Ağdaş rayonunda sürücünün yol polisi əməkdaşları ilə mübahisədən sonra özünü yandırması hadisəsinin bəzi detalları məlum olub.
gundemxeber.az-un Lent.az-a istinadla əldə etdiyi məlumata görə, Ağdaşın mərkəzi bazarının qarşısında Xosrov kənd sakini, 1983-cü il təvəllüdlü Söhbətov Həsənağa Böyükağa oğlu ilə Ağdaş rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşları arasında mübahisə yaranıb. Səbəb isə H.Söhbətovun 10 LS 956 dövlət nömrə nişanlı “VAZ 2105” markalı minik avtomobilini mülkiyyət hüququ olmadan etibarnaməsiz idarə etməsi olub. Belə ki, avtomobilin əvvəlki sahibi Mikayıl Hüseynovun banka 1660 manat borcu olduğu üçün nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə Ağdaş rayon Məhkəməsi qərar qəbul edib. Yol polisi əməkdaşları da məhkəmə qərarı əsasında maşını Ağdaş rayon Polis Şöbəsinə aparmaq istəyib.
H.Söhbətov yeni aldığı avtomobillə qayda pozduğuna görə bu günlərdə 109 manat cərimə ödədiyini, nəqliyyat vasitəsinin əvvəlki sahibinin banka borcu olmasına görə məsuliyyət daşımadığını əsas gətirərək, polis əməkdaşlarına müqavimət göstərib. O, ailəsini dolandırmaq üçün taksi fəaliyyəti ilə məşğul olduğunu və nəqliyyat vasitəsinin əlindən alınaraq polis şöbəsinə aparılmasına qarşı çıxıb və mübahisə zamanı avtobildəki şüşə qabdan benzini götürərək başına töküb. 35 yaşlı sürücü polis əməkdaşlarının gözü qarşısında özünə od vuraraq yandırıb.
Baş, üz və əlləri yanan sürücü yaxınlıqdakı insanların və polis əməkdaşlarının köməkliyi ilə xəstəxanaya aparılıb.
Ağdaş rayon Mərkəzi Xəstəxanasından Lent.az-a bildirilib ki, hazırda intihara cəhd edən şəxsin həyatı üçün təhlükə yoxdur. Lakin o, bu hadisənin izlərini ömür boyu daşımalı olacaq. Belə ki, H.Söhbətovun bədəninin 20 faizdən çoxdu ağır dərəcədə yanıb. Onun üz nahiyəsi tamamilə yanıb.
*****
15 yanvar
Bu gün günorta saatlarında Ağdaş rayonunda intihara cəhd olub. Lent.az xəbər verir ki, Ağdaş şəhərinin Heydər Əliyev prospektində yerləşən mərkəzi bazarın qarşısında Xosrov kənd sakini, 1983-cü il təvəllüdlü Söhbətov Həsənağa Böyükağa oğlu üzərinə benzin tökərək özünü yandırıb.
O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisə şahidləri bildiriblər ki, Həsənağa Söhbətov yol polisi əməkdaşları ilə mübahisə edəndən sonra özünü yandırıb. Belə ki, yol polisi əməkdaşı onun barəsində cərimə protokolu yazıb. Bundan sonra mübahisə daha da böyüyüb və polis əməkdaşları H.Söhbətovu şöbəyə aparmaq istəyib. Bununla razılaşmayan 35 yaşlı kişi özündən çıxıb və əsəbi halda üstünə benzin tökərək özünü yandırıb. Faktla bağlı araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?