“Pul barəsində deyim ki, pul olacaq. Tikintimiz gedir. Mehman mənə deyir ki, bu gün, sabah, bu gün sabah yaxşı pullar olacaq, Həbibdə də pul olacaq, o da öz ərazisini satır. İndi ilin əvvəlidir, qar yağır. Mən də hər gün Mehmandan soruşuram, biz səndən də çox narahatıq ki, sənə o pulları qaytarmaq lazımdır, heç olmasa hələlik böyük hissəsini qaytarmaq lazımdır. Yəni az qalıb, pul yaxınlarda olacaq, biz də oturub gözləyirik. Müdafiə Nazirliyində naziri ( Səfər Əbiyev) dəyişdilər, işlər çətinləşdi. Yoxsa hər il mən ordan 60 min, 100 min pul götürürdüm (tenderlərlə). Noyabrdan pullar bağlanıb. Sənə belə xırda-para 5-10 min verərdim, amma hələ də düz alınmır. Heç olmasa sənə 100-150 min gərək ən azından hələlik verim. Narahat olma, 2-3 ay gözlə, pul olacaq. Biz bu işin üzərində çalışırıq, pul olmalıdır bizdə” – deputat Elmira Axundova bu sözləri 2013-cü ilin soyuq dekabr günlərində deyib.
gundemxeber.az bildirir ki, həmin söhbətin səs yazısını Fərman Məmmədov Criminal.az saytına təqdim edib.
Pul olacaq dedi, oldu, vermədi…
Bu sözlərin deyilməsindən sonra deputatın mal-mülk siyahısı durmadan artıb, oğlu Həbib Axundovun maşın parkında toplam qiymətləri bir milyon manatı aşan son dərəcə bahalı nəqliyyat vasitələri bir-birini əvəzləyib. Su nəqliyyatına aid skuter və yaxtalar da peyda olub. Yəni deputatın bu sözlərindən sonra onun ailə büdcəsi sadə ölümlülərin xəyal etdikləri qədər artıb, heç vaxt olmadığı qədər çoxlu pulu olub. Amma Elmira Axundova 2013-cü ilin sonlarında dediyi kimi pullar ödənməyib. Bu gün də deputatın oğlu Həbib Axundovla onun ailə dostu Elnur İbrahimovun şəriklik etdiyi şirkətə pul yatıran zərərçəkənlər hüquq mühafizə orqanlarının qapılarını döyməkdədirlər. İstədikləri də odur ki, pulları qaytarılsın. Zərərçəkənlərin arasında Fərman Məmmədov da var. Mətbuata açıqlamalarında Fərman Məmmədov Elmira Axundovanı neçə illərdir tanıdığını və ailəvi münasibətlərinin olduğunu bildirib.
“Həbib dedi ki, Elnurla şərikli biznes qurub və ona müəyyən miqdarda pul lazımdır”
Amma nə vaxtsa onlar tərəfindən aldadılacağını ağlına belə gətirmədiyini vurğulayıb.
“Biz Elmira Axundova ilə dostluq münasibəti yaradanda oğlu Həbibin hələ 5 yaşı var idi. Onun övladı mənim qucağımda böyüyüb. Mən onları heç vaxt öz doğmalarımdan ayırmamışam, heç vaxt istəməmişəm ki, nəsə problemləri olsun. 2005-ci ildə o, 71 saylı Masallı Seçki Dairəsindən namizədliyini irəli sürdü. Həmin vaxt millət vəkilinin səlahiyyətli nümayəndəsi idim. Bu dairədə seçki çox gərgin keçsə də, o, deputat seçildi. Növbəti parlament seçkilərində, yəni 2010-cu ildə də onun səlahiyyətli nümayəndəsi oldum. Həbib Axundov bir neçə dəfə məndən borc pul götürüb qaytarırdı. Bir müddət sonra onlar “Favorit” marketlər şəbəkəsini açdılar. “6-ci paralel”də və şəhərin digər yerlərindəki bu marketlər millət vəkilinə məxsusdur. Onların Elnur adlı ailəvi dostu var idi. Bu şəxs dəfələrlə Milli Məclis üzvünün evinə gəlib-gedirdi. Günlərin birində Həbib mənə dedi ki, Elnurla şərikli biznes qurub və ona müəyyən miqdarda pul lazımdır. Dediyinə görə, xaricdən kartric, ofis ləvazimatları vururdular. Amma bu deyilənlər fırıldaq imiş. Çünki onlar kartric biznesi adı altında neçə-neçə insanın pulunu alıb yeyiblər. Deputatın oğlu həmçinin mənə anasının Milli Məclisin, Apelyasiya Məhkəməsinin tenderlərini udduğunu və həmin dövlət qurumlarına kartriclər, ofis ləvazimatları verdiyini demişdi. Həbib Axundov məndən borca pul istədi, dedi ki, pula görə cavabdehəm, vaxtında qaytaracam. Ailəvi dost idik, ondan belə bir hərəkət gözləməzdim. Yəni ağlıma belə gəlməzdi ki, dünənki uşaq mənə pul atar. 2012-ci ildən bu proses başlandı. Elmira xanım oğlunun gördüyü işlə fəxr edirdi. Hətta bir dəfə deputat öz rəfiqələrindən oğluna biznesini genişləndirməsi üçün pul verməyi tələb edirdi. Buna uyğun olaraq deputatın bəzi rəfiqələri də Həbibə pul verdi” – Fərman Məmmədov bu sözləri 2015-ci ildə “Yeni Müsavat” qəzetinə demişdi.
“Mən 575 min manatı Həbib Axundova vermişəm”
Bildirmişdi ki, millət vəkilinin oğlu ondan üst-üstə 575 min manat pul alıb: “Əksər hallarda həmin pulları qaytara bilmirdi. Nəhayətdə borc yığılıb bu qədər oldu. 2013-cü ildə millət vəkilinin oğlu mənə zəng vurdu və görüşmək istədiyi bildirdi. Onunla görüşdüm, özündə deyildi və əsəbi görünürdü. Pis olmağının səbəbini soruşanda piramidaya düşdüyünü və pulların Elnur tərəfindən mənimsənildiyini söylədi. Halbuki, bu məsələdə ən böyük günahkar elə parlament nümayəndəsinin oğlu idi. Elnura bir neçə dəfə zəng vursam da, cavab vermədi. Həbibdən pullarımı geri tələb etdim. 2013-cü ilin mayında o məni arxayın saldı və işlərin düzələcəyini vurğuladı. Deputatın oğlu məni qızının ad gününə, Şüvəlandakı bağına dəvət etdi. Elmira xanım məni orda görəndə təəccübləndi, “Sənin burda nə işin var” deyib qaşqabaq tökdü. Həmin axşam Elnur da ora gəldi. Həbib məni qırağa çəkib söhbət etməyə başladı. Maşina əyləşib QRES deyilən yerə getdik. O Elnurla mübahisə etməyə başladı. Elə həmin vaxt Elmira Axundova Həbibə zəng vurdu. Həbib isə anasına monopolistlərlə söhbət etdiyini dedi. Bundan dəhşətə gəldim. Elnurla Həbibin arasında dava düşdü. Deputatın oğlundan dava salmamasını tələb etdim. O isə qayıtdı ki, əgər dava etməyimi istəmirsənsə, puldan əlini üz. Hələ də nəyin baş verdiyini anlamırdım. Mən 575 min manatı Həbib Axundova vermişəm. Bunun müqabilində millət vəkilinin oğlu bütün müddətdə mənə 125 min manat verib. Ona verdiyim pulları başqa-başqa adamlardan borc almışdım. Bu gün borc aldığım insanların üzünə baxa bilmirəm, onlar pulunu geri istəyir. 2013-cü ilin mayında Elmira Axundova mənə zəng vurub Masallıda bir qohumunun problemi olduğunu dedi. Deputatın özünün bildirdiyinə görə, kartric biznesinə 80 min manat pul qoyub. Məndən soruşdu ki, Həbibin girişdiyi biznes ona gəlir gətirə bilər, ya yox. Açığı onun sualları mənə çatmırdı. May ayında oğul Axundova verdiyim məbləğ 475 min manata çatdı. Sonradan başa düşdüm ki, bu şəxslər əlbir olaraq pulumu mənimsəyiblər. Həbib Axundov notariusun kağızlarını mənə göstərmişdi. Orda Elnura 750 və 150 min manat verdiyi qeyd olunurdu”.
“Anam Əfv Komissiyasının üzvüdür, səni “yarım srok”a həbsdən çıxaracaq”
Fərman Məmmədovun sözlərinə görə, külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunan Elnur İbrahimov aradan bir müddət ötəndən sonra deputatın bağ evinə gətirilib: “Mən də ora getdim. Orada təxminən 50-yə yaxın adam var idi. Sən demə, onların da pulu mənimsənilib. Elnur oyun qurduğunu boynuna aldı. Həbib telefonla kiməsə zəng vurub tanış polis lazım olduğunu söylədi. Bir neçə dəqiqədən sonra deputatın oğlu Yasamal Rayon Polis İdarəsində kiməsə zəng vurdu və Elnuru ora gətirəcəyini dedi. Elnur bizim maşında getdi. Yolda mən tanış vəkillə danışıb bu cür dələduzluğun cəzasının nə olduğunu soruşdum. Vəkil isə belə işlərə görə 12 il həbs cəzasının nəzərdə tutulduğunu bildirdi. Bunu eşidən Elnur ağlamağa başladı. Həbib isə ona təsəlli verərək “Narahat olma, anam Əfv Komissiyasının üzvüdür, səni “yarım srok”a həbsdən çıxaracaq. Sadəcə, pulları tək yediyini boynuna al. Kişi kimi söz verirəm ki, sənin ailənə hər ay 500 manat pul göndərəcəm” deyirdi. Yasamal Rayon Polis İdarəsinə gəldik. İdarənin qabağında adam əlindən tərpənmək olmurdu. Hamısı Elnur və Həbib tərəfindən aldadılan insanlar idi. Təxminən bu işdə 7-8 milyon manatlıq dələduzluqdan söhbət gedir”.
“Pul yoxdursa, deputatın var-mülkü necə artır?”
Hazırda məsələ üzrə iş Bakı Şəhər Baş Polis İdarəsində araşdırılır. H.Axundovla bağlı yayılan məlumatlarda onun krallara layiq istirahət etdiyi vurğulanır, bildirilir ki, 2014-cü il avqust ayının 31-də deputatın oğlunun sorağı Dubayın “Burj Al Arab Jumeirah Beach” istirahət mərkəzindən gəlib. O yaxını Kənan Cəlilovla birlikdə Dubayda bir neçə gün canına necə deyərlər, qulluq edib. Məmur övladının baş çəkdiyi xarici şəhərlərdən biri də London olub. Məlumatlarda deyilir ki, xanım millət vəkilinin oğlu Dubaya, Londona, İstanbula hər dəfə səyahət edəndə 30-40 min dollar civarında pul xərcləyib. Deputat oğlunun bir müddət əvvəl sosial şəbəkələrdə paylaşdığı şəkillərdə onun Az 10 HH 111 dövlət nömrə nişanlı “Porsche Cayenne GTS”, “Porsche Panamera”, 90 XX 111 nömrəli “Jeep Wrangler”, 90 RR 111 dövlət nömrə nişanlı maşınlarının olduğu aydın şəkildə görünür. Həmin avtomobillərin xüsusi sifarişlə gətirildiyi vurğulanır. Bundan başqa, Həbib Axundovun vaxtının çox hissəsini əyləncəyə, o cümlədən Bakıdakı bahalı məkanlarda, məsələn, “Badam”da keçirməyə həsr etdiyi yayılan məlumatlar arasındadır.
Və bütün bahalı istirahət, cürbəcür maşınlar, şəhərin bahalı rayonlarında evlər 2013-cü ilin dekabrından sonra alınıb. Yəni deputat ona inanıb oğlunun, onun ailə dostu Elnur İbrahimovun psevdoşirkətinə pul yatıranlara “pullar qaytarılacaq” vədini verəndən sonra alınıb.
2013-cü ildən sonra Elnur İbrahimov ölkədən qaçırılıb, iş üzrə zərərçəkənlərin hüquq mühafizə orqanlarına israrlı şikayətlərindən sonra bu ilin noyabrında Rusiya paytaxtında tutularaq istintaqa təhvil verilib. İş üzrə Bakı Şəhər Baş Polis İdarəsində müstəntiq Ramil Məhərrəmovun icraatında Elnur İbrahimovun işi üzrə istintaq davam edir. Hazırda zərərçəkənlərin dindirilməsi mərhələsidir. İstintaq davam edir. Belə məlumatlar da var ki, həbsdə olan Elnur İbrahimov cəza aldıqdan sonrakı 2-3 il ərzində əfv fərmanı ilə azadlığa çıxacağını da gizlətmir.
Məsələ ilə bağlı E.Axundova ilə əlaqə saxladıq. Milət vəkili sualımızı dinlədi, ''mən danışmaq istəmirəm'' deyib dəstəyi asdı.
Daha sonra millət vəkilinin oğlu Həbəb Axundov redaksiyamıza zəng edərək anasını narahat etməkdə ittiham etdi. Bildirdi ki, sözügedən dələduzluq işi ilə bağlı Bakı Şəhər Baş polis İdarəsində istintaq aparılır. Dələduzluqda ittiham olunan Elnur İbrahimov tutulub, artıq izahat da verib. ''Siz Qorotdeldən maraqlanın görün bu işdə kimin əli var, Fərman kimdi, biz kimik... Fərman Məmmədovun bu işdə tam başqa fikri, planları var. Mən əvvəllər tələb etmişəm pulumu, sonradan başa düşmüşəm ki, pullar artıq yoxdu. Belə boş şeylərlə məşğul olmağa vaxtım yoxdu. Siz Fərman Məmmədovdan niyə soruşmursunuz ki, niyə Həbib Axundovu məhkəməyə, polisə vermirsən? Niyə orqanlara müraciət etmir, qəzetlərə müraciət edir? Niyə indiyə kimi şikayəti olmayıb rəsmi qaydada?''-deyə H.Axundov qeyd etdi. H.Axundov sonda dedi ki, F.Məmmədovla şəxsi yazışmalarımızı əldə edib: ''Fərman Məmmədovla yazışmanızı görmüşəm. Nə yazışdığınızı isə yaxın vaxtlarda görəcəksiniz...''/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?