriyyətinin üzərinə düşür. Dustaq nəzarət altına alınmalıdır. Ələlxüsus da cəmiyyətdə belə söz-söhbətə səbəb olan dustağa nəzarət güclü olmalıdır”.
“Hamı bu intihar hadisəsinə şübhə ilə yanaşır”
“Mən şəxsən Hacı Məmmədovun intihar etdiyinə inanmıram. Şübhəli məqamlar var. Birncisi, həbsdə olan şəxsləri tək saxlamırlar. Onların yanında digər dustaqlar da olur. Vərəm dispanseri tibb müəssisəsi hesab olunur. Palatada ondan başqa dustaqlar da saxlanılır. Saxlanma yerinin müdiriyyəti dustaqların saxlanmasına nəzarəti daim təmin etməlidir. İmkan verilməməlidir ki, dustaq intihar etsin. Dustağın həbs yerində intihar etməsi həmişə şübhəli məqamlarla bağlıdır. Ona görə də həbs yerinin müdiriyyəti məlum məsələni diqqət mərkəzində saxlayır. Bu gün Daxili İşlər Naziriyi və Ədliyyə Nazirliyi tərəfindən rəsmi açıqlama verilməyib. Cəmiyyətə də baxıram ki, hamı bu intihar hadisəsinə şübhə ilə yanaşır”, - deyə hüquqşünas vurğuladı./muxalifet.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?