Astara Rayon İcra Hakimiyyətinin internet saytının “Rayon haqqında” bölməsində Astara barədə qəribə məlumat yerləşdirilib.
gundemxeber.az xəbər verir ki, saytda bildirilir: “Astara 1747-ci ildə Talış mahalının paytaxtı olmuş, sonralar Astara hakimi Qaraxan paytaxtı Lənkərana köçürmüşdür. Paytaxt Lənkərana köçürülərkən bir çox mühüm qədim tikinti və memarlıq obyektləri, istehkamları da söküntüyə məruz qalmışdır. Tanınmış fransız alimi, arxeoloqu və səyyahı Jak De Morqan (1856-1934) Astarada olmuş, bu torpağın yeraltı və yerüstü sərvətlərinə heyranlığını gizlətməmiş və Astara haqqında belə yazmışdır: “Astara qədim rus şəhəridir. İranla-Azərbaycan arasında gömrükxana rolunu oynayır, həm də özünün keçmiş xüsüsiyyətlərini saxlayır. İndi isə sadəcə gömrükxanadır”. Məşhur fransiz səyyahı, yazıçısı Aleksandr Düma da Astara haqqında maraqlı məlumatlar vermişdir”. Astaranın rəsmi saytında rayon haqqında bu qədər primitive və bəsit məlumatın verilməsi oxucuda hansı təəssürat oyada bilər? Mövzu ilə bağlı cahanpress -ə açıqlama verən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı deyib ki, bu, tamamilə yalnış fikirdir və tarixi gerçəkliyi əks etdirmir: “Astaraya qədim rus şəhəri demək kobud tarixi və siyasi səhvdir. Bir səyyahın söylədiklərini bölgənin tarixindən xəbər verən məlumat kimi təqdim etmək yanlışdır. Bilirsiniz ki, səyyahlar səfər etdikləri yerlərdə insanlardan eşitdiklərini qələmə alırlar. Jak De Morqanın qarşısına bir erməni çıxsaydı və bura erməni şəhəridir desəydi necə? Biz onu da olduğu kimi dövlət orqanının internet saytında yerləşdirəcəkdik? “İnternet saytlarında ölkəmizin tarixi barədə məlumatlar yerləşdirərkən diqqətli olmaq lazımdır. Çünki həmin məlumatları bizim dostlarımız da oxuyur, düşmənlərimiz də. Ola bilər ki, həmin səyyahın yazdıqları düzgün tərcümə olunmayıb. Bəlkə də Jak De Morqan Astaranı Rusiya şəhəri kimi təqdim edib. Bildiyimiz ki, 19-cu əsrin ortalarında Azərbaycan Rusiyanın tərkibində idi. Jak De Morqanın yazdığı kimi Astaranı qədim rus şəhəri adlandırmaq ya savadsızlığın, ya da tamamilə səhlənkarlığın və məsuliyyətsizliyin nəticəsidir. Azərbaycanın tarixi ilə bağlı məlumatlar hazırlanarkən mütləq tədqiqatçılarla, tarixçi alimlərlə məsləhətləşmək lazımdır. Saytın əməkdaşı bununla bağlı Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova ilə əlaqə saxlayıb. O, İcra Hakimiyyətinin İnformasiya sektoru ilə əlaqə yaratmağı məsləhət bilib. İcra Hakimiyyətinin İnformasiya sektorunun müdiri Səfail Məmmədov isə bunun bir texniki yanlışlıq olduğunu, bu səhvin dərhal aradan qaldırılacağını deyib. Xatırladaq ki, iAstara Rayon İcra Hakimiyyətinin internet saytı neçə illərdir, fəaliyyət göstərir. Bu texniki səhvi isə təəssüf ki, indiyədək rayon rəsmilərindən heç kim görməyib. Bəs, görəsən, bu texniki səhvə görə nə qədər adam yanlış məlumatlandırılıb?/muxalifet.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?